Ötən ilin dekabrında Azərbaycanda yerli sənayenin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olundu. Dövlət Proqramında göstərilir ki, sənayeləşmə həm iqtisadi, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir.
Vaxtilə Azərbaycanda toxuculuq, tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq sahələrindən ibarət fabriklər, zavodlar olub. Əksər müəssisələrin məhsulları keyfiyyət göstəricilərinə görə dünya miqyasına çıxarılacaq səviyyədə olmasa da, ölkə əhalisinin daxili tələbatını qismən də olsa ödəyib.
Azərbaycanda Yüngül Sənaye Nazirliyinin nəzdində 31 müəssisə - Bakı, Sumqayıt, Gəncə, Şəki, Yevlax, Xankəndi şəhərlərində, rayonlarda fəaliyyət göstərib.
Geyim, parça istehsalı artsa da, populyar deyil
İqtisadçıların fikrincə, yüngül sənaye ağır sənayedən fərqli olaraq daha az kapital intensivlidir. Yüngül sənayeyə qoyulan vəsaitlər tezliklə qayıdır, istehsal edilən məhsulun çeşidi az miqdarda vəsait qoyuluşu nəticəsində asanlıqla dəyişdirilə bilir. Sənaye üzrə istehsal xərcləri də aşağıdır.
Onu da bildirək ki, yüngül sənayedə məşğul olan işçilərin əksəriyyətini qadınlar təşkil edir. Hazırda qeyr-neft sektorunun inkişafında mühüm rol oynayan yüngül sənayenin fəaliyyəti nə yerdədir?
Araşdırmalarımızdan belə məlum oldu ki, 2008-ci ildən üzübəri bir çox istiqamətlər üzrə müsbət artım dinamikası müşahidə olunur. Pambıq mahlıcı, hazır ipək parçalar, pambıq yataq ağları, pambıq ipliyi, corab və ayaqqabı istehsalında artım var.
Yevlax rayonunda “Lalə-Tekstil” MMC tikiş fabriki, Lənkəran tikiş fabriki, Yevlax “Gilan-Dəri” MMC, “Akkord” şirkətlər qrupunun Ağstafadakı tikiş fabriki, Şirvan şəhərində pambıqtəmizləmə zavodu, Bakı İplik Fabriki, Bakı Tikiş Evi, Bakı Tekstil Fabriki, Salyan “Atanur” firması yun emalı zavodu, “Şəki ipək” ASC-nin nəzdində yeni baramaaçan sex, Sumqayıt “İntertekstil” ASC, Sumqayıtda toxuculuq, boya və tikiş fabriklərindən ibarət “Gilan Tekstil Parkı” və sair bu kimi müəssisələr fəaliyyət göstərir.
İri sənaye müəssisələri çoxalmayınca...
Millət vəkili Vahid Əhmədov bizimlə söhbətində dedi ki, Azərbaycanda son vaxtlar sənayeləşmənin inkişafı ilə əlaqədar müəyyən işlər görülür, kiçik sənaye müəssisələri açılır, onların inkişafına dəstək verilir. Amma ölkəmizdə çox sayda iri sənaye müəssisələrinin yaradılmasına ehtiyac var: “Hər bir ölkənin iqtisadiyyatının inkişafında iki amil əsas rol oynayır: bank sisteminin normal işləməsi və rentabelli sənayeləşmənin mövcudluğu. Yüngül sənaye də elə bir sahədir ki, burada həm ilkin xammal emalı, həm hazır məhsulun istehsalı ilə məşğul olmaq mümkündür. Azərbaycanda yüngül sənayenin inkişafı üçün pambıq, barama və sair bu kimi xammal sahələri var”.
Millət vəkili dedi ki, İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində olan Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə bu sahələrin inkişafına dəstək vermək mümkündür: “Ümumiyyətlə, Azərbaycan sənayesinin inkişafı müəyyən diqqət tələb edir. Həm xarici, həm daxili investisiya cəlb etməklə bu sahələri inkişaf etdirmək lazımdır. Açığını deyim ki, yüngül sənaye bir qədər diqqətdən kənarda qalıb. Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu sahəyə müəyyən güzəştlər edilməlidir ki, yüngül sənaye məhsulları üzrə ölkə idxaldan asılılıqdan azad olsun”.
Türkiyə və Çin geyimlərindən azad olmaq üçün
İqtisadçı Azər Mehtiyevin sözlərinə görə, Azərbaycanda yüngül sənayenin inkişafı üçün kifayət qədər imkanlar mövcuddur: “Bu gün Türkiyə, Çin dövlətləri tekstil və toxuculuq məhsulları üzrə dünyada tanınıblar, onların məhsulları Azərbaycan bazarlarında da populyardır. Halbuki Azərbaycanın özündə yüngül sənayenin inkişafı üçün kifayət qədər imkanlar var.
Xammal istehsalı üçün işçi qüvvəsi də yetərincədir. Ölkəyə müasir texnologiyalar gətirməklə bu sahənin inkişafına şərait yaratmaq olar. Çox sayda kiçik müəssisələrimiz var, amma bu sahənin inkişaf etməməsi ölkədə sahibkarlıq mühitinin, rəqabət mühitinin vəziyyətindən asılıdır".
İqtisadçı hesab edir ki, yüngül sənayenin inkişafı naminə yaradıcı təşəbbüskar mühitin yaradılması zəruridir: “Bu sahədə inhisarçılıq, məmur sahibkarlığı yüngül sənayedə rəqabət mühitinin intişar tapmasına imkan vermir. Təşəbbüskar insanların da bu sahədə fəaliyyəti məhdudlaşır. Sağlam rəqabət mühiti yaradılarsa, müəyyən təşəbbüs göstərən insanlara güzəştli kreditlərlə yardım göstərilərsə, Azərbaycanda bu sahə tez bir zamanda inkişaf edə bilər”.
Hökumətin güzəşt imkanları müxtəlifdir
Azər Mehtiyevin fikrincə, yüngül sənaye sahəsində dövlətin güzəşt imkanları genişdir: “Burada hökumət konkret hansı siyasət həyata keçirərsə, bu sahənin də inkişafı ondan asılıdır. Güzəştli kreditlərin verilməsi, vergilərdə güzəştlərin tətbiqi, müxtəlif növ avadanlıqların xaricdən gətirilməsi, bu sahədə ixtisaslaşmaya dəstək və sair kimi üsullar tətbiq edilə bilər”.
Azərbaycanda yerli sənayenin inkişafı ilə bağlı Dövlət Proqramında göstərilir ki, sənədin əsas məqsədi sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanmasıdır.
Proqramın əsas istiqamətləri sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsinə təsir edən amillərin araşdırılması, potensial istehsal sahələrinin müəyyən edilməsi, mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni istehsal sahələrinin yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi, sənaye standartlarının təkmilləşdirilməsi və sairdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev dedi ki, Dövlət Proqramından irəli gələn vəzifələr üzrə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına yüngül sənaye sahəsində fəaliyyət göstərən müəssisələrə dəstək verilir.
Sevil Hilalqızı