28 Dekabr 2020 14:11
3 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında azərbaycanlı olduğunu çox az insanın bildiyi, bizim çoxumuzun isə bundan tamam xəbərsiz qaldığı dünyaca məşhur şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Bu dəfə barəsində internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs vaxtilə dünya boksonun ən tanınmış simalarından olub.

Peşəkar rinqdə ilk debütü 2000-ci ilin dekabr ayına təsadüf edir. 2002-ci ildə 7-ci raundda Pşemislav Saletanı (41-4) nokaut edərək Avropa çempionu adını qazandı. 2003-cü ilin fevralında Denni Uilyamsı nokauta saldı. 2003-cü ilin aprelində britaniyalı Julius Frensisi nokaut etdi. 2003-cü ilin sentyabrında Almaniyada yaşayan iki məğlubiyyətsiz boksçu – Sinan Şamil Sam və kubalı Xuan Karlos Qomez arasında mübarizə baş verdi. Qomez xal qazandı.

2004-cü ilin fevralında Almaniyada yaşayan başqa bir boksçu – alban Luan Krasniçə məğlub oldu. 2005-ci ilin iyununda Piter Okellonu məğlub etdi.

Yeddinci raund

Sinan Şamil Sam ağır çəkidə çıxış edən Azərbaycan əsilli peşəkar boksçu idi. 1974-cü il iyunun 24-də Almaniyanın Frankfurt şəhərində anadan olub. İdman karyerasında kifayət qədər uğurlu keçib. Doqquz dəfə Türkiyə çempionu titulunu qazanıb. 1992-ci ildə gənclər arasında dünya çempionu olub. 1993-cü ildə Avropa çempionatını qazanıb. 1995-ci ildə dünya ikincisi olub və 1999-cu ildə boks üzrə həvəskarlar arasında dünya çempionatının qalibi olub.

2000-ci il aprelin 15-dən peşəkar boksçu kimi yoluna davam etməyə başlayıb. 2002-ci il oktyabrın 12-də polşalı rəqibi Psemislav Saletaya qarşı Avropa çempionu titulu uğrunda rinqə çıxıb və yeddinci raundda rəqibini nokautla məğlub edib.

“Boğaz Buğası”

Sinan Şamil Türkiyədə “Boğaz Buğası” adı ilə məşhur idi. 35 matçdan 31-də qalib gəlib. Bu qalibiyyətlərdən 16-nı nokautla qazanıb. İki oyun qızıl kəmərini qoruyub-saxlaya bilib. Bunlardan birini Denni Uilyama qarşı keçirib, altıncı raundda matçı texniki nokautla öz xeyrinə bitirib.

İkinci matçında yeddinci raundda nokautla qələbə qazandığı Julius Frensisə qarşı rinqə çıxıb. 2004-cü il fevralın 14-də Ştutqartda rinqə çıxan Sinan Şamil Sam qızıl kəmərini xal hesabı ilə məğlub olduğu Luan Krasniçə təhvil verib. Həmin il noyabrın 20-də Almaniyanın Kempten şəhərində rusiyalı boksçu Denis Baxtova qarşı rinqə çıxıb. Baxtovu onuncu raundda nokautla məğlub edərək Dünya Qitələrarası Boks Çempionu titulunu qazanıb.

2005-ci il fevralın 22-də ağır çəkililər arasında keçirilən dünya çempionatının (WBC) qalibi olub. Finalda rəqibi Lavrens Kley-Beyi məğlub edib.

Həmin il iyunun 11-də Kemptendə ağır çəkililər arasında keçirilən dünya çempionatının (WBC) finalında uqandalı rəqibi Piter Okellonu xal hesabı ilə məğlub edib. Lakin həmin il noyabrın 12-də Hamburqda keçirilən görüşdə rusiyalı rəqibi Oleq Maskayevə məğlub olub.

Həyatla mübarizə

2010-cu ilin dekabr ayında qaraciyər çatışmazlığı səbəbiylə reanimasiyaya aparılıb, yanvarın 14-də evə buraxılıb. 2015-ci il oktyabr ayından qaraciyər çatışmazlığı diaqnozu ilə xəstəxanada müalicə alan Sinan Şamil Sam böyrək çatışmazlığı başladıqdan sonra – oktyabrın 24-də reanimasiyaya yerləşdirilib. Təcili orqana ehtiyacı olan çempion altı gün sonra – oktyabrın 30-da vəfat edib.

Türkiyənin paytaxtı Ankarada Sinan Şamil Samın adına inşa edilmiş bir park var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər