9 Yanvar 2021 17:13
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər dünyanın aparıcı kriptovalyutası birkoinin dəyəri psixoloji həddi keçir. Həftə ərzində bitkoinin dəyəri 41 min dolları ötüb. Rəqəmsal valyutaların ümumi bazar həcmi isə 1 trilyon dolları keçib.

Adətən bazarda hər hansı bir əmtəənin qiyməti artanda digər ənənəvi investisiya aktivləri zərər görür. Maraqlıdır, bitkoinin dəyər qazanması qızıl üçün təhlükə yaradırmı?

İqtisadçı-ekspert Xalid Kərimli Teleqraf.com-a bildirib ki, son günlər bitkoinin dünya bazarında sürətli artımının bir çox səbəbləri var: “Bu səbəblərdən bəziləri sırf bitkoinin mahiyyəti ilə izah olunsa da, bəziləri də günümüzün reallığından formalaşır. Milli valyutalardan fərqli olaraq bitkoinin maksimum 21 milyon ədəd buraxıla bilməsi bu alətin dəyərli qalacağına dair ümumi gözlənti formalaşdırır.

Sual yarana bilər ki, bu bilgi onsuz da həmişə olub, bəs indi niyə bitkoinin qiyməti durmadan artır? Bunu belə izah etmək olar. Bitkoinə qarşı artıq daha güclü maliyyə imkanlarına malik institutsional alıcılar tərəfindən tələb artıb. İnstitutsional alıcıların davranışı bütün bazar üçün nüfuzlu hesab olunduğuna görə digər investorlar da bu trendə qoşulub. “Mogran Stanley”, “JP Morgan Chase” kimi şirkətlər bitkoinin qiymətinin artacağına dair proqnozlarını yeniləmişdi.

“Square”, “Paypa” kimi məşhur ödəniş platformalarının bitkoinin ödəniş vasitəsi kimi təsdiq etməsi və ticarəti üçün əlverişli şəraiti yaratması bu alətin son dövrlər bahalaşmasının əsas səbəblərindən biridir.

Fərdi investorların institutsional investorları izləməsi aydın məsələdir. Xüsusən də uzunmüddətli gələcəkdə bitkoinin 150 000 dollara qədər bahalaşacağına dair ciddi investisiya banklarının proqnozları fərdi investorların bitkoinə ciddi vəsait yatırtmasına səbəb olub”.

Analitik qeyd edib ki, Amerika Mərkəzi Bankının ucuz pul siyasəti nəticəsində dollar dəyərini itirir: “Bitkoinin qiyməti dollarla ifadə olunduğuna görə dolların ucuzlaşması kriptovalyutanın dəyərini artırır. İnflyasiyanın artacağı gözləntisi də hedcinq aləti kimi bitkoini investorlar üçün cəlbedilici edir.

Lakin nəzərə almaq lazımdır ki, bitkoin olduqca volatil və riskli alətdir. Yaxın keçmişdə bitkoinin dəyərinin dəfələrlə düşməsinə şahidlik etmişik. Bu risk aradan qalxmayıb və yaxın gələcəkdə də qiymətin korreksiyası gözləniləndir”.

Rəqəmsal valyutanın qızılı əvəz etməsinə gəlincə, Xalid Kərimli bunu gözləmədiyini deyib: “Bitkoinin populyarlığının artmasına baxmayaraq, onun qızıl və ənənəvi olan digər investisiya alətlərini əvəz edəcəyini gözləmirəm. Qızılın bazar likvidliyi, etibarlı aktiv kimi özünü tam təsdiq etməsi, dəyərini qoruması, volatilliyin nisbətən az olması və proqnozlaşdırılan olması onun yaxın gələcəkdə də investisiya aləti kimi qalacağını düşünməyə imkan verir”.


Müəllif: Yeganə Oqtayqızı