10:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Maliyyə Nazirliyi Tramp administrasiyasının ABŞ-yə daxil olan Çin mallarına tətbiq etdiyi 10 faizlik rüsumuna cavab olaraq yeni tarif siyasəti qəbul edib.

Teleqraf.com xəbər verir ki, fevralın 10-dan Çin ABŞ-nin kömür və mayeləşdirilmiş təbii qazına (LNG) 15%, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə isə 10% rüsum tətbiq edəcək.

Çinin Ticarət Nazirliyi və Gömrük Administrasiyası ölkənin “milli təhlükəsizlik maraqlarını qorumaq” məqsədilə volfram, tellur, molibden və ruteniumla bağlı məhsullara ixrac nəzarəti tətbiq etdiyini bildirib.

Çinin antiinhisar tənzimləyici qurumu isə “Google”a qarşı araşdırma başladığını elan edib. Çin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının bəyanatına görə, ABŞ-nin texnologiya şirkətinin rəqabət mühitini pozması yönündə iddiaları araşdıracaq.

Qeyd edək ki, “Google”un axtarış sistemi də daxil olmaqla, bütün məhsulları Çin ərazisində bloklanıb. Lakin şirkət ölkədə yerli reklam şirkətləri ilə əməkdaşlıq edir.

Xatırladaq ki, Donald Tramp ötən gün Meksika və Kanadaya qarşı 25% yeni gömrük tariflərinin tətbiqinə 30 günlük fasilə verib. Əvəzində isə iki ölkə sərhəddə nəzarəti artıracaqlarını vəd ediblər.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər