29 İyul 2015 13:48
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 9,1 dollar azalaraq 1086,00 dollara, gümüş isə 0,21 dollar azalaraq 14,49 dollara satılıb. Beləliklə, hazırda qızıl dünya bazarında psixoloji həddən aşağı düşüb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov artıq bir qramı 34 dollara təklif edilən qiymətli metalın 35 dollarlıq "döşəməni" silkələdiyini deyib.

Bu isə dünya bazarında qızılın qiymətinin son 5 ildə tarixi minumuma düşməsi deməkdir: "Son 1 ildə 16, yarım ildə 15, iyul ayında 7 faiz dəyər itirən qiymətli metalən qramı artıq psixoloji həddən də aşağı düşməklə sözügedən bazarda ciddi durğunluq yaradıb. Eyni zamanda, son 5 ildə qızılın 8 faiz ucuzlaşması qeydə alınıb.

Dünya bazarına qızıla tələbin azalması, bir sıra ölkələrinin öz ehtiyatlarını satışıa çıxarması, eləcə də, investorların sözügedən bazardan öz vəsaitlərini tədricən kəçməsi qiymətli metalın "qiymətsizləşdirən" əsas səbəblərdən hesab edilir. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır.

Hazırda dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda, 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən bir sıra ölkələr, o cümlədən Çin və Hindistanda qızıl külçə və sikkələr ötən ildən başlayaraq bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına səbəb olub".

Ekspert deyib ki, qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son zaman müşahidə olunan tendensiya ilə də bağlıdır: "Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir. Qızıl bazarında spekulyatıv oyunlar da kifayət qədər yüksəkdir və bu, qiymətlərin dəyişməsini şərtləndirir".

Dünya bazarındakı dəyişikliklərin Azərbaycanda qızılın qiymətinə təsirinə gəlincə, ekspert artıq bunun baş verdiyini açıqlayıb. İdxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın azalma qeydə alınıb.

Səbəb valyuta bazarındakı qeyri-sabit vəziyyətdir

Ekspert Natiq Cəfərli bildirib ki, qızılın qiymətinin son dövrlərdə ciddi dəyişikliyə məruz qalmasının səbəbi valyuta bazarında olan qeyri-sabit vəziyyətdir: "Avro və dolların bir-birinə olan münasibəti son bir ay ərzində təqribən 15 faizə yaxın dəyişib. Valyuta bazarındakı kəskin dəyişiklik qızıl bazarına da təsirsiz ötüşməyib.

İkinci əsas faktor kimi dünya bazarında baş verən problemli hadisələri misal göstərmək olar. Avropa məkanında Yunanıstan probleminin həll olunmaması, Amerikada iqtisadi inkişafın keçən ilin sonuna nisbətən bu ilin birinci rübündə zəifləməsi, Yaxın Şərqdə baş verən münaqişələr və sair dünya iqtisadiyyatında qeyri-sabitlik yaradır. Qızılın da qiyməti bu cür hadisələrdə çox həssas davranır. Çox zaman etibarlı liman rolunu oynayır. İqtisadiyyatda problemlər yaşanarkən, sahibkarlar öz yatırımlarının bir hissəsini qızıla çevirərək orada saxlamağa üstünlük verirlər".

Ekspert bildirib ki, sonra bir az fəallıq hiss edildikdə aktivlərini qızıldan çıxardaraq qiymətli kağızlar bazarına yönləndirlər: "Bu proses daima oynaq olduğu üçün son dövrlərdə qızılın qiymətində dəyişiklik müşahidə edilir. Düşünürəm ki, ABŞ Federal Rezerv Sisteminin sentyabr ayında uçot faizini qaldırmaqla qızıl bazarında müəyyən dərəcədə bu stabillik yaranacaq. Çünki faiz qalxarkən dünyada dolların qiymətinin qalxması baş verəcək. Qızılda öz vəsaitlərini saxlayan yatırımcıların böyük bir qismi yenidən ABŞ qiymətli kağızlarına yönəlməyə üstünlük verəcəklər. Burada qızılın qiymətində 100 dollara qədər ciddi enmənin olacağını ehtimal edirlər".

"Qiymətlər hətta bir saatin içində də dəyişə bilər"

Çoxlarını hər zaman bir məsələ maraqlandırır - qızılın qiyməti aşağı düşsə də, dünya bazarındakı bu mənzərə ölkəmiz üçün xarakterik deyil. Belə ki, qızılın dəyərdən düşməsi ölkənin qızıl bazarında özünü göstərmir.

"Moskva" univermağında zərgər işləyən Samir Həsənov deyir ki, daxili bazarda qiymət məsələsi dünya birjalarındakı vəziyyətdən asılı olaraq tənzimlənir. Sadəcə, bu, əhalinin hiss edəcəyi formada baş vermir: "Dünya bazarında qiymətlər bir günün, hətta bir saatin içində də dəyişə bilər. Satışda isə elə məhsullar var ki, aylar, illər öncəyə, qızılın unsiyasının baha olduğu vaxtlara təsadüf edir. Ümumiyyətlə, dünya bazarındakı proseslərin daxili bazara təsiri özünü 3-4 ay ərzində göstərir".

Zərgər deyir ki, bundan əlavə, satışdakı hazır məhsula verilən qiymət onun çəkisinə görə yox, həm də quruluşuna, formasının sadə və mürəkkəbliyinə görədir. Buna görə də dünya bazarında qızılın qiyməti düşən kimi ucuz məhsul axtarmaq sadəlövhlükdür: "Təbii ki, ümumi tendensiya bazara təsir edir, amma bu, yeni partiya məhsullarda özünü göstərir. Bunun təsiri birinci əl məhusllarda daha çox hiss olunur. Məsələn, qızılın alışında Dubay ilk bazar, birinci əl sayılır və bizim sahibkarlar malı oradan ucuz alarsa, burada da ucuz satar. Bu, təkcə bizdən asılı olan səbəb deyil, ümumi bazar qanunlarını tənzimləyən tendensiyaya uyğun hərəkət edirik".

Satış aşağı düşüb

Ümumi bazar qanunlarını kimin müəyyən etməsinə gəlincə, müsahibimiz bu işlə sahibkarların məşğul olduğunu deyir: "Məsələn, müdir deyir ki, artıq gələn həftədən yeni mallar gələcək, o zaman köhnə məhsulların qiymətində bir qədər güzəşt edirik. Özümüz hazırladığımız məhsullara gəlincə, oxşar qaydalara uyğun işləyirik. Yəni qızıl kütləsini ucuz alanda hətta əl işimizə görə aldığmız pulda da endirim edirirk".

Sonda qeyd edək ki, hazırda satışda olan 585 əyarlı qızılın bir qramının qiyməti 38 manatdan başlayaraq 40-42 manat arasında dəyişir. Bu isə malın çeşidindən asılıdır.

700 əyarlı qızılın bir qramı isə 45 manatdan başlayaraq 50-52 manat arasında dəyişir. Toy mövsümü olmasına baxmayaraq, satıcılar ötən ilin müvafiq dövrü ilə müqayisədə qızılın satışında zəifləmə olduğunu deyirlər.

Naibə Qurbanova


Müəllif: