Keçmiş futbolçu Devid Bekhemin elektron məktub ünvanı hakerlər tərəfindən ələ keçirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun yazışmaları İngiltərə gündəminə damğasını vurub.
Afrikadakı aclıq ilə əlaqədar olaraq "UNİCEF"ə 1 milyon dollar bağışlamasını istəyən quruma futbolçu, "Pulumu bu iş üçün xərcləmək istəmirəm. Ondansa 1 milyonluq iş quraram. Əgər onlara verməsəm, bu pul məndə qalacaq", - deyə yazıb.
Həmçinin o, Afrikadakı kampaniyada iştirakı üçün təşkilatdan biznes-klasla uçmaq üçün gediş-gəliş biletlərinin alınmasını və 6685 funt-sterlinq (təxminən 15 min manat) pul tələb edib. Yazışmalardan məlum olub ki, D.Bekhemə "Ser" ünvanının verilməsi üçün ondan bu yardımın edilməsi istənilib. O, isə Birləşmiş Krallıq haqqında "Dəyərbilməzlər" ifadəsini işlədib.
İş ortaqları barəsində də yazışan Bekhem, "Artıq heç biri vecimə deyil. Kim mənimlə ortaq ola bilər, ya ola bilməz, buna mən qərar verə bilərəm. Bu lənətəgəlmişlər mənimlə ortaq ola bilməz", - deyə bildirib.
Digər məktubda isə Bekhem "Ser" ünvanını ala bilməsi üçün Şotlandiya referendumunda hansı tərəfi tutmalı olduğunu soruşur və ona məsləhət görülür ki, Birləşmiş Krallığın tərəfini müdafiə etsin.
Qeyd edək ki, İngiltərədə "Ser" ünvanı ölkə üçün böyük işlər görmüş şəxslərə kraliça tərəfindən təqdim edilir.