Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz bu şəxs də onlardan biridir.
Aqşin Əliyev 1983-cü il fevralın 21-də Neftçala rayonunda anadan olub. Orta təhsilini Neftçala şəhər Nizami Gəncəvi adına 3 saylı orta məktəbdə alıb, bundan sonra Azərbaycan Dillər Universitetinin İngilis dili və regionşünaslıq fakültəsinə daxil olub.
2001-ci ildə Şanxay Universitetinin Çin dilinin tədrisi fakültəsinə qəbul olunub və Çin Xalq Respublikasının A kateqoriyalı təqaüdünü alıb. 2004-cü ildə Şanxay Universitetində Çin dili üzrə keçirilən müsabiqədə ikinci yeri tutub. 2005-ci ildə Çin dilinin filologiyası üzrə magistr təhsili alıb. 2008-ci ildə Şanxay şəhər meriyası tərəfindən doktorantura təhsili üçün verilən A kateqoriyalı təqaüdə layiq görülüb. 2013-2016-cı illərdə isə Şanxay Universitetində post-doktorantura dərəcəsinə yiyələnib.
Aqşin Əliyev 2016-cı ildən Pekin Xarici Dillər Universitetinin müəllimi və bu ali məktəbin Regionşünaslıq kafedrasının tədqiqatçısıdır. Eyni zamanda, Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsində Azərbaycan dili kafedrasının qurucusu və rəhbəridir.
Kafedra 2016-cı ildə qurulub. Bundan bir il sonra - 2017-ci il fevralın 28-dən etibarən Çində ilk dəfə olaraq bir ali məktəbdə Aqşin Əliyevin təşəbbüsü sayəsində Azərbaycan dili tədris olunmağa başlayıb. 2018-ci ildə Çində Azərbaycan dili ixtisasına qəbul elan edilib və ümumrespublika qəbul imtahanı vasitəsilə 10 tələbə bu ixtisasa qəbul olunub.
Bu, Çində Azərbaycanla bağlı baş verən ilk önəmli hadisələrdən sayılır. Kafedra artıq Çində ilk azərbaycanşünas tələbələrini məzun edib.
Azərbaycanlı alim Pekin Universitetində də mühazirə deyir.
Filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bu gün Çin Sosial Elmlər Akademiyasının alimidir. O, Çin Sosial Elmlər Akademiyasına 2018-ci ildə dəvət edilib. Aqşin Əliyev Çin Elmlər Akademiyasında tədqiqat aparmaq üçün bura dəvət edilən ilk əcnəbi elm adamı kimi tarixə düşüb. Çin Sosial Elmlər Akademiyasında Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi və bu günü, ədəbi və elmi tərcümələr, Qədim İpək yolu üzərində Çin-Azərbaycan əlaqələri, “Bir Kəmər - Bir Yol” təşəbbüsündə Azərbaycanın rolu kimi mövzuların tədqiqatı ilə məşğuldur.
Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun Çin üzrə koordinatorudur. Şanxay Universiteti Əcnəbi Tələbələrin Məzunlar Asossasiyasının sədr müavinidir.
Çin Xalq Respublikasında nəşr olunan bir sıra jurnal və qəzetlərdə elmi məqalələri dərc edilib. “Azərbaycanca-İngiliscə Çincə şəkilli lüğət”in və bir sıra Çin dili üzrə lüğətlərin tərcüməçisidir. Çin universitetində tədris olunan Azərbaycan dilinin əsaslarını əks etdirən müvafiq dərsliklərin də müəllifidir.
Bundan başqa, 4 müxtəlif məqsədli lüğət kitabı da nəşr olunub. Azərbaycan mədəniyyəti, təhsili, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı monoqrafiyalar yazıb. “XXI əsr Azərbaycan Ədəbiyyatı” və “Çin Mədəniyyəti Azərbaycanda” kitabları ilə bağlı elmi layihələrin müəllifidir. Bundan başqa, Çin ədəbiyyatından klassik əsərlərin Azərbaycan dilinə tərcüməsi, Çin dili və mədəniyyəti ilə bağlı araşdırma işləri həyata keçirir.
Aqşin Əliyev 2006-cı ildə “Çin dili elçisi” müsabiqəsində üçüncü yeri tutub. Şərqi Çin Pedaqoji Universitetinin “Ədəbi və bədii sahədəki fəaliyyətinə görə” verilən xüsusi təqaüdünü qazanıb. 2008-2009-cü illərdəki fəaliyyətinə görə Şərqi Çin Pedaqoji Universitetinin xüsusi mükafatına layiq görülüb. İkinci “Çin Dili Körpüsü” beynəlxalq Çin dili müsabiqəsində isə üçüncü yeri tutub.
Aqşin Əliyev 2020-ci ildə elm və təhsil verdiyi töhfələrə, təhsil, elm və mədəniyyət sahəsində Çin-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə Çin Xalq Respublikasında “İlin ən yaxşı əcnəbi müəllimi” adına layiq görülüb. O, bu yeri Çində pedaqoji və elmi sahədə çalışan minlərlə əcnəbi mütəxəssis, alim və pedaqoq arasından tutub. İndiyədək Çində bu ada layiq görülmüş yeganə azərbaycanlı alimdir. Bu mükafat 2011-ci ildə təsis edilib. Mükafat müsabiqə formatında Çin Elm və Texnologiya Nazirliyi, Çin Qlobal İstedadlar Mübadiləsi Assosiasiyası və “Beynəlxalq istedadlar” jurnalı tərəfindən birgə təsis olunub.
Aqşin Əliyev Çində azərbaycanşünaslığın tanıdılması üçün elmi məruzələr, sərgilər və digər tədbirlərin təşkilində fəal rol oynayır. 2019-cu ildə Pekin Xarici Dillər Universitetində Nəsiminin 650 illik yubileyi münasibəti ilə təşkil olunan sərgi də bura daxildir. Azərbaycanın Çindəki Səfirliyi, Heydər Əliyev Fondu və Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə keçirilən sərgi 15 gün davam edib.
Çində ilk Azərbaycanşünaslıq Beynəlxalq Elmi Konfransının keçirilməsi, Pekin Xarici Dillər Universitetində Azərbaycan Mərkəzinin yaradılması, Azərbaycan ədəbiyyatının seçmə əsərlərin Çin dilinə tərcüməsi və nəşri alimin gələcək planlarına daxildir.