“Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlığın potensialı kifayət qədər böyükdür. Amma hazırkı qarşılıqlı ticarət dövriyyəsi potensialla uyğunluq təşkil etmir. Ötən il iki ölkə arasında qeydə alınan qarşılıqlı ticarət dövriyyəsinin həcmi 140 milyon dollardan bir qədər artıq olub. Bu, ölkələrimizin qarşılıqlı ticarət dövriyyəsi üçün cüzi rəqəmdir. Çünki birbaşa ticarət qurmaq üçün həm sərhədimiz mövcuddur, həm də hər iki iqtisadiyyat regionda ən böyük potensiala malik olan iqtisadiyyatlardandır”.
Bunu Teleqraf.com-a İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov deyib.
O qeyd edib ki, həm Azərbaycanda, həm də Qazaxıstanda təbii resurs bazası çox böyükdür: “Təbii resurs bazasının təxminən 80 faizə yaxını xammal kimi ixrac olunur. Bu, qarşılıqlı ticarət dövriyyəmizi daha yüksək texnoloji məhsullarla istehsal etməyə imkan vermir. Ona görə də həm dövriyyə, həm də investisiyaların həcmi aşağıdır. Bunlar bir-birinə bağlı olan məsələlərdir.
Real sektorda fəaliyyət göstərən birgə müəssisələrin sayı da potensialdan çox uzaqdır. Bütün bunlar iqtisadi əlaqələrimizi, texnoloji korporasiyanı yüksək səviyyədə qurmağa imkan vermir. Ona görə də hesab edirəm ki, avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri sadaladığım istiqamətlərdə bir dönüş nöqtəsi ola bilər və olmalıdır da.
Düşünürəm ki, bunun üçün birgə investisiyalara və maliyyə institutlarının yaradılmasına ehtiyac var. Vahid investisiyalar hesabına birlikdə istehsal qurula bilər. Bununla yanaşı genişləndirilmiş satış bazarları da lazımdır. Bu da Avrasiyaya iqtisadi inteqrasiya çərçivəsində Azərbaycanla Qazaxıstanın istehsal sektorlarının inkişafına böyük təkan verilə bilər”.
Qazaxıstan şirkətləri işğaldan azad olunan ərazilərə sərmayə qoyuluşunda maraqlıdırmı?
Analitik hesab edir ki, Qarabağa xarici investisiya qoyuluşu məsələsini digər ölkələrlə müqayisəsini aparmaq sadəlövh yanaşmadır: “Çox emosiyalara qapılmamalıyıq. Etiraf etməliyik ki, burada söhbət insani münasibətlərdən çox biznesdən gedir. Türk və ya digər ölkələrin şirkətlərinin hansısa ölkəyə sərmayə qoyması, ilk növbədə onun biznes maraqları ilə məhdudlaşır və şərtləndirilir. Doğrudur, iş adamlarında da emosional amillər ola bilər, bunu tam inkar etməməliyik. Amma ümumilikdə investoru biznes mühiti üçün ilk növbədə onun gələcək fəaliyyətinin nə dərəcədə effektiv olması sualı düşündürür.
Əgər düşünsək ki, biznes emosiyalara qapılıb daxili inkişafa stimul vermək məqsədilə gedib haradasa iş quracaq, bu, sadəlövh yanaşma olar. Sözsüz ki, biznes öz perspektivləri olmayan yerə getməyəcək. Ona görə də, istər Türkiyə, istər Qazaxıstan, istərsə də digər ölkələrin iş adamlarını ölkəmizə cəlb etmək istəyiriksə, müvafiq investisiya mühiti yaratmalıyıq. İnvestorların əksəriyyəti iş quracaqları yerdə sabitlikdən tam əmin olmasa, ora pul yatırmazlar.
Faktiki olaraq bu illər ərzində işğalçılar işğaldan azad olunmuş ərazilərdə heç bir infrastruktur qurmayıb, iqtisadi fəaliyyət üçün heç bir şərait yaratmayıb. Dövlətimiz müvafiq infrastrukturu yaradacaqsa, böyük həvəslə Qazaxıstan və digər ölkələrin iş adamları da buraya investisiya yatırmaqda maraqlı olacaqlar.
Amma məsələnin başqa tərəfi də var. Xarici investisiya məsələsində özümüzü çox da aldatmamalıyıq. Çünki ölkədə pulla ifadə olunan investisiyaları daxili resurslar hesabına etmək üçün imkanlar var. Bizə texnologiyalar lazımdır. Əgər istər Qazaxıstanın, istər Türkiyənin, istərsə də digər ölkələrin investorları texnologiyalar gətirəcəksə, onlar bizə lazımdır. Əks halda yerli sahibkarların edəcəyini xarici investorlar da edəcəksə, onda bunun bizim üçün heç bir önəmi yoxdur”.