15:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin fevralından “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində investisiya layihəsi həyata keçirən sahibkarların banklardan götürdükləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb.

Teleqraf.com Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılıb.

Kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilib. 2024-cü ildə bu ərazilərdə sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib. Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata töhfə verirlər.

Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına sahibdirlər.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizm tədbirləri davam etdirilir. Ötən il ərzində bu ərazilərdə icra olunan 3 layihə üzrə Fonddan ümumilikdə 8,1 milyon manat güzəştli kredit əldə edilib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər