17 Aprel 2015 13:29
1 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Tarixi nadir” layihəsində Güntay Gəncalpla növbəti müsahibəni təqdim edir.

əvvəli burada http://teleqraf.com/news/51578

– Güntay bəy, Rəsulzadənin amacı ümmətçilik dövrünü idealizə etməkmi olub? Yoxsa...
– Rəsulzadənin əsərlərini oxuduğumuzda onun iki amacının olduğunu görürük.

– Hansılar?
– Birinci amacı elmi və ikinci amacı feili olmuşdur.

– Bir az açıqlayın mümkünsə...
– Rəsulzadənin elmi amacı xalqı keçmişinə, indiki durumuna, törəsinə, inancına, reflekslərinə, dilinə, kimliyinə görə tanımağa yönəlmişdir. Kimdir bu xalq və hansı tarixi mərhələrlərdən keçmiş, sosioloji pozisionu və dünyagörüşündə mövcud olan nələrdir? Bu suallara cavab verməyə çalışmışdı.

– Axı bu suallar çoxlarını düşündürüb, Axundovdan başlayaraq...
– Əlbəttə, bu sual sadəcə, Rəsulzadənin ağlında dolaşmamışdı. Axundovdan başlayaraq 1918-ci ilə qədər davam edən ziyalıların hər biri öz ölçüsünə və yöntəminə görə bu suala cavab verməyə çalışırdı. Lakin Rəsulzadədə bu suallara verilən cavablar siyasi fəlsəfə ölçüsünə yüksəlmişdir. Elmi amac axtarışında Rəsulzadə böyük əksikliklərlə qarşılaşır və hətta bu izdihamdan necə bir millət icad etmək olar kimi suallar soruşur və bundan sonra ikinci amaca, yəni feili amac ortaya çıxır.

– Yaxşı, Rəsulzadənin feili amacı nə idi və nəyi önə sürdü?
– Feili amaclar əməli amacın fərqinə toxunmadan bu düşüncəni açıqlaya bilməyəcəyəm.

– Tamam...
– Əməl, arxasında bir nəzəriyyə durmayan tətbiqatdır, əməldə insan, kütlə və ya bir qrup ənənələrin, gələnəklərin verilərinə görə davranar. Lakin feilin arxasında bir nəzəriyyə, bilgi, elmi və fikri axtarış dayanar. Bu üzdən Rəsulzadənin amacı əməli deyil, feili idi. Çünki gerçəkləşdirmək və realizasiyasını bərqərar etmək istədiyi bir ideya onun davranışlarının arxasında durmaqda idi. Elmi amac ideoloji və tarixi axtarışlardan ibarət idisə, Rəsulzadənin feili amacı teorik və utopik özəllik daşıyırdı.

– Yəni...
– Yəni bu tarixi gerçəkliklə, bu başına döyüb ağlayan qalabalıqla bir millət icad etmək mümkün deyilsə, o zaman yeni bir millət olmanın nəzəriyyəsini oluşdurmaq lazımdır. Rəsulzadənin feili amacı bu idi. Yəni feildə, bu an və burada hansı düşüncələri və siyası hədəfləri icad etmək gərəkir? Bu suallar ətrafında düşünən Rəsulzadə tarixi keçmişi də gələcəyin hədəflərinə və niyyətlərinə görə açıqlamaqda idi. Çünki Rəsulzadə də tarixin kökünün keçmişdə deyil, gələcəkdə olduğuna inanmışdı. Toplumları millət edən onların tarixi və sosial təbiəti deyil, hədəfləri və niyyətləridir.

– Aydın məsələdir.
– Tarix və sosial təbiət də zamanla toplumun önündəki hədəflərə görə formalaşmağa başlar. Rəsulzadə bu elmi gerçəkliyi çox doğru biçimdə mənimsəmişdi. Avropada yüzillər boyunca ortaya çıxan bu proses Rəsulzadə tərəfindən qəbul edilib və bizim öz dilimizdə və düşüncəmizdə elmi-siyasi təfəkkür halına gətirildiyi üçün başarılı modern bir tarixin altyapısı atıldı. Yoxsa heç bir ədəbiyyatı, mətni, siyasi keçmişi olmayan bir əhaliyə milli dövlət ərməğan etmək çox da asan iş deyildi. Bu gerçəkləri anlayıb açıqlamaq asan iş deyil, Rəsulzadə çox acı çəkmişdi.

– Rəsulzadənin İranda da fəaliyyətləri olub, bunu necə dəyərləndirərsiniz?
– Rəsulzadə çox gənckən bir çox doğruları və tarixi hadisələri dərindən idrak etmişdi. Rəsulzadə İranı, Osmanlını, Rusiyanı və qismən də Qərbi öyrənmişdi. İranda olduğunda 25 yaşında bir gənc idi. O zaman İranda böyük siyasi hərəkatlar vardı. Səttar Xan və Məşrutə hərəkatı ilə Qacar dövlətinin sonu gəlməkdə idi. Rəsulzadə bu hadisələrin sosiologiyasını dərindən öyrəndi və türk milləti üçün yararlı olmayacağını sezdi. Bu üzdən İranda fərqli bir axın yaratmaq istədi. Qacarların içindən milli türk dövləti çıxarmağı planladı. Bu niyyəti üçün də ”İrani-no” adlı bir qəzet çıxardı.

– ”İrani-no”, yəni yeni İran. Belə?
– Elədir. Yəni Səfəvilərdən sonra farslaşaraq türkləri yox sayan yönətimlərin tərsinə olaraq türk kimliyini və türk dilini önə çıxaran yeni İran. Çünki bu zamanlar Rəsulzadənin türklük bilinci çox elmi və köklü şəkildə formalaşmışdı. Nəticəsi ortaya qoyulduqdan sonra tarixi hadisələri dəyərləndirmək mümkündür. İndi o tarixi olayların nəticəsi ortadadır. Səttar Xanın və digərlərinin fədakarlığı fars milliyətçiliyinə xidmət edirdi və Rəsulzadə bunu öncədən sezmişdi. Tarixin nəticələri Rəsulzadənin haqlı olduğunu göstərdi.

– Sonda İrandakı fəaliyyətlərinin nəticəsi necə oldu və Rəsulzadə necə qərara gəldi?
– Rəsulzadə İranda Səfəvilərdən sonra türklüyün belinin qırıldığını gördü. Orada türk milli kimliyini modernləşdirmənin imkansız olduğunu sezdiyi üçün İranı tərk edərək Türkiyəyə getdi. 1911-ci ildə, yəni 27 yaşında “Türk Yurdu” dərgisində İrandakı müşahidələrini “İran türkləri” başlığı altında məqalələr seryası şəklində çap etdirdi. Bu məqalələrdə Rəsulzadə İrandakı türklərin Səfəvi dövləti qurulduqdan sonra şiəlik ideologiyası tərəfindən həzm edildiklərini, türk dünyasından və türk kimliyindən təcrid edilərək fars iranlı kimliyin bir parçası olduqlarını qələmə alır.

– Aha...
– Bu zaman Rəsulzadə artıq İrandakı türklərdən ümidini kəsmiş və orada milli türk kimliyinin hərəkətlənməyəcəyi qərarına varmışdı. Daha sonra Rəsulzadədən xəbərsiz olan AXC kimi təşkilatlar bütün ümidlərini Rəsulzadənin tərsinə olaraq saxta qəhrəmanlar ölkəsi kimi tanıdıqları Güney Azərbaycan adı altında İrani kimliyə bağlayacaqdılar. Çünki onlar fikrən Rəsulzadə varisləri deyil, İrançı tarix anlayışının və görüşün müdafiəçiləri idilər.

– Bəs siz Rəsulzadə ilə Türkiyə arasındakı münasibətləri necə görürsünüz?
– XX əsrin əvvəllərində Osmanlı son dönəmini yaşayırdı. XIX əsrin əvvəllərindən etibarən Osmanlıda milli türklük şüuru doğumuşdu. Çünki fərqli etniklər milli haqları və milli dövlət qurmaları yolunda mübarizə apardıqları üçün Osmanlı türklərində də buna təpki olaraq milli şüur şəkillənmişdi. Osmanlının son 100 ili milli dövlət nitəliyində olmuşdur. Zatən Atatürk də bu ortamın içindən çıxdı. Rəsulzadə Osmanlıdakı milli düşüncə inkişafını məmnuniyyətlə izləyirdi. Bu zaman Qafqaz osmanlı üçün fərqli geopolitik məkana çevrilmişdi. Osmanlının Qafqazda maraqları var idi və bu marağın ideoloji adı türk-İslam kimliyi idi.

– Rəsulzadə...
– Başda Rəsulzadə olmaq üzrə Qafqaz türkləri aydınlarının milli dünyagörüşü ilə Osmanlının bu marağı tam olaraq örtüşməkdə idi. Bu üzdən imkan daxilində İrandan, irançılıqdan uzaqlaşaraq xalqın sosial psixologiyasını Osmanlıya yönəltməyə çalışırdılar. Lakin bu da asan iş deyildi, çünki Səfəvilərdən sonra Qafqaz şiələrində də Osmanlı-türk düşmənliyi var idi. Hətta Osmanlı paşaları Bakıdan erməniləri təmizlərkən Bakının şiə əhalisi ermənilərə qarşı savaşmaq yerinə, başlarını yarıb yas saxlayıb ağlaşırdılar. Osmanlı paşası da dedi ki, madam İmam Hüseyn üçün ağlayırsınız, hamınızı göndərəcəyəm Kərbəlaya. İngiltərə Kərbəlanı işğal etmiş, gedib Hüseyn üçün orada ingilislərə qarşı savaşın. Bütün bu əhali qorxularından iki il gözə görünmədilər.

– Rəsulzadəni Osmanlı müttəfiqi eləyən elə bu idi, yoxsa başqa səbəblər də vardı?
– Rəsulzadə milli dövlət qurmaq istəyirdi. Milli dövləti necə qurmaq olar? Bunun üçün savaşacaq əsgərlər lazım idi. Ordusuz da bu bölgədə dövlətmi qurmaq olar? İran deyirdi ora bizimdir, milli dövlət qurmanıza gərək yox. Lakin osmanlının savaşacaq böyük orduları var idi. Bu ordular Rəsulzadənin ağlında dolaşan ideyanı dəstəkləyir və onun yolunda savaşmağa hazır olduqlarını bildirirdilər.

– Problem təkcə İran deyildi, bu zaman erməni məsələsi də vardı.
– Ayrıca, erməni birlikləri həm Qafqaz türklərinə, həm də Osmanlı türklərinə saldırırdı. Osmanlı həm də öz sınırlarının dışında, yəni Qafqazda erməni problemini də çözmək istəyirdi. Bunun üçün Qafqazda Azərbaycan adında milli bir dövlətin qurulması Osmanlının Qafqaz stratejisinə xidmət edirdi. Şübhəsiz, osmanlıda meydana çıxmış türkçülük, turançılıq kimi başqa ideologiyaların da etkisi var idi. Bu üzdən başda Rəsulzadə olmaq üzrə tarixdə milli dövlət olma şansını yaxalayan milli ziyalıların hamısı Osmanlını öz dövləti kimi görür və hətta Osmanlını qurtarıcı, xilaskar dövlət kimi görürdülər, həqiqət də bu idi. Osmanlı orduları olmasaydı, nə milli dövlətimiz olardı, nə də Qafqazda türk qalardı, hamısını ermənilər qətl edərdilər.

– Deməli, Rəsulzadənin ən böyük uğurunu milli dövlət qurmasında görürüsünüz.
– Milli dövlət qurma asan iş deyil. Hüquq nədir anlamayan, ağlını molla-feodal sinfinin xurafələrinə buraxmış bir qalabalığa modern hüquq dövləti qurmanın nə qədər çətin bir iş olduğunu anlamalıyıq. Yüzillər boyunca söndürülmüş insan ağlını üzə çıxarıb kullanmaq o zamankı şərtlərdə asan iş deyildi. Elə bir qaranlıqda ağlı kullanmaq böyük cəsarət tələb edirdi. Rəsulzadənin modern milli dövlət fəlsəfəsində din, dil, kimlik, qadın və insan haqları kimi anlayışlar hüquqi tərifə tabe tutulurdu. Aqressivliyin məzhəb adı altında ideologiyalaşdığı, molla və seyyidə tabe olmanın din hesab edildiyi tarixi bir dönəmdə modern milli dövlət qurmaq zehniyyəti sözün tam anlamı ilə qəhrəmanlıq idi.

– Tarixçilər Rəsulzadənin milli-siyasi və düşüncə həyatını dövrlərə bölürlər. Siz neçə mərhələyə ayırırsınız?
– Üç mərhələyə ayırıram. Hər üç mərhələnin də ayrıca bir dərinliyi var.

– Hansılardır bu üç mərhələ?
– Birinci mərhələ 1918-ci ilə qədər davam edən Rəsulzadənin gənclik dönəmi və geniş düşüncə axtarışı içində olduğu mərhələdir. İkinci mərhələ milli dövlət quruculuğu yolundakı böyük fədakarlığı və fəaliyyətləridir.

– Üçüncü...
– Üçüncü mərhələ 1920-ci ildən sonra mühacirətdəki həyatıdır. Mənə görə mühacirət həyatı da çox verimli olmuşdur.

(ardı var)

Kəramət Böyükçöl


Müəllif: