Tədqiqatçılar okeanların temperaturuna və karbon anbarına önəmli töhfə verən Ueddell dənizindəki Antarktika dib suyunun (AABW) azaldığını və isindiyini iddia edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “British Antarctic Survey”in (BAS) araşdırmasında bildirilib.
Araşdırmaya görə, külək və dənizdəki uzunmüddətli dəyişikliklər Cənub okeanın bir hissəsi olan Ueddell dənizində dib sularının əmələ gəlməsinə təsir göstərir.
Dünyanın ən soyuq və sıx su hövzəsi olan AABW-nin azaldığını və isindiyini deyən tədqiqatçılar dib sularında müşahidə edilən azalmanın okeanda istilik və karbonun yığılmasına mane ola biləcəyini qeyd ediblər.
Mütəxəssislər Ueddell dənizinin temperaturu və duzluluğunu da ölçüblər.
Son 30 ildə dib sularının səviyyəsinin 20 faizdən çox azaldığını vurğulayan araşdırmaçılar 2000 metrdən çox dərinlikdə qalan suların digər okeanlara nisbətən 4 dəfə çox isindiyini bildiriblər. Araşdırmada qeyd olunub ki, suların azalmasına dəniz buzlarının əmələ gəlməsinin azalması səbəb olub.
Araşdırmanın aparıcı müəllifi, okeanoqraf Şenzi Çou bölgənin həssaslığını vurğulayaraq, atmosfer və dəniz buzları arasındakı əlaqənin vacibliyini vurğulayıb.
Dərin suların azalmasının ekosistemə təsir edə biləcəyini söyləyən tədqiqatçı Alessandro Silvano isə əvvəllər dərin suların dəyişməsinin əsrlər çəkə biləcəyini düşündüklərini, amma apardıqları müşahidələrdə bunun daha qısa müddətdə baş verə biləcəyini müəyyən etdiklərini deyib.
Sənaye İnqilabından bəri Cənub okeanında insan tərəfindən törədilən qlobal istiləşmənin 90 faizi və artıq karbon emissiyasının üçdə biri toplanıb.