24 Mart 2021 12:38
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı (BMT), Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Qida Proqramı (WFP) təcili yardım göstərilmədiyi təqdirdə yaxın aylarda 20-dən çox ölkədə kəskin aclığın artacağı barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, iki BMT təşkilatı tərəfindən yayımlanan "Aclıqda önə çıxan məqamlar" adlı ortaq hesabatda Yəmən, Cənubi Sudan və Nigeriyanın şimalının kəskin aclıqla üz-üzə qaldığı qeyd olunub.

Əsasən Yəmən və Cənubi Sudandakı ailələrin aclıq və ölüm riski ilə üzləşəcəyi bildirilir. Hesabatda Afrika ölkələrinin, Asiyada Əfqanıstan, Orta Şərqdə Suriya və Livan, Latın Amerikası və Karib dənizindən Haitiyə qədər dünyanın bir çox yerində kəskin aclığın sürətlə artacağı deyilir.

FAO-nun Baş Direktoru Qu Donqyu bildirib ki, aclığın böyüklüyü həyəcanvericidir: “İnsanları xilas etmək, dolanışıqlarını qorumaq və ən pis vəziyyətin qarşısını almaq üçün dərhal hərəkətə keçmək hamımızın borcudur".

WFP-in icraçı direktoru David Beasley isə bildirib ki, gözlərimizin önündə böyük bir fəlakət görürük: “Münaqişələr, iqlim şokları və yeni növ koronavirus (COVID-19) epidemiyasının səbəb olduğu aclıq milyonlarla ailənin qapısını döyür. Bu insanların acından ölməməsi üçün təcili olaraq üç şeyə ehtiyac var. Müharibə sona çatmalı, zəif toplumlara həyat qurtaran yardım göstərmək üçün bizə giriş icazəsi verilməlidir və hər şeydən əvvəl bu il ərzində 5.5 milyard dollar təmin etmək üçün donorlara ehtiyacımız var".

Sözügedən hesabatda münaqişə və COVID-19 epidemiyasının qida təhlükəsizliyini təsir edən əsas amillərdən biri olduğu bildirilir. Mart-iyul aylarında 20-dən çox bölgədə kəskin qida təhlükəsizliyi artacaq. Sudandakı qarşıdurma səbəbiylə Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Mərkəzi Sahel, Efiopiya, Nigeriya, Şimali Mozambik, Somali, Cənubi Sudan bu vəziyyətin kritik hal ala biləcəyi də ifadə edilib.


Müəllif: Yeganə Oqtayqızı