10 Oktyabr 2023 14:48
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sentyabr ayının yekununa görə, Bakının daşınmaz əmlak bazarında qiymətlər avqust ayına nisbətən 1,82 %, illik müqayisədə isə 14,55 % artıb”.

Bunu Teleqraf.com-a açıqlamasında NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli deyib.

Onun sözlərinə görə, təkrar mənzil bazarında qiymətlər ay ərzində 2,33 %, il ərzində isə 19,98 % artıb: “İlkin mənzil bazarında ay ərzində 2,8 % ucuzlaşma müşahidə olunsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,27 % artıb.

Fərdi yaşayış və bağ evlərinin satış qiymətləri (1 kvadrat metrə görə) sentyabrda 9,17 %, ötən illə müqayisədə isə 12,8 % artıb.

Bakıda kommersiya obyektlərinin satış qiymətlərində (1 kvadrat metrə görə) ay ərzində 8,65 %, illik 17,94 % bahalaşma qeydə alınıb.

Cari ilin sentyabr ayında Bakıda torpaq (1 sota görə) 3,22 % ucuzlaşıb, son 1 ildə isə 22,21 % bahalaşıb.

Kirayə bazarında ay ərzində 2,26 % artım, illik müqayisədə 7,58 % artım var.

Obyektlərin icarəsi üzrə ay ərzində 2,39 %, illik müqayisədə isə 2,21 % artım olub”.

Nüsrət İbrahimli düşünür ki, sektorda qiymət artımı tələblə bağlı deyil: “Doğrudur, mənzillərə tələb var və satılır. Hazırda mənzil bazarındakı aktivlik əvvəlki illə müqayisədə nisbətən zəifdir. Kommersiya obyektləri və torpaq bazarında bir o qədər aktivlik yoxdur. Bu sektorda olan alıcılar əsasən mənzil bazarının iştirakçılarıdır. Yəni mənzil bazarından fərqli olaraq, təsadüfi şəxslər bura gəlmir.

Ümumiyyətlə, sektordakı qiymət artımı həyat tərzinin özünün bahalaşması ilə bağlıdır. Hər şeyin qiymət artdığı üçün bu sektorda da artıma uyğun adekvat addımlar atırlar. Tikinti materialları bazarında, əmək qüvvəsində, maşın mexanizmində, eləcə də tekstildə və qida sənayesində qiymətlər artıb”.

Bir müddət əvvəl kirayə üsulu ilə satılan mənzillər və digər sosial layihələr vətəndaşların istifadəsinə verildi. Düşünülürdü ki, layihə çərçivəsində kirayə qiymətləri azalacaq, əsasən də aztəminatlı əhali qrupu üçün mənzil sahibi olmaq asanlaşacaq. Amma nə kirayə qiymətləri düşdü, nə də vətəndaş üçün mənzil sahibi olmaq əlçatan oldu. Yəni, hədəfə çatmaq mümkün olmadı...

Mütəxəssis deyir ki, insan var olduqca mənzilə tələbat daim olub və olacaq: “Mənzilin özünə xas xüsusiyyətləri var. İnsanların tələbatı daim ödənilmir. Yəni bazarda qıtlıq var. Ona görə də daim bu bazarda qiymət artımı qaçılmaz olur. Ola bilər ki, qısa müddətdə ucuzlaşma olsun, amma uzunmüddətli dövrdə daim bahalaşma müşahidə olunub.

Təkcə Azərbaycanda yox, bütün dünyada daşınmaz əmlak sektorunda siyasət elə yürüdülür ki, bazar təklif edilən mənzil həcmini həzm edə bilsin və inflyasiyaya səbəb olmasın. Bir ara İpoteka və Kredit Zəmanət Fondu bazara daha çox kredit buraxdı, bu isə qiymət artımına səbəb oldu. Daha sonra Fond kreditin həcmini bir qədər məhdudlaşdırdı ki, qiymətləri stabilləşdirsin. Yəni, dövlət dolayı yolla bazarı tənzimləyir ki, stabillik yaransın. Başqa sözlə, bazar buraxılan kredit portfelinin həcmini həzm edə bilsin. Əks təqdirdə bu, inflyasiyaya səbəb olur. Bütün dünyanın, o cümlədən ölkəmizdə də siyasət eynidir.

Təbii ki, insanların mənzilə olan ehtiyacını daim ödəmək lazımdır. Bu öhdəlik də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) üzərinə qoyulub. Agentliyin qarşısına qoyulan tapşırıq belədir ki, güzəştli evlərlə tələbin heç olmasa 10 faizini təmin etsin.

Əvvəl Bakıda, daha sonra Sumqayıtda, Gəncədə, Lənkəranda, həmçinin işğaldan azad olunan ərazilərdə, Yevlaxda və digər rayonlarda bir sıra layihələr hazırlandı. Demək olar ki, MİDA qarşıya qoyulan 10 faizlik həcmə tədricən çatır. Bu layihələr daha çox aztəminatlı ailələr üçündür. Qalanlar üçün də İpoteka Fondu və banklar daxili vəsaitləri hesabına kreditlər verirlər. Yəni tələb müəyyən qədər qarşılanır”.


Müəllif: Yeganə Oqtayqızı