Teleqraf.com Gürcüstan parlamentinin deputatı, hakimiyyətdə olan “Gürcü Arzusu” Hərəkatının funksioneri Mahir Dərziyevlə müsahibəni təqdim edir:
- Mahir müəllim, seçkiöncəsi Gürcüstanda vəziyyət necədir?
- Builki seçki kampaniyası əvvəlki seçki prosesindən bir qədər fərqlidir. Əvvəllər seçkinin vaxtı prezidentin fərmanı ilə seçkilərə 2 ay qalmış təyin olunurdu. Lakin bu il Gürcüstan prezidenti seçkiyə 5 ay qalmış seçkinin vaxtının elan olunacağını dedi. Bu isə müzakirələrə səbəb oldu. Çoxları düşündü ki, Gürcüstan kimi kiçik və kasıb ölkədə 5 ay əvvəldən seçkinin vaxtının elan edilməsi əlavə maliyyə itkisinə səbəb olacaq, siyasi vəziyyəti aktivləşdirəcək və s. Seçkinin vaxtı haqda prezidentin fərman verməsi isə seçki prosesinə start vermək anlamına gəlir. Prezident də seçkiyə 4 ay qalmış fərman verdi və beləcə həm də seçki prosesinə start verildi. Hazırda 2 aydır ki, seçki kampaniyası gedir. Mərkəzi Seçki Komissiyasında 34 partiya qeydiyyatdan keçib. Onların böyük əksəriyyəti majoritar sistem üzrə namizədlərini açıqlayıb. Yerlərdə seçkilərlə bağlı canlanma, təbliğat-təşviqat kampaniyası davam edir. Builki seçkinin bir xüsusiyyəti də ondan ibarət olacaq ki, Vahid Milli Hərəkat Partiyası seçkidən sonra ana müxalifət rolunu oynaya bilməyəcək. Beləcə, parlamentdə ana müxalifət yerini itirəcək. Proqnozlara görə, “Gürcü Arzusu”nun əsas rəqibi olan Vahid Milli Hərəkat parlamentdə 10-20 deputat yeri qazana biləcək.
- Təmsil olunduğunuz “Gürcü Arzusu” Hərəkatı seçkidə neçə deputat kürsüsü qazana bilər?
- Qətiyyətlə deyim ki, “Gürcü Arzusu” parlamentdə 90-100 deputat mandatı əldə edəcək. Bu isə ona təkbaşına hökumət qurmaq imkanı verəcək. Ötən seçkilərdə “Gürcü Arzusu”nun koalisiya müttəfiqləri bu il seçkilərdə ayrıca iştirak edəcək. Söhbət Respublikaçılar, Azad Demokratlar və digər partiyalardan gedir. Yəni koalisiyada olmuş 5 partiya indi müstəqil olaraq seçkilərə gedəcək. Həmçinin yeni siyasi qüvvələr də meydana çıxıb. Bu gözlənilməz olsa da, məşhur opera müğənnisi yeni partiya yaradıb və cəmiyyətdə yetərincə reytinqə malikdir. Bu qurumun da barajı keçərək parlamentə düşəcəyi gözlənilir. “Gürcü Arzusu”nun parlamentdə 100-ə qədər mandata sahib olacağı gözlənilir. Gürcüstanda daima sosioloji sorğular keçirilir. Bu sorğuya görə, seçicilərin üçdə biri hansı partiyaya səs verəcəyini müəyyən etməyib. Bu məqam gözlənilməzdir. Amma mütəxəssislər güman edir ki, onların əksəriyyəti bizim partiyaya səs verəcək. Əminəm ki, seçkinin nəticələrinə görə, “Gürcü Arzusu” qalib gələcək. Bizim rəqiblərimiz də artıq seçkilərdə qələbə çalmaq deyil, parlamentə təmsil olunmaq iddiasındadır. Son bələdiyyə seçkilərinin nəticələri göstərir ki, oktyabrın 8-də keçiriləcək parlament seçkilərində seçki fəallığı yüksək olacaq.
- Gürcüstan azərbaycanlıları kimə səs verəcək?
- Azərbaycanlılar Gürcüstan cəmiyyətinə yetəri qədər inteqrasiya olunub. Bu ölkənin uğurları bizim nailiyyətimizdir, problemləri də bizimdir. Sadəcə azərbaycanlıların bir sıra spesifik problemləri var. Onların başında da təhsil problemi durur. Məktəblərimizdə təhsil səviyyəsi aşağıdır. Eləcə də kütləvi informasiya vasitələrindən təcrid olunma problemi var. Təsəvvür edin ki, burada bəzən Azərbaycan televiziyaları vasitəsilə soydaşlarımız Gürcüstanda baş verən hadisələrdən xəbər tuturlar. Amma azərbaycanlıların bir uğuru da odur ki, azərbaycanlı icması Gürcüstanın bütün siyasi spektrində təmsil olunur. Əvvəllər müxalifət partiyaları adam tapmırdı ki, namizədliklərini irəli sürsünlər. İndi azərbaycanlı icmasının fəallığının nəticəsində azərbaycanlıların kompakt yaşadığı bütün ərazilərdə iqtidar və müxalifət partiyalarının namizədləri azərbaycanlılardır.
