“Azərxalça” ASC Dövlət Gömrük Komitəsi əməkdaşları üçün “QR kod və onun istifadə qaydaları” adlı təlim təşkil edib.
Bu barədə Teleqraf.com-a “Azərxalça” ASC-dən məlumat verilib.
Təlim “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" nın icrasını təmin etmək, bu sahədə gömrük orqanları əməkdaşlarının peşə və ixtisas biliklərini artırmaq məqsədilə keçirilir.
Təlim və qurulan qarşılıqlı əməkdaşlıq Dövlət Proqramının həyata keçirilməsində bütün qurumlarla yanaşı Dövlət Gömrük Komitəsinin üzərinə düşən məsuliyyətin nə dərəcə vacib olduğunu ortaya çıxarır.
Təlimin məqsədi gömrükçülərin xalça və digər toxuma məmulatları haqqında bilgilərini artırmaq, sərhədkeçmə prosesində gömrük işinin daha səmərəli və sürətli şəkildə reallaşdırılmasına nail olmaq, həmçinin “Azərxalça”nın QR kodlu xalçaları ilə iş prinsipləri, istifadə qaydaları kimi məsələləri iştirakçılara çatdırmaqdır.
4 gün davam edəcək təlimin ilk günüdə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin Dəhlizlərinin İdarəolunması şöbəsinin rəisi Vasif Qurbanov çıxış edərək təlimin təşkilinə görə “Azərxalça” ASC-yə Komitə adından təşəkkürünü bildirib.
Öz növbəsində “Azərxalça” ASC əməkdaşları bu sahədəki Dövlət Proqramı, eləcə də onun icra vəziyyəti barədə əməkdaşları məlumatlandırıb.
Daha sonra Dövlət Proqramının icrası ilə bağlı geniş müzakirələr aparılıb, ekspertlər orijinal “Azərxalça” xalçalarının başqa ölkələrdə istehsal edilən, yaxud saxta xalçalardan ayırd etməyin yolları, QR kodun tətbiqi zamanı qarşıya çıxa biləcək müxtəlif hallar haqda suallara cavab verilib.