Yanvarın 30-da internetdə geniş yayılmış videoda əks olunan şəxslər İran vətəndaşlarıdır (güney azərbaycanlılar – red.).
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Adları çəkilən şəxslər 2024-cü il dekabrın 30-dan 2025-ci ilin yanvarın 3-dək Ermənistanda olublar”, - məlumatda deyilir.
Qurum həmin şəxslərin adları və fotolarını da yayımlayıb: Milad Qəhrəmaniəfşar, Behzad Qafari Şabanlı, Mehdi Məhəmmədi, Haməd Əziz Maləki və Nadir Qafari.
Xatırladaq ki, dünən Ermənistan mediasında İrəvanın “Respublika” meydanında bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” mahnısını oxumasını əks etdirən video yayılıb. Videoda görünən şəxslərin Güney Azərbaycandan olan soydaşlarımız olduğu bildirilir.
Video Ermənistanda rezonans doğurub, gərgin müzakirələrə səbəb olub.