ABŞ Prezidenti Donald Tramp Suriyadakı Amerika hərbi qüvvələrinin çıxarılması ilə bağlı yayılan məlumata münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, məsələ ilə bağlı qərar verəcəklərini deyib.
İsrail mediasında ABŞ-nin Suriyadan qoşunlarını çıxaracağı ilə bağlı yayılan məlumatla bağlı suala Tramp belə cavab verib:
“Bunu kimin dediyini bilmirəm, amma Suriya ilə bağlı qərar verəcəyik. Suriyaya müdaxilə etmirik. Suriyanın öz problemləri var. Artıq kifayət qədər qarışıqlıq mövcuddur. Bizim buna qarışmağa ehtiyacımız yoxdur”.
Xatırladaq ki, bundan əvvəl İsrail mediası Trampın administrasiyasının Suriyadakı 2000-ə yaxın Amerika hərbçilərini geri çəkməyə hazırlaşdığını yazıb. Məlumatda qeyd olunur ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesində Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla koordinasiyalı hərəkət edəcək. Yenə eyni mənbələrə görə, Tramp Amerika qoşunlarının çıxarılması üçün Türkiyəyə İsraillə münasibətləri bərpa etməyi öhdəsinə götürməsi şərtini qoyub.