“Nadir şah istəsəydi, Anadolunu tuta bilərdi”
İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elpin Teleqraf.com-a müsahibəsi:
- Hikmət bəy, Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal edildikdən sonra mühacirətdə ilk təşkilatlar məhz İstanbulda quruldu. İstanbulda Azərbaycanla bağlı iş görmək necə bir hissdir?
- Biz Azərbaycanı Ankarada Azərbaycan Kültür Dərnəyinin çap etdiyi dərgi ilə tanıdıq. Uşaqlığımız o dərgiləri oxuyaraq keçib. O zamanlar İstanbulda müxtəlif təşkilatların yarandığını bilirəm, ancaq onlar uzun ömürlü olmayıb. Görünür, ya dəstəklənməyib, ya kütləni bir araya gətirə bilməyiblər. Son zamanlar burada ən yüksək səviyyəli dərnək 1990-cı ildə 20 yanvarla bağlı yaradılmışdı. O günlərdə yüz min insan 20 yanvara etiraz olaraq mitinq elədi. Ondan sonra bir neçə dəfə də dərnəklər quruldu, amma davam etmədi. Hazırda İstanbulda bir neçə dərnək var, amma lokal xarakterlidir. Bəziləri öz məqsədləri üçün yaradılıb, bəziləri isə kiçik qrupları, məsələn, iğdırlıları, qarslıları təmsil edir. Öz kültürlərini yaşatmaq məqsədilə belə dərnəklər qurublar.
- Siz Kültür Evini nə zaman qurdunuz?
- 2008-ci ildə Azərbaycan kültürü ilə bağlı İstanbuldakı boşluğu doldurmaq məqsədilə qurduq. Əvvəlcə “Azəri Kültür Evi” adı ilə yaratdıq. Lakin sonra müzakirələr çərçivəsində qərara alındı ki, biz Türkiyədə “azəri” adı ilə tanınsaq da, bu söz, əslində, bizi ayırmaq məqsədilə yaradılıb, ona görə də akademik insanlarımızın da xəbərdarlığı nəticəsində İstanbul Azərbaycan Kültür Evi olaraq adını dəyişdirdik. İlk fəaliyyətimiz Novruzla bağlı oldu, ardından Xocalı ilə bağlı tədbirlər keçirdik. Türkiyədə yaşayan azərbaycanlılara, elə öz uşaqlarımıza Azərbaycan kültürünü tanıtmaq məqsədilə yola çıxdıq.
Daha sonra Azərbaycan kültürünü Türkiyədə Anadolu insanına tanıtmaq üçün konfranslar, panellər təşkil etdik. Azərbaycan ərazisinin bugünkü siyasi xəritədəki kimi olmadığını insanlara çatdırmaq əsas vəzifələrimizdən biridir. Bu gün Ermənistan adlanan yerin, əslində, Qərbi Azərbaycan torpaqları üzərində imperial güclərin yaratdığı bir dövlət olduğunu hər fürsətdə deyirik. Azərbaycan Kültür coğrafiyasının tanıdılması üzərində mütəmadi işləyirik və bu coğrafiyanın bir tərəfinin də bu gün İran siyasi xəritəsi üzərində olduğunu insanlara anladırıq. “Güney Azərbaycanın türk dünyasında yeri və önəmi” adlı konfrans keçirdik. Bu da xeyli səs gətirən bir fəaliyyət oldu. Təbii ki, bizim qanayan yaramız Qarabağ məsələsi ilə bağlı da hər fürsətdə, hər il müxtəlif işlər görürük. Bu işlər üçün heç bir rəsmi qurumdan, dövlətdən dəstək almamışıq. Sadəcə bir ovuc könüllüdən ibarət dostlarımızın bir yolda yürüməsi nəticəsində oldu. Təbii ki, İstanbul kimi bir şəhərdə yaşayan insanların bir təşkilatı ayaqda tutması çox çətindir. Siz də burada yaşayan biri kimi bunu bilirsiniz. Amma bu çətinliklərə dözdük, çünki biz bunu bir mübarizə olaraq görürük. Fikirlərimizi həyata keçirmək üçün bir yayın evi də qurduq. Bu yayın evində tamamilə missiyamıza uyğun əsərləri yayınlayırıq. Çünki burada Azərbaycanın dərin mədəniyyətindən xəbərsiz olan çox böyük kütlə var.
- Hətta mənə burada tez-tez sual edilir ki, Qarabağ məsələsində siz bir ovuc erməniyə qarşı qalib gələ bilmirsiniz?
- Daha bilmirlər ki, bu, Azərbaycan və Ermənistan arasında olan bir məsələ deyil, bununla bağlı dünya güclərinin maraqları da var. Ancaq hər nə olursa olsun, Qarabağ Azərbaycanın ürəyidir və elə də qalacaq. Bunun üçün üçüncü dünya hərbi də qalxacaqsa, bunu qaldırmalıyıq. Hətta İrəvanı da diqqətdən kənar tutmamalıyıq ki, ora da bizim baba yurdlarımızdır. Nə olsun ki, 70 il, ya 100 il özgələrin əlinə keçmiş olsun... Mən hər zaman demişəm ki, bu gün Azərbaycan tanınmırsa, bilinmirsə, qarşıdakını günahlandırmaq lazım deyil. O suç bizdədir. Özümüzə sual verməliyik ki, biz niyə bunları dünyaya yox, öz insanımıza anlatmamışıq. Bu gün ermənilərin yalan “soyqırımı”na uğramasını ölkəmizdəki öz insanlarımız da söyləyir... Əsas qırğını bizim yaşadığımızı anlada bilməmişiksə, bunun günahkarı bizlərik. Özümüzü də aid edirəm. Dünən İrəvanı necə ki, imperialist güclər ermənilərə verdilər, bu gün də Qarabağ üzərində o oyunlar gedir... Hazırda İstanbulda bakalavrda, magistrdə oxuyan xeyli azərbaycanlı tