2021-ci ildə yeni növ koronavirus (COVID-19) epidemiyasının ikinci dalğasından təsirlənən Avrozona iqtisadiyyatı bərpa olunsa da, proses bir neçə ay əvvəl gözləniləndən daha yavaş olacaq.
Teleqraf.com xəbər verir ki, proqnoz Avropa Mərkəzi Bankının Peşəkar Proqnozçular Sorğusunun (ECB) iştirakçılarının qiymətləndirməsində yer alıb.
Araşdırmanın nəticələrinə görə, Avrozonada illik uyğunlaşdırılan inflyasiya gözləntisi 2021-ci ilin birinci rübündə 0,9 faiz, 2022-ci ildə 1,3 faiz, 2023-cü ildə isə 1,5 faiz olacaq.
Keçən ilin son rübünün sorğu nəticələri ilə müqayisədə birinci rüb üçün inflyasiya proqnozu bu il və gələn il üçün dəyişməz qalıb. Sorğudakı orta uzunmüddətli inflyasiya proqnozları 1,7 faiz səviyyəsində dəyişməzdir.
Avrozonada ümum daxili məhsulun (ÜDM) həcmi 2021-ci ildə 4,4 faiz, 2022-ci ildə 3,7 faiz və 2023-cü ildə isə 1,9 faiz olacağı proqnozlaşdırılır. Əvvəlki rüblə müqayisədə 2021-ci ildə böyümə proqnozunda 0,9 bənd aşağıya doğru düzəliş olunub, gələn ilin proqnozunda isə 1,1 bənd yuxarıya doğru dəyişiklik müşahidə edilib. Orta uzunmüddətli ÜDM-in artım proqnozu dəyişməyərək 1,4 faiz səviyyəsində qalıb.
Orta işsizlik nisbəti təxminləri 2021-ci ildə 0,2 pillə azalaraq 8,9 faiz, 2022-ci ildə isə müvafiq olaraq 0,1 pillə azalaraq 8,3 faiz səviyyəsinə endirilib. 2023-cü ildə işsizlik səviyyəsinin 7,8 faizə enəcəyi gözlənilir. Uzunmüddətli işsizlik proqnozu 0,2 bənd azalaraq 7,4 faiz səviyyəsinə endirilib.
Qeyd edək ki, ECB-nin apardığı araşdırmada 66 mütəxəssis iştirak edib.