25 İyun 2023 17:11
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə lirəsi son 1 ayda 20 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədilə Türkiyə Mərkəzi Bankın (TMB) uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılsa da hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir. Deməli, Ankara qısa deyil, daha çox orta və uzunmüddətli dövrdə məzənnə stabilliyini hədəfləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın qənaətincə, iqtisadi amillərlə yanaşı siyasi faktorlar, eləcə də 50 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısamüddətli dövrdə stabilləşməsini əngəlləyir: “Türkiyədə yeni kabinetinin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin “U” dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da, stabilliyə nail olmaq mərhələli prosesdir. Bu baxımdan hələlik qısamüddətlidən daha çox uzunmüddətli hədəflərə söykənilir”.

Vüqar Bayramov düşünür ki, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır: “Türkiyə Azərbaycan ikinci ən böyük ticarət tərəfdaşdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji müttəfiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımdan da vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı