30 Sentyabr 2021 11:03
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatına 8 faiz və ya 5 milyard manatdan artıq yeni dəyər formalaşdırcağı gözlənilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat Füzuli Beynəlxalq Hava Limanında tamamlanma işlərinin aparıldığını deyib: “Bu ilin may ayında inşasına başlanılan hava limanının sentyabrda təyyarələri qəbul edəcəyi bəlkə də bir arzu kimi görünürdü. Amma cəmi 9 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edildi və artıq uçuşları qəbul edə bilir. Füzuli aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Prezident İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrinin daha genişləndirilməsinə imkan verəcək.

Bu, Qarabağın Azərbaycana iqtisadi reinteqrasiyası baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.


Müəllif: Yeganə Oqtayqızı