“Azərbaycanın İtaliya ilə iqtisadi-ticarət sahəsində əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın mühüm ticarət və ixracat tərəfdaşıdır. Azərbaycan da İtaliyanın Cənubi Qafqazdakı ən iri ticarət tərəfdaşıdır. Bu bölgədə İtaliyanın apardığı ticarətin 90%-dən çoxu Azərbaycanın payına düşür”.
Bunu Teleqraf.com-a iqtisadçı Xalid Kərimli deyib.
O qeyd edib ki, Azərbaycanın Avropaya neft ixracı İtaliya üzərindən gerçəkləşir: “İki ölkənin enerji sahəsində əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. BTC ilə Ceyhan limanına çıxardığımız neftin əsas alıcısı İtaliyadır. Bu baxımdan İtaliya enerji sahəsində Azərbaycanın ən böyük partnyorudur. TAP layihəsi üzrə Azərbaycan qazının əsas alıcıları Yunanıstan, Bolqarıstan, Serbiya ilə yanaşı həm də İtaliyadır.
TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyaya satılan qazın həcmi iki dəfəyə qədər arta bilər”.
Analitik deyir ki, müstəqillik illərindən başlayaraq İtaliya ilə Azərbaycan arasında iqtisadi-ticari sahədə əməkdaşlıqlar genişlənib: “Bu Avropa ölkəsi Azərbaycanın mövqeyini beynəlxalq arenada daim dəstəkləyib. Ümumiyyətlə, İtaliya Azərbaycana dost ölkədir və iqtisadiyyatı dünyanın ilk onluğuna düşür. Bu cür böyük iqtisadi gücə malik bir dövlətlə Azərbaycanın dost olması ölkəmizin maraqlarına uyğundur.
Nəzərə almaq lazımdır ki, İtaliya Azərbaycanın ərazi bütövlüyün və suverenliyini dəstəkləyir. Bu baxımdan Qarabağ işğaldan azad olunandan sonra Azərbaycan ölkəyə dəvət etdiyi xarici şirkətlər arasında İtaliya şirkətləri də yer alıb. Əsasən alternativ enerji, abidələrin bərpası, eləcə də digər bərpa-quruculuq işləri ilə məşğul olan şirkətlər üstünlük təşkil edir. Maraq göstərən digər şirkətlərlə isə müzakirələr aparılır.
Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir”.