13 İyul 2015 14:51
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhəri Samux və Göygöl rayonlarında “Fermer və özəl iş adamlarına biznes-plan hazırlanmasına dəstək” layihəsi icra edilib.

Birliyin sədri E.Əsədov Teleqraf.com-a bildirib ki, 2004-cü ildən etibarən “Azərbaycan Respublikası regionlarının inkişafı haqqında” Dövlət Proqramı həyata keçirilir. Regionların inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində ölkənin ayrı-ayrı rayonlarında son illər bir sıra işlər görülüb, yüzlərlə yeni sahibkarlıq subyektləri formalaşıb: “Regionların inkişaf proqramları yeni istehsal müəssisələrinin orta və kiçik sahibkarlığın da inkişafına səbəb olub. Təəssüf ki, sahibkarların bir çoxu öz bizneslərini qurmaq üçün biznes-planın hazırlanması işlərini yetərincə tərtib edə bilmirlər. Bir çox hallarda biznes-planın qurulmasını bacaran şəxslər yetərincə çatışmır. Müəyyən qism sahibkarın isə biznes-plan haqqında anlayışı yoxdur. Müasir dünyada biznes-planın hazırlanması müəssisənin uğur qazanmasında əsas amil olduğu halda bəzi biznes sahibləri bu məsələyə elə də diqqət yetirmirlər. Bir çox hallarda işin gedişi prosesində ortaya çıxan problemlərin çoxu məhz biznes-planın tərtib edilməməsindən ortaya çıxır”.

E.Əsədov onu da bildirib ki, regionlarda sahibkarlar üçün biznes-planın əhəmiyyətini açıqlamaq və onları maarifləndirmək bu gün olduqca aktualdır: “Biznes planın hazırlanmasında informasiya texnologiyalarının rolunu artırmaq da bu gün vacib əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, siz biznesinizin inkişafına nail olmaq istəyirsinizsə, gəliriniz çıxarınızı üstələməlidir. Əks halda bu, müflisləşməyə səbəb ola bilər”.

Ekspert H.İbrahimov bu haqda bildirib ki, hər bir iş adamı üçün əvvəlcədən Biznes-Planın tərtib edilməsi olduqca vacibdir və əksinə, bunsuz işə başlamaq kompassız okeana çıxmağa və tanımadığın bir ölkəyə xəritəsiz səyahətə getməyə bənzəyir.

BƏXTİYAR


Müəllif: