24 Fevral 2022 12:11
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə Ukrayna arasındakı savaş dünya bazarlarına təsirsiz ötüşməyib. Şərqi Avropadakı gərginlikdən təsirlənən birjalarda “Brent” markalı neftin qiyməti bir gündə 6 faiz artaraq 100 dollarlıq psixoloji həddi keçib. Artıq “Brent” neftinin 1 bareli 102 dollara təklif olunur. Aydındır ki, gündəlik 12 milyon barel neft hasil edən Rusiya enerji bazarında qiymətlərə təsirini qoruyub saxlayır. İnvestorlar xüsusən də Rusiyanın neft ixracatında dayanmaların olacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Avropada baş verən savaş qitənin vahid puluna da təsir edib: “Dünən dollara nisbətən 1.135 kursu ilə dəyişdirilən avro bugünkü birjalarda 1.122 məzənnəsinədək ucuzlaşıb. Avropa İttifaqının sərhədlərində baş verən savaşdan qitə iqtisadiyyatı təsirlənməkdədir.

Təbii ki, Rusiya iqtisadiyyatı da savaşdan qazanan tərəf deyil. Öncədən proqnozlaşdırdığımız kimi, rubl dəyər itirməkdə davam edir. Bir gündə 7 faiz ucuzlaşan Rusiya pulunun dollara məzənnəsi artıq 90-a yaxınlaşır. Ötən həftəni 1 dollar 76 rubl kursu ilə başa vuran Rusiya valyutası hər dollarda 14 rubl bənd ucuzlaşıb.

Rublun məzənnəsinin növbəti dövrdə dəyişməsi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların miqyasından da asılı olacaq. Görünən odur ki, regionda formalaşan yeni düzən fonunda hadisələr çox çevik olaraq dəyişməkdə davam edəcək”.


Müəllif: Yeganə Oqtayqızı