11 Noyabr 2021 19:13
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti ildən yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatdırılması gözlənilir. Cari ilin 10 ayında orta pensiyanın məbləği 331 manat qiymətləndirilir. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatması proqnozlaşdırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Teleqraf.com-a açıqlamasında Komitədə müzakirələrin getdiyini bildirib:

“Hələ ikinci və üçüncü oxunuş var, amma ümumi artım pensiyalar, əmək haqları, eləcə də müavinətlər üçün nəzərdə tutulub. Qeyd edim ki, ilk dəfədir dövlət büdcəsindən sosial layihələrə təxminən 47 faizə yaxın vəsait ayrılıb. Həmişə sosial layihələrə 32-33 faiz vəsait ayrılırdı. Bu da birbaşa məhz qiymət artımı ilə əlaqədardır. Bazarda qiymətlər çox kəskin artır, bunun hamımız şahid olmuşuq. Ötən gün də bu məsələyə Milli Məclisdə toxunduq.

Qiymət artımı yalnız Azərbaycandan asılı deyil, bütün dünyada eyni vəziyyətdir. Azərbaycan bəzi məhsulları idxal etdiyi üçün ölkəmizdə də qiymət artımı hiss olunur. Doğrudur, burada həm subyektiv, həm də obyektiv qiymət artımı var. Subyektiv qiymət artımının qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti işləyir, müəyyən cərimələr tətbiq edirlər.

Amma qiymət artımı davam edir. Ona görə burada daha ciddi işlər görmək lazımdır. Yalnız Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunun öhdəsindən gələ bilməz”.

Deputat qeyd edib ki, qiymət artımı bəzi hallarda inflyasiyanı üstələyir: “Rəsmi məlumatlara görə bu il Azərbaycanda inflyasiyanın səviyyəsi 5,1 faizdir. Amma real həqiqətdə 5,1 faizdən kifayət qədər böyük inflyasiyadır”.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, artım faizi narahatedicidir. Maaşlarda və digər ödənişlər üzrə artım ümumilikdə 4-5 faiz təşkil edir: “Hələ büdcə müzakirəsi gedir, ümid edirəm ki, hökumət əlavə resurslar tapacaq.

Problem ondan ibarətdir ki, ərzaq qiymətləri sürətli şəkildə və durmadan artır. Qlobal ərzaq qiymətləri indeksi son bir ay ərzində (oktyabr) 3 faiz artıb. Bu o deməkdir ki, son 1 il ərzində qlobal ərzaq qiymətləri indeksi təxminən 37 faiz artıb.

Dövlət Statistika Komitəsinin oktyabr ayı üzrə rəqəmləri açıqlanmayıb, ancaq açıqlansa artım faktları təsdiq olunacaq. Statistika Komitəsi ötən ay açıqladığı məlumatlara əsasən, son 1 il ərzində ərzaq qiymətləri 10,4 faiz yüksəlib.

Hazırkı qiymətlərlə mübarizə aparmaq ağıllı çıxış yolu deyil. Çünki bu, qlobal miqyasda baş verən prosesdir. Biz büdcədən xüsusən əhalinin sosial cəhətdən zəif təmin olunan təbəqəsinə, o cümlədən pensiyaçılara daha cəsarətlə pul verməliyik. Əgər ərzaq qiymətləri 10 faizdən çox artıbsa, müavinətlərə əlavə olunan artımlar 4-5 faiz olmalı deyil. Nəzərə almaq lazımdır ki, pensiyaçıların büdcəsinin əhəmiyyətli hissəsi ərzaq və dərman məhsullarının alınmasına gedir.

Təqaüdçülərin yaxşı yaşaması üçün yox, ən azından onların mövcud vəziyyətlərinin qorunması üçün bir qədər çox vəsait xərclənməlidir. Büdcədə sosial xərclərin artırılmasından çox da narahat olmaq lazım deyil”.

Artımların hansı mənbə hesabına təmin olmasına gəlincə, ekspert qeyd edib ki, Azərbaycan büdcəsinin 54,8 faizi neft sektorundan formalaşacaq: “Bu 54.8 faizin 4.75 faizi isə əvvəlki və indiki illərdə Neft Fondundan transfertlər və ya toplanılan mənbələr hesabına yaranacaq. Təəssüflə qeyd edirəm ki, neft pulları olmasa, maaş və pensiyaları verəcək büdcəyə sahib deyilik. Ancaq ən azından pensiyaçıların 2019-2020, hətta 2021-ci ildəki real yaşam şərtlərini saxlamaq məcburiyyətindəyik. Hansı mənbədən təmin olunmasını da bu mənbəni yaradan şəxslər fikirləşməlidir.

