4 Noyabr 2014 21:35
2 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya üzrə inkişaf meyilləri də nəzərə alınmaqla ortamüddətli dövrdə ölkədə makroiqtisadi sabitlik qorunacaq. 2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bu gün Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təhlükəsizlik və müdafiə, Təbii Ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2015-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələri layihələrinin, iqtisadi və sosial inkişaf konsepsiyasının müzakirəsi zamanı deyib.

Müzakirələtin yekunu üzrə sənədlərə Milli Məclisin plenar iclasında baxılması tövsiyə olunub.

Onun sözlərinə görə, konsepsiya və proqnoz göstəriciləri hazırlanarkən dünya iqtisadiyyatının inkişaf meyilləri, ölkənin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin təhlili, ortamüddətli dövrdə iqtisadi və sosial siyasətin prioritet istiqamətləri, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəfləri və icra edilməkdə olan dövlət proqramları nəzərə alınıb: "Konsepsiyanın əsas məqsədi iqtisadiyyatın davamlı inkişafına və əhalinin layiqli həyat səviyyəsinə nail olmaqdan ibarətdir. Bu məqsədlərə çatmaq üçün 2015-2018-ci illər ərzində makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşdirilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və ölkənin ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin davamlılığı kimi prioritet vəzifələr müəyyən edilib".

S.Həsənova qeyd edib ki, beynəlxalq təşkilatların məlumatına əsasən dünya üzrə iqtisadi artım növbəti illərdə bir qədər yüksələcək. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən dünya iqtisadiyyatının artım tempinin 2014-cü ildə 3,3 faiz, 2015-ci ildə isə 3,8 faiz təşkil edəcəyi gözlənilir.

Onun sözlərinə əsasən, dünya üzrə inkişaf meyilləri də nəzərə alınmaqla ortamüddətli dövrdə ölkədə makroiqtisadi sabitlik qorunacaq: "Son illərdə yaradılmış güclü iqtisadi potensiala əsaslanaraq, 2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Belə ki, qeyri-neft sektorunun 2015-ci ildə 8,2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Bu da “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri olan qeyri-neft sektorunun inkişafı göstəricisinin təmin olunması ilə nəticələnəcək".

S.Həsənova deyib ki, neft sektorunda gələn il hasilat 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır: "Əsrin müqaviləsi" öz bəhrəsini göstərməyə davam edəcək. Eyni zamanda, təməli qoyulmuş Cənub Qaz Dəhlizi də ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə töhfəsini verəcək, Azərbaycana əlavə dividendlər gətirəcək".

O, əlavə edib ki, neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilib və neftin 1 barelinin qiyməti gələn və növbəti 3 il üçün 90 ABŞ dolları qəbul edilib: "Növbəti il üçün manatın məzənnəsi stabil olaraq qəbul edilib. İnflyasiya tempi pul siyasətinin hədəfinə uyğun olaraq birrəqəmli səviyyədə saxlanılmaqla 2,3% proqnozlaşdırılıb. Növbəti illərdə məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verməklə, qeyri-neft sektorunun artımına münbit şərait yaradacaq və onun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 66,0%-dən 2018-ci ildə 71,3%-ə çatacaq. Qeyri-neft sektorunun və qeyri-neft ixracının lokomotivlərindən biri olan qeyri-neft sənayesinin inkişafının ortamüddətli dövrdə də davam etdirilməsi nəzərdə tutulur. Belə ki, bütövlükdə qeyri-neft sənayesi üzrə 2015-ci ildə 7,6%, növbəti üç ildə isə orta hesabla 7,8% artıma nail olunacağı proqnozlaşdırılır".

Nazir müavininin sözlərinə görə, ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində sənayenin inkişafına dövlət dəstəyi tədbirləri yeni istehsal sahələrinin yaranmasına və rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək: "Prezidentin apardığı sənayeləşmə siyasətinin nəticəsi olaraq, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkına investorların cəlb edilməsi, eləcə də yeni sənaye parklarının və sənaye məhəllələrinin yaradılması istiqamətində işlərin davam etdirilməsi qeyri-neft sektorunun daha da genişlənməsinə əlverişli zəmin yaradır".

O, qeyd edib ki, tikinti materiallarının istehsalında 2015-2018-ci illərdə orta hesabla 7,1% artım proqnozlaşdırılır: "Sement istehsalı üzrə istehsal güclərinin artırılması, eləcə də yeni yaradılmış sement zavodlarının tam gücü ilə fəaliyyət göstərməsi ölkədə sementə olan tələbatın bütövlükdə daxili istehsal hesabına ödənilməsinə imkan yaradacaq. Metallurgiya sənayesi üzrə Gəncə və Daşkəsən ərazisində polad istehsalı kompleksinin yaradılması nəzərdə tutulur. Ümumilikdə 2015-2018-ci illərdə metallurgiya sənayesində orta illik artım tempinin 10,9% olacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 2015-ci ildə 3,5%, növbəti 3 ildə orta hesabla 3,6% artım proqnozlaşdırılır.

