7 May 2023 15:47
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Sefo Bakı Konqres Mərkəzində konsert proqramından sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Sefo Bakıya ilk dəfə gəldiyini açıqlayıb: "Şəhəri gəzmək şansım olmadı. Sadəcə bir məkana getdim, oradan şəhərin mənzərəsini seyr etdim. Bakını çox bəyəndim. Bir gün Bakıya gəzmək üçün gəlmək istəyirəm".

Müğənni həmkarı Edislə ölkəmizdə eyni gündə konsert proqramı ilə çıxış etməsindən də danışıb: "Konsertə biletimin alınması ilə bağlı heç bir problemim yoxdur. Üç tamaşaçı da gəlsə konsert edərəm. Konsertimə Türkiyədə yüz minlərlə tamaşaçı gəlir. Bununla bağlı heç bir çəkincəyim hal və problem yoxdur. Konsertim Edislə eyni gündə oldu və biletlərim satıldı".

İfaçı "Türkiyəli müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evləndi. Siz də azərbaycanlı xanımla ailə qurmaq istərdinizmi" sualına "Alıcı gözü ilə baxmadım, ona görə də tam bir söz deyə bilmərəm. İnşallah bir qız tapsaq elçi gələrəm",- deyə cavab verib.

Sefo onu da deyib ki, Avropada konsert prqoramları fərqli olur: "Avropada konsertlərim daha fərqli olur. Oradakı kütlə, insanlar... Azərbaycanda Türkiyəyə həsrət yoxdur, çünki o mədəniyyət burda da var, amma Almaniyada, İsveçrədə, Niderlandda bu mədəniyyət olmadığı üçün Türkiyədən nəsə gördükləri zaman fərqli hiss yaşayırlar, həyəcanlanırlar, mənimsəyirlər. Düzdür, Türkiyə və Azərbaycanda da mənimsəyirlər, amma orada daha çox görmək istəyirlər. Bu da fərqli hiss yaşadır".

İfaçı "Azərbaycanda ən çox təəccübləndirən nə oldu" sualına "Öz aranızda danışan zaman biz sizi anlamırıq, amma siz bizi başa düşürsünüz. Yəqin ki, film və mahnıların da təsiri var. "Mən hamınızı gözləyirəm", "şəkil çəkmək" kimi Azərbaycan dilində bir neçə ifadə bilirəm", - deyə cavablandırıb.

İfaçı konserti haqqında təəssürarlarını da bölüşüb: "Bakıdakı konsertimdə səhnəyə 6-7 dəfə çiçək gəldi. Özümü dəyərli, özəl hiss etdim. Bu da məndə fərqli hisslər yaşatdı. Azərbaycandan mesajlara gəlirdi. Amma mənim üçün burada sevgini görmək və hiss etmək fərqli hiss oldu".

Sefo konsertində qadınların çoxluq təşkil etməsindən də danışıb: "Qadınlar daha çox sevir, daha çox dinləyir. Həm də qadınlar konsertlərə getməyi daha çox sevir. Yəqin ki, ilk olaraq mahnıya, daha sonra mahnının sahibinə sempatiya da ola bilər. Kişilər də gəlir. Sevgilisi ilə gələnlər də var".

Sefo xarakteri haqqında da danışıb: "Balıq bürcüyəm və bürcümün xüsusiyyətlərini daşıyıram. Hər şeyə duyğusal yanaşıram. Mahnılarım ritmik, rəqs edirik, amma sözləri mənalıdır, duyğu içərisində söyləyirəm. Yaşadığım hadisələr də olur. Həyatı duyğu dolu yaşayıram. Mahnılarım ya hərəkətli olmalıdır, ya da çox duyğusal".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər