“İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətlərarası komissiya ölkələrimiz arasında ticarət mübadiləsinin artırılmasında və birgə investisiyaların yatırılması sahəsində bir çox nailiyyətlər əldə edib”.
Bu sözləri BƏƏ-nin iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansuri Bakıda keçirilmiş komissiyanın beşinci iclasının nəticələri ilə bağlı AzərTAc-a məxsusi müsahibəsində deyib. Nazir turizm sahəsində ölkələrimiz arasındakı əməkdaşlıqdan danışarkən bildirib ki, ölkəsinin vətəndaşları gəzməli, görməli yerləri ilə zəngin olan Azərbaycana, eləcə də azərbaycanlılar Birləşmiş Ərəb Əmirliklərinə səyahətlər edirlər.
Gələcəkdə BƏƏ-dən Azərbaycana turistlərin gətirilməsi üçün ixtisaslaşmış nəqliyyat şirkətləri fəaliyyət göstərəcək. Sultan Bin Səid Əl Mansuri deyib ki, kənd təssərüfatı, infrastruktur, Bakı Ağ Şəhər layihəsi çərçivəsində yeni sahələrə investisiya yatırılması ilə bağlı hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır.
Nazir, BƏƏ-nin loqistika, alternativ və bərpa olunan enerji sahəsindəki təcrübəsini Azərbaycan ilə bölüşməyə hazır olduğunu, ölkəsi tərəfindən Azərbaycanda qaz sahəsi ilə yanaşı, külək enerjisi sahəsinə də investisiya yatırılmasının mümkünlüyünü bildirib.Sultan Bin Səid Əl Mansuri qeyd edib ki, bütün bu sahələrdəki imkanlardan yararlanmaq üçün tərəflər birgə qrupun yaradılması ilə bağlı razılığa gəliblər.