Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin başçılıq etdiyi nümayəndə heyəti Ankaraya gəlib. Türkiyənin bu səfər zamanı Rusiyadan idxal etdiyi təbii qaza 25 faiz endirim istəyəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mediaya yüksək rütbəli türk rəsmiləri məlumat verib.
Bildirilir ki, Türkiyə dekabrın 9-da Ankarada Rusiyadan idxal olunan təbii qazın qiymətində 25 faizdən çox endirim əldə etmək məqsədi ilə Rusiya nümayəndə heyətini qəbul edəcək. Mümkün razılaşmanın türk lirəsinə təzyiqi azaldacağı, gələn il keçiriləcək seçkidən əvvəl və Avropanın enerji darboğazı yaşadığı bir zamanda Prezident Rəcəb Tayyib Ərdoğana fayda gətirəcəyi bildirilib.
Sergey Verşinin və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyətləri arasında başlayan məsləhətləşmələr bu gün davam edəcək.
İstanbulda keçiriləcək görüş çərçivəsində Suriya, Liviya və Fələstin kimi regional məsələlərin, Birləşmiş Millətlər Təşkilatının "Taxıl Sazişi"nin icrası kimi məsələlərin müzakirə olunması nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyə 2021-ci ildə 69 milyard kubmetrlik ümumi təbii qaz idxalının təxminən yarısını Rusiyadan təmin edib. Ərdoğan bildirib ki, Türkiyənin ümumi enerji xərcləri 2022-ci ildə keçən illə müqayisədə iki dəfə artaraq 100 milyard dollara çatacaq.