S.Həsənova əlavə edib ki, xidmətlər sektorunda artım 2015-ci ildə 8,1%, növbəti üç ildə isə orta hesabla 8,0% təşkil edəcək: "Bu sektorun ÜDM-də payının 2013-cü ildə 30,2%-dən 2018-ci ildə 38,6%-ə qədər artacağı proqnozlaşdırılır ki, bu da iqtisadiyyatın sahəvi strukturunun daha da təkmilləşəcəyini göstərir. Ölkədə turizm sənayesinin inkişaf etdirilməsi və turizm xidmətlərinin daha da genişlənməsi, regionlarda və Bakıda yeni müasir standartlara uyğun mehmanxanaların, 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi həm Azərbaycanın beynəlxalq arenada tanınması, həm də turizm xidmətlərindən əldə olunan gəlirlərin artımına səbəb olacaq, bunun da nəticəsində 2015-2018-ci illər ərzində turizm sektoru orta hesabla 23,5% artacaq. Ticarətdə 2015-ci ildə 12,5%, növbəti üç ildə isə 10,6% orta illik artım proqnozlaşdırılır".

Onun sözlərinə görə, informasiya və rabitə sektorunun dinamik artımı davam edəcək: "Belə ki, 2015-ci ildə bu sahədə 12,1%, növbəti 3 ildə orta illik 12% artım gözlənilir. İKT sahəsində Azərbaycanın yeni telekommunikasiya və aşağı orbitli müşahidə peyklərinin orbitə çıxarılması, yaradılmış yüksək texnologiyalar parkında elmtutumlu və nanotexnologiya məhsullarının buraxılması, kosmik sənayenin inkişafı, elektron xidmətlərin və internet trafikinin genişləndirilməsi yeni imkanlar yaradacaq".

Nazir müavini vurğulayıb ki, nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin reallaşdırılması, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TRASEKA və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində avtomobil yollarının tikintisi və yenidənqurulması, yeni metro stansiyaları və beynəlxalq hava limanlarının istifadəyə verilməsi ortamüddətli dövrdə nəqliyyat sektorunun artımını sürətləndirəcək: "Belə ki, gələn ildə bu sahədə 7,5%, növbəti 3 ildə isə orta illik 7,6% artım gözlənilir".

Onun sözlərinə əsasən, sosial və digər xidmətlərdə 2015-ci ildə 3%, növbəti 3 ildə orta illik 3,1% artım proqnozlaşdırılır: "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında da qeyd olunduğu kimi, əsasən ixrac yönümlü iqtisadi model əsas götürülərək, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi məqsədilə xarici ticarətdə daha əlverişli şəraitin təmin edilməsi, bu məhsulların potensial bazarı olan ölkələrdə ixrac imkanlarının və sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçiriləcək. Belə ki, qeyri-neft ixracı 2015-ci ildə 24,7%, sonrakı 3 ildə isə orta hesabla 24,1% artacaq".

S.Həsənova bildirib ki, xarici ticarətin müsbət saldosunun 2015-2018-ci illər ərzində orta hesabla 16,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır: "Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyə balansı üzrə müsbət meyllərin növbəti illərdə də davam edəcəyi gözlənilir. Ortamüddətli dövrdə ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirən əsas amillərdən biri də investisiyalar olacaq. Yaradılmış münbit investisiya mühiti nəzərə alınaraq 2015-2018-ci illər ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldiləcək vəsaitin 79,4 milyard manat olacağı proqnozlaşdırılır".

Nazir müavini əlavə edib ki, gələn il investisiya qoyuluşlarının 5% artaraq 19,8 milyard manat, növbəti 3 ildə isə 59,6 milyard manat olacağı proqnozlaşdırılır. Xarici investisiyaların gələn il 5,4 milyard manat olmaqla növbəti 3 ildə 15,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır: "Gələn il neft sektoruna 5,8 milyard, qeyri-neft sektoruna isə 14 milyard manat investisiya yatırılacağı gözlənilir. Təqdim olunmuş Dövlət İnvestisiya Proqramının layihəsində əsasən icrası davam edən layihələrin başa çatdırılması prioritet olmaqla, infrastruktur, o cümlədən nəqliyyat, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, eləcə də sosial yönümlü layihələrə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin təmiri və tikintisinə, əlil və şəhid ailələri üçün yaşayış evlərinin tikintisinə, qaçqınlar və məcburi köçkünlərin sosial-yaşayış şəraitinin yaxşılaşdırılmasına və digər sosial layihələrə əvvəlki illərdə olduğu kimi üstünlük verilib".

Onun sözlərinə görə, 2015-2018-ci illər ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 27,8 mlrd. manat həcmində investisiya qoyulması proqnozlaşdırılır: "Proqram çərçivəsində infrastruktur layihələrinin icrasına 19,2 mlrd. manat, o cümlədən energetika və sənaye layihələrinə 4,4 mlrd. manat, nəqliyyat sektoruna 7,8 mlrd. manat, kommunal infrastruktur layihələrinə 5,5 mlrd. manat, su ehtiyatları və irriqasiya layihələrinə 0,9 mlrd. manat, eləcə də sosialyönümlü layihələrə 5,4 mlrd. manat vəsait ayrılması proqnozlaşdırılır. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət öz müsbət nəticələrini sosial sahələrin dinamikasında da büruzə verir. 2015-ci ildə orta aylıq əmək haqqının 4,8% artaraq 485.5 manata, 2018-ci ilə qədər isə 589,3 manata çatacağı proqnozlaşdırılır".

Bundan başqa, 2015-cü ildə yaşayış minimumu 131 manat, 2018-ci ildə 142,6 manat təşkil edəcək. Yaşayış minimumunun artması ilə əmək haqqının da artırılması proqnozlaşdırılır ki, bu da İnkişaf Konsepsiyasında minimum sosial standartların artırılması siyasətinə uyğun olaraq aparılacaq.


Müəllif: