14 Mart 11:12
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,0 faiz, real ifadədə 30,0 faiz azalaraq 222,0 milyon dollar olub. Dövlət Statistika Komitəsi bununla bağlı açıqlama yayıb. Qeyri neft-qaz ixracatındakı aylıq azalma daha çox mövsümi faktorlarla bağlı olsa da digər iqtisadi səbəblər də dövriyəyə təsirsiz ötüşməyib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı iqtisadi Vüqar Bayramov deyib.

O qeyd edib ki, 2022 və 2023-cü illərdə qeyri neft-qaz ixracatının dəyərinə regiondakı inflyasiya səviyyəsi də təsir göstərib:

“İxrac bazarlarımızdakı yüksək inflyasiya məhsulların dəyərini həcm ilə müqayisədə daha çox artırırdı. 2023-cü ilin payız aylarından başlayaraq isə qlobal və regional inflyasiya səviyyəsində azalmalar müşahidə olundu ki, bu da ümumi ixracın dəyərinə təsir göstərdi”.

Deputat bildirib ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir:

“Qeyri neft-qaz məhsulları ixracatının 55.4 faizi iki ölkənin payına düşüb. Neftsiz ixracatın 34 faizi Rusiya, 21.4 faizi isə Türkiyəyə yönəlib”.

Vüqar Bayramov hesab edir ki, kənd təsərrüfatı mövsümünün başlanmasının yenidən Azərbaycanın qeyri-neft ixracatını artıracağı istisna deyil:

“Bütün hallarda qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”.


Müəllif: Tapdıq Qurbanlı