Azərbaycan Rusiyanın ən böyük xırda və iribuynuzlu mal-qara idxalçısı olub. Cari ilin ilk 6 ayında ölkəmiz Rusiyadan 174,4 min baş mal-qara alıb.
Bu barədə Rosselxoznadzor məlumat açıqlayıb.
Ötən il ərzində ixrac 175,5 min baş təşkil edib. Belə ki, xaricə 80,6 min baş xırdabuynuzlu mal-qara tədarük edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur (39,9 min baş). Əsas alıcı Azərbaycan olub, alışı beş dəfə artıraraq 53,9 min başa çatdırıb. Gürcüstan bu mal-qaranın idxalını iki dəfə artırıb.
Xırdabuynuzlu mal-qaranın xarici bazarlara tədarükü 2019-cu ildə başlanılıb. İlk iri alıcı Azərbaycan olub. 2022-ci ildə idxalçı ölkələrin sayı beşə çatıb (İordaniya, Azərbaycan, Özbəkistan, Gürcüstan və Livan).
İribuynuzlu mal-qaranın ixracı 13,6 min baş təşkil edib ki, bu da 2022-ci ilin birinci yarısının göstəricisi ilə müqayisə edilir. Əsas alıcı Azərbaycan olub (ümumi həcmin 59%-i). Bütün tədarükün 24%-i Qazaxıstanın payına düşüb.
Maraqlıdır, xaricdən idxalın artmasının və Azərbaycanda heyvandarlığın inkişafının qarşısını alan səbəblər nədir?
İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, ölkəmizin xırda və iribuynuzlu mal-qara idxalçısı olması yeni məsələ deyil.
İqtisadçı deyir ki, Azərbaycan ətə olan tələbatını yerli istehsal hesabına tam ödəyə bilməyən ölkələr sırasındadır: “Təəssüf ki, 2015-ci ildən sonra bu problem daha da dərinləşdi. Bunun bir neçə səbəbi var. Burada bir tərəfdən yeyinti və turizm kimi sənayelərin inkişaf etməsi səbəbindən tələbin artması rol oynayır. Azərbaycanda aqrar siyasətlə bağlı həyata keçirilən son tədbirlər nəticəsində əkinçilik sahəsi müəyyən qədər genişləndirildi. Bu da dolayısilə mal-qaraya otlaq tapmaq problemini gündəmə gətirir. Bəllidir ki, şumlanmış torpaqda heyvandarlıq inkişaf etmir. Resurslar düzgün bölüşdürülməməsi də ət istehsalının həcminin azalmasına gətirib çıxardı. Bundan əlavə, son illərdə müşahidə edilən quraqlıq bu istiqamətdə problemləri daha da dərinləşdirib.
Ərzaq balansına baxanda da görürük ki, bəzi illərdə Azərbaycan ətə olan tələbatının 33 faizini məhz idxal məhsulları hesabına ödəmək məcburiyyətində qalıb. Bu, kifayət qədər ciddi faktordur. Bu istiqamətdəki çatışmazlığın kompensasiyası məqsədilə üz tutulan əsas bazarlardan biri də Rusiyadır. Başqa sözlə, Azərbaycanın mal-qara idxalında Rusiya bazarı ən böyük paya malikdir”.
Analitik hesab edir ki, heyvandarlığın inkişaf etdirilməsi üçün aqrar siyasətin yenidən dizayn edilməsinə ehtiyac var: “Kənd təsərrüfatında yalnız əkinçilik deyil, eyni zamanda heyvandarlığın da inkişaf etdirilməsi üçün əlverişli limit formalaşdırılmalıdır. Bundan əlavə resursların ədalətli şəkildə bölüşdürülməsi, xüsusilə ailə təsərrüfatlarında resurs əlçatanlığının təmin edilməsi üçün işlərin görülməsinə ehtiyac var.
Digər tərəfdən burada əsas məqamlardan biri də nəzarət olunmayan urbanizasiya prosesidir. Urbanizasiya məsələsi diqqətdən kənarda qalanda gələcəkdə ciddi ətraf mühit problemlərinə gətirib çıxara bilir. Nəzərə alaq ki, xüsusilə Azərbaycanda kənd təsərrüfatı güc və zəhmət tələb edən fəaliyyət istiqamətlərindən biridir. Çünki bu sahəyə müasir texnologiya çox zəif tətbiq olunub. Buna görə də əmək qabiliyyətinin fiziki gücünə ehtiyac yaranır. Amma müstəqillik illərində regionlarda yaşayan gənclər təhsil, məşğulluq və digər sahələrdə imkanlarını genişləndirmək üçün sürətlə paytaxta və xarici ölkələrə üz tutdu. Müşahidələr onu göstərir ki, regionlarda yaşayan əhalinin əksəriyyətini yaşlı insanlar təşkil edir. Bu da son nəticədə təsərrüfat fəaliyyəti ilə məşğul olanların sayının azalmasına və yaxud da məşğul olduğu halda keyfiyyətin aşağı düşməsinə gətirib çıxaran faktordur. Düşünürəm ki, bu məsələ hazırda Azərbaycan hökuməti qarşısında dayanan və həllini gözləyən ən vacib məqamlardan biridir”.
Rəşad Həsənovun qənaətincə, intensiv təsərrüfatçılıq modelinə üstünlük verilməlidir: “2016-cı ildən Azərbaycanda “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qüvvəyə minsə də, hələ də kooperativlər formalaşmayıb. Bu kooperativlərin formalaşmasının da təşviqi hökumət qarşısında dayanan əsas məsələlərdəndir. Çünki məhsuldarlığın artırılması çox vacibdir. Azərbaycanda kəmiyyətlə müqayisədə keyfiyyət və məhsuldarlıq göstəriciləri daha aşağıdır. Hesab edirəm ki, məhsuldarlığın artırılması bu istiqamətdə problemlərin əhəmiyyətli səviyyədə aradan qaldırılmasına gətirib çıxara bilər”.