Türkiyə ilə anlaşan ABŞ Suriyadakı hərbi qüvvələrini çıxarmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Hasan Öztürk deyib.
“Tramp səssizcə Amerikan qoşunlarını Suriyadan çıxararkən, İsrailin dövlət telekanalı “Kann”ın məlumatı Türkiyədə də rezonans doğurub. İsrail kanalının bildirdiyinə görə, Tramp minlərlə Amerika hərbçisini Suriyadan çıxaracağını İsrailə çatdırıb.
Tramp bu iddiaya belə cavab verib: “Bunu kimin dediyini bilmirəm, amma Suriya ilə bağlı qərar verəcəyik. Suriyaya müdaxilə etmirik. Suriyanın öz problemləri var. Onsuz da orada kifayət qədər xaos var, buna qarışmaq bizə lazım deyil”.
Yəni Amerika Suriyadan çəkilir. Artıq Amerika hərbçiləri Suriyadakı bazaları sürətlə boşaldırlar. Yerdəki faktiki proses Trampın bəyanatından əvvəl başlayıb. Bir neçə gün əvvəl Hasəkəyə gələn boş yük maşınları Amerika bazalarından hərbi texnikaları İraqa aparıblar. Dünən helikopterlər Amerikanın Raqqa və Deyr əz-Zordakı bazalarına enərək, hərbçiləri götürüb geri qayıdıblar. İşlər belə davam edərsə, Tramp bir neçə həftədən sonra bəyan edəcək ki, artıq ABŞ-nin Suriyada hərbçiləri yoxdur”, - ekspert bildirib.
Öztürk bundan sonra Türkiyənin Suriyada PKK/PYD/YPG terror təşkilatına qarşı hərbi əməliyyatların başlayacağını istisna etməyib:
“Prezident Ərdoğanın dəfələrlə verdiyi “Terrorsuz Türkiyə” açıqlamaları, eləcə də xarici işlər naziri Hakan Fidan və MİT direktoru İbrahim Kalın tərəfindən yerdə həyata keçirilən diplomatik proses PYD/YPG-nin başına nə gələcəyi ilə bağlı ipucu verir. Üstəgəl, Suriyanın yeni Prezidenti Əhməd Şəranın “Bütün silahlı qruplaşmalar ləğv ediləcək” bəyanatı şübhəsiz ki, YPG/PKK-nın da taleyinə təsir edəcək”.
ABŞ və müttəfiqlərinin dəstəyi ilə Suriyanın şimalını işğal edən YPG/PKK üçün yolun sonu göründü. Ərdoğanın dəfələrlə “Ya silahlarını yerə qoyacaqlar, ya da silahları ilə birlikdə torpağa basdırılacaqlar” dediyi vaxt bitmək üzrədir.
Əsədin devrilməsindən və Şəranın Dəməşqdə iqtidarını möhkəmləndirməsindən bəri YPG/PKK-nın Fransa və İsrail də daxil olmaqla yeni himayədar axtarışı nəticəsiz qalıb. İndi Trampın da mövqeyi bəlli oldu”.