“Karbohidrogen ehtiyatları ixracatının azalması və karbon azaltma proqramları sayəsində Rusiya 2050-ci ilə qədər 4 trilyon dollarlıq ixracat itirə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu "Sberbank”ın sədri German Qref Sankt-Peterburqda keçirilən Beynəlxalq Maliyyə Konqresində deyib.
Qref qlobal istiləşməni azaltmaq üçün atılacaq addımların Rusiyadan yan keçməyəcəyinə diqqət çəkib: “Qlobal istiləşməni məhdudlaşdırmaq üçün nəhəng investisiyalar yatırılmalıdır. Mövcud inkişaf planı ilə Rusiya texnologiyada geridə qalacaq və rəqabət qabiliyyətini itirəcək. Rusiyanın “Ural” markalı neftinin qiyməti 2050-ci ildə orta hesabla 26 dollar/barrelə enə bilər. Təbii qaz qiymətlərinin isə yarıdan aşağı düşəcəyini gözləyirik”.
Dünyanın ən böyük neft-qaz istehsalçılarından biri olan Rusiyanın bu mənbələrin ixracından əldə etdiyi gəlir federal büdcənin təxminən 40%-I təşkil edir.
Rusiyanın neft ixracatı gəlirləri 2020-ci ildə bir əvvəlki ilə görə 40,8% azalaraq 72,3 milyard dollar olub.