Hesab edirəm ki, təqaüdçülərə şamil olunan 4,75 faizlik artım onların yaşayış şəraitinin yaxşılaşmasına yox, itkilərinin bir hissəsinin kompensasiyasına gətirib çıxaracaq”.

Xalid Kərimli hesab edir ki, pensiyanın az artmasının bir neçə səbəbi var: “Hökumət narahatdır və qarşısına məqsəd qoyub ki, büdcənin cari xərcləri neft sektorundan asılı olmasın. Başqa sözlə, büdcənin cari xərclərin maliyyələşməsi vergi və gömrükdən toplanan resurslar hesabına həyata keçirilsin. 2020-ci ildə başlayan pandemiya, həmçinin Qarabağın bərpasına xərclənən resurslar şərtləri bir qədər dəyişdirdi. Hökumətin ortamüddətli dövrdə planı neft sektorundan büdcəyə transfert olunacaq məbləğlərin infrastrukturun və investisiya qoyuluşların maliyyələşməsinə getməsidir. Dövlətin məqsədi Neft Fondundan pulu götürüb əhalinin maaş və ya pensiyasına vermək deyil. Obyektiv və subyektiv səbəblərdən bunu hələ icra edə bilmir. Büdcə layihələrində də bu planın növbəti illərə təxirə salındığını görürük.

Düşünürəm ki, insanların qayğısına qalmalıyıq, çünki pensiyaçıların həyatını təxirə salmaq olmur. İnsanların daha yaxşı yaşamağa haqqı çatır. Nəzərə almaq lazımdır ki, bu pensiyaları növbəti ildə də artmalıdır. Düşünmədən, populist vədlərlə büdcə xərclərində sosial xərcləri artırmaq mümkün deyil. Bu, nəticədə dayanıqlı büdcə üçün təhlükə yarada bilər”.

Analitikin sözlərinə görə, bu il Azərbaycanda ikirəqəmli inflyasiyaya qaçılmazdır: “Qiymət artımları real vəziyyətə təsir edir. Ərzaq qiymətlərinin durmadan artmasına müxtəlif faktorlar təsir edir. Həm pandemiya, həm ucuz pul siyasəti kimi məsələlər həll olunmamış qalır. Qiymət artımı spiralvari davam edir və biz bu prosesin əksini görmürük. Bu artım idxal vasitəsilə mütləq şəkildə Azərbaycan bazarına gələcək. Artımların qarşısını almaq, tənzimləmək cəhdləri həm dövlət büdcəsinin resurslarının səmərəsiz istifadəsinə gətirib çıxaracaq, həm də ölkədə defisit yarada bilər. Bu, bazara iqtisadiyyatının şərtlərinə uyğun deyil.

Proqnozlar ondan ibarətdir ki, 2022-ci ilin ikinci rübündən dəyər zəncirində olan problemlər yumşalacaq. Mərkəzi banklar ikinci rübdən daha bahalı pul siyasəti həyata keçirməyə başlayacaqlar. Bununla inflyasiyanı kontrol altına almaq mümkün olacaq. Hazırda baş verən inflyasiya proseslərində Azərbaycanın rolu, apardığı düz və ya səhv iqtisadi siyasətin təsiri çox azdır. Biz gedən qlobal iqtisadi proseslərdən kənarda qala bilmərik.

Xoşbəxtlik ondadır ki, neft-qaz resurslarının qiyməti yüksəkdir. Bu işin müsbət tərəfi ən azından devalvasiya riski ilə rastlaşmırıq, gələn il üçün əmək haqlarının qaldırılması nəzərdə tutulub. Pis tərəfi odur ki, bu artımların hamısını ya inflyasiya aparacaq, ya da 2021-ci ildəki bahalaşmanın kompensasiyasına yönəlmiş olacaq. Hesab edirəm ki, 2022-ci ilin ikinci yarısından qiymətləri tənzimləmək daha rahat olacaq”.


Müəllif: Yeganə Oqtayqızı