Dövlət Sosial Müdafiə Fondu may ayında “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumları arasında ilk yerlərdə qərarlaşıb.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, 2015-ci ilin may ayı ərzində Fondun rəsmi internet informasiya ehtiyatı, Elektron Hökumət və Hökumət Ödəniş Portalları üzərindən təqdim olunan elektron xidmətlər üzrə ümumilikdə 315 178 istifadə sayı qeydə alınmışdır. Həmin müddətdə Fondun ən çox istifadə olunan elektron xidmətləri sırasında “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” xidmətləri yer alıb.
Göstərilən dövrdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün haqq-hesab cədvəllərinin təqdim olunmasına dair elektron xidmətlərdən istifadə sayının xüsusilə artmasında cari il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin elektron xidmətlər üzrə sığortaedənlərlə keçirilən maarifləndirici görüşlərin, təqdimatların mühüm rolu olmuşdur.
Qeyd edək ki, son illərdə Azərbaycanın sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib. Əhaliyə göstərilən xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və davamlı təkmilləşdirilməsi Dövlət Sosial Müdafiə Fondu üçün başlıca prioritet təşkil edir. Fondun göstərdiyi elektron xidmətlər şəffaflığın artırılmasına şərait yaratmaqla yanaşı, vətəndaş- məmur münasibətlərində insan amilinin minimuma endirilməsinə hədəflənib. Sığorta-pensiya sistemində həyata keçirilən islahatlara uyğun olaraq Fond tərəfindən elektron xidmətlərin aktivləşdirilməsi və "Elektron hökumət" portalına inteqrasiya istiqamətində tədbirlər davam etdirilir.