- Hakim “Gürcü Arzusu”ndan neçə azərbaycanlı namizəd irəli sürüləcək?
- Bu yaxınlarda “Gürcü Arzusu”nun Kvemo-Kartli bölgəsi üzrə majoritar sistem üzrə namizədləri elan olundu. Biz Qardabanidən Savalan Mirzəyevin, Marneulidən isə Ruslan Hacıyevin namizədliyini irəli sürdük. Bundan başqa, “Gürcü Arzusu”nun proporsional sistem üzrə namizədlər siyahısı açıqlanacaq. Bizim proporsional siyahımız hələ açıqlanmayıb. Hesab edirəm ki, bu siyahı üzrə ən azı iki azərbaycanlı ən şanslı yerlərdə olacaq və parlamentə düşəcək. Həmçinin Vahid Milli Hərəkatın Marneulidən olan majoritar deputatı Azər Süleymanov da namizəddir. Eyni zamanda Azad Demokratlar Partiyasından Benyamin Qasımov da partiya siyahısı üzrə ön yerdədir. Yəni ümumilikdə azərbaycanlı namizədlərin sayı kifayət qədərdir.
- İyulun 26-da Gürcüstan hakimiyyəti Armudlu yaylasında Elat Bayramı keçirməyə imkan vermədi. Bunu necə qiymətləndirmək olar?
- Əslində, həmin gün bayram keçirildi, sadəcə olaraq Elat adından keçirilmədi. Bu bayramın adını Dimanisoba qoydular. Mən özüm də neçə illərdir deyirdim ki, bayram keçirmək yükünü bələdiyyələr öz üzərinə götürməlidir. Qonşu Türkiyədə də bu cürdür. Təşkilati işlər ağır yük idi və “Borçalı” Cəmiyyətinin bu yükü daşıması haradasa ağır, mümkünsüz idi. Son bayram tədbirində “Borçalı” Cəmiyyətinin nümayəndələrinin iştirakçılığına mane törədilməyib. Mən özüm orada idim. Sadəcə tədbirin formatı bir qədər dəyişildi və Dmanisi bələdiyyəsi bayramın keçirilməsini öz üzərinə götürdü. Hər zaman bizə deyirdilər, bəzən irad tuturdular ki, əsrlər boyu çiyin-çiyinə yaşayan dost xalqların sevinci də, kədəri də bir olub, bayramı da birgə keçiriblər. Çox yaxşı olardı ki, bu bayram da dostluq və qardaşlıq bayramı olaraq keçirilsin. Dmanisi çoxmillətli rayondur, burada azərbaycanlılarla yanaşı gürcülər də yaşayır. Düzdür, son tədbirdə müəyyən çatışmazlıqlar, təşkilati axsamalar oldu. Bunu inkar etmirəm. Lakin ideyanı normal qəbul edirəm. Burada “Borçalı” Cəmiyyətinin iştirak etməsinə maneçilik törədilməyib. Digər başqa ictimai qurumlardan, Türkiyə və İrandan qonaqlar gəlmişdi. Onların hamısına söz verildi. Gözəl bir mədəni proqram oldu və s.
- Siz hakimiyyətdə təmsil olunan partiyanın deputatsınız. Bəs, Gürcüstan Türkiyədə baş verən hadisələrə necə yanaşır?
- Birmənalı olaraq gürcü cəmiyyəti və bizim azərbaycanlılar Türkiyədə qanuni seçilən hakimiyyəti dəstəklədi, konstitusiya quruluşunun silahlı yolla dəyişdirilməsi, azad yolla seçilən hökumətin devrilməsi cəhdini pislədilər. Həmçinin Tiflisdə Türkiyə səfirliyi önündə mitinq keçirildi, prezident Ərdoğana dəstək ifadə edildi. Burada gürcü cəmiyyətinin təmsilçiləri də iştirak etdi. Mənim Gürcüstandakı bütün kəsimlərin nümayəndələri ilə münasibətim var. Hər kəs bu hadisəni birmənalı pislədi.
- Gürcüstanda Fətullah Gülən tərəfdarları, şəbəkəsi varmı?
- Bəli, Gürcüstanda nurçular və ya Gülən tərəfdarı olan şəxslər var. Gürcüstanda bu şəbəkənin 5-6 məktəbi, eləcə də Qaradəniz Universiteti var. Türkiyənin buradakı səfiri Gürcüstan təhsil nazirinə bu məktəblərin statusuna dair müraciət etmişdi. Eləcə də Türkiyənin Batumidəki Baş konsulu sərt açıqlama verərək elan etmişdi ki, bunlar terrorçuların yuvasıdır və bu məktəbləri bağlamaq lazımdır. Amma sonra Türkiyə tərəfi bir açıqlama verdi ki, burada heç yeri terror yuvası hesab etmir. Bizim təhsil naziri də mətbuatda açıqlama verdi ki, bu məktəblər Gürcüstan qanunlarına uyğun olaraq fəaliyyət göstərir. Görünən budur ki, Gürcüstan bu məktəbləri bağlamayacaq.
NEMƏT