15 Dekabr 2021 16:16
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi tək qaz ixracı ilə məhdudlaşmır. Bu dəhliz geniş bir əməkdaşlıq platformasıdır. Əvvəlcədən də bəyan edilmişdi ki, dəhlizin imkanlarından digər dövlətlər də istifadə edə bilər”.

Bunu Teleqraf.com-a enerji sektoru üzrə mütəxəssis Zəfər Vəliyev deyib.

Avropanın qaz bazarlarında yaranmış böhranlı vəziyyətə toxunan ekspert hesab edir ki, bu, birbaşa Avropaya yönələn qaz kəmərlərinin funksional fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır: “Son dövrlərdə Avropaya yönələn qaz kəmərləri layihə gücündən maksimum istifadə etmək imkanından məhrum edilib. Burada müəyyən siyasi çalarlar var.

Bundan əlavə, 2014-cü ildən Avropanın bir çox ölkələri Paris iqlim sazişindən sonra kömürlə işləyən istilik elektrik stansiyalarının fəaliyyətinə məhdudiyyət qoyulub. Yeni iqlim tələbləri ilə bağlı karbon vergilərinin katirovka qiymətləri durmadan artırıldı. Bir sıra ölkələrdə, o cümlədən Polşada, Almaniyada kömür şaxtalarının, Böyük Britaniyada isə yeraltı qaz anbarlarının funksional fəaliyyətinə məhdudiyyətlər qoyuldu. Bütün bunlar Avropada qaz böhranın yaranmasına səbəb oldu.

2014-cü ilə kimi Avropanın enerji balansı tam nizamlı fəaliyyət göstərib. Yəni təbii qaz, daş kömür, mazut, atomla və hidroelektriklə işləyən stansiyaların fəaliyyətində heç bir məhdudiyyət yox idi. İqlim sazişindən sonra bu sahələrdə kifayət qədər məhdudiyyətlər tətbiq olundu.

Eyni zamanda 2011-ci ildə Yaponiyada "Fukusima-1" Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra Avropanın bir çox ölkələrində nüvə enerjisi ilə işləyən reaktorların fəaliyyəti məhdudlaşdırıldı”.

Zəfər Vəliyev deyir ki, yeni enerji keçidi ilə bağlı vəziyyət dəyişib: “Daha ekoloji yanacaq növü olduğu əsas götürülərək təbii qaza olan tələbat 2050-ci ilə kimi artmaqda davam edəcək. Bu, bazar iştirakçılarının dəyişməz fikirləridir. Bu baxımdan Azərbaycan qazının Avropa bazarlarına daxil olması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Həmçinin qaz boru kəmərinin keçdiyi ölkələrdə təbii qaz qiymətlərinin sabitləşməsinə təsir edir. Məsələn, Yunanıstanda, İtaliyada qaz bazarlarında qeyri-müəyyənlik yoxdur. Çünki bir neçə mənbədən, o cümlədən Azərbaycandan qaz həcmləri daxil olur.

Cənub Qaz Dəhlizi iqtisadi olduğu kimi, həm də siyasi layihədir. Qaz yataqlarının işlənməsi, oraya investisiyanın cəlb edilməsi, ixrac marşrutunun və tranzit ölkələrin müəyyən olunması kimi məsələlər siyasidir. Siyasi mövqelər üst-üstə düşəndən sonra bu layihələr gerçəkləşir. Bu baxımdan Azərbaycanda qaz yataqlarının işlənməsi, xarici investisiyanın cəlb edilməsi, ən müasir və qabaqcıl qazma texnologiyasının hasilat, nəql və qazma sisteminə cəlb edilməsi siyasi məsələdir.

Cənub Qaz Dəhlizi Avropanın tənzimləyici qurumlarının bütün şərtlərindən uzunmüddətli dövr üçün azad edilib. Analoji qayda digər ölkələrə tətbiq edilməyib. Ona görə də Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində qabaqcıl rol oynayır.

Azərbaycan ildən-ilə təbii qaz ixrac imkanlarını genişləndirdikcə Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini də artırmaq olar. Ötən gün Prezident İlham Əliyev Avropadakı mövcud qaz böhranı ilə bağlı xarici jurnalistlərə müsahibəsində qeyd etdi ki, Avropaya əlavə qaz həcmlərinin verilməsi haqqında danışıqlar aparmağa hazırdır. Lakin bunlar müəyyən müddət tələb edir. Təbii ki, tələb olunan qaz həcmləri, qaz satış forması, eləcə də müqavilənin şərtləri əvvəlcədən bəlli olmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı