9 Fevral 2022 16:26
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Dilarə xanım, müğənni Natavan Həbibi həyat yoldaşınız Oqtay Əliyevin açıqlaması ilə bağlı fikir bildirib. Onun haqqınızda "Azərbaycan incəsənətinə ağır zərbə vuran ailə..." ifadəsi işlətməsinə münasibətinizi bilmək istərdik.

- Bu haqda danışmaq istəmirəm. Biz hər zaman hər kəsə kömək etmişik. Öz adıma deyirəm ki, heç vaxt verilişlərimdə bayağı mahnılar səslənməyib.

- Xatirə İslam, Natavan Həbibi və Elşad Xosenin televiziyalara çıxmaq üçün qonorar istəyi nə zamansa öz əksini tapa bilərmi?

- Bu iqtisadi vəziyyətlə bağlıdır. Kaş olsun... Nədən olmasın ki?! Amma hazırda belə bir vəziyyət inandırıcı deyil. Televiziyanın imkanı olsa, niyə belə bir addım atılmasın. Mən öz adıma deyirəm, heç bir müğənni deyə bilməz ki, layihələrimə ödəniş müqabilində qatılıblar. Onlar balaca uşaqlar idilər və yeni-yeni estrada mahnıları oxuyurdular. Biz də imkanımız daxilində onlara dəstək olurduq. Onların xətirlərinə dəyəcək nəsə etməmişik.

Yalnız mahnı və kliplərinə görə yüngülvari söhbətlər etmişik. Gücümüz buna çatırdı və bunu da etmişik. Hər kəs olduğu yerdən məmnundur və artıq başqa cür hərəkət etmək istəyir. Mən də arzu edirəm ki, kaş elə bir vəziyyət olsun ki, kim-kimdən nə arzu edir, onu əldə edə bilsin.

- Uzun illərdir bu sahədə çalışırsınız. Maraqlıdır ki, Xatirə İslamdan öncə verilişinizdə iştirak etmək üçün qonorar tələb edən müğənni olub?

- Xeyr, heç vaxt belə bir vəziyyətlə rastlaşmamışam. Belə bir istək mənə gəlməyib. Bu vəziyyətlə bağlı yalnız onu deyə bilərəm ki, tanrıdan yeganə arzum var: iqtisadiyyatımız, qazancımız o səviyyədə olsun ki, hamıya qonorar verilsin. Hər kəs də xoşbəxt olsun. Bunun üçün iqtisadiyyat güclənməlidir, şirkətlərin vəziyyəti yaxşı olmalıdır ki, telviziyalara yatırım edə bilsinlər. Biz də gücləndikcə əlimizi möhkəm tuta bilərik.Aramızda bu cür narazılıqlar da yaranmaz.

Amma zamanında kimsə təzə-təzə başlayanda şəxsən öz adıma deyirəm ki, biz bu insanların yanımda olmuşuq. Hətta Xatirə İslamın özü ilə də danışdım. Ona dedim ki, mən sənin yanındayam. Heç bir problem yoxdur. Kimlərinsə verilişinə qonorarla çıxıbsansa, ora da qonorarla çıxarsan.

- Bu iddia ilə çıxış edənlərin arqumentini gücləndirən səbəb İnstaqramdakı izləyicikərinin yüksək olması ola bilərmi?

- Bəli. Mən hər kəsin sənətinin böyüməsini, gözəl inkişaf etməsini arzu edirəm. İstəyim budur. Nə qədər gözəl işləsələr, keyfiyyətli musiqilər təqdim etsələr o qədər yaxşıdır. Onların gördükləri işlə bağlı heç nə deyə bilmərəm. Sənətlərinə həssaslıqla yanaşırlar.

Sadəcə istəyim odur ki, seçdikləri və izhar etdikləri fikirlərə də həssaslıqla yanaşsınlar. Düşünmədən, bilmədən inanlara zərbələr vurmasınlar. Yüz ölçüb, bir biçib danışsalar daha yaxşı olar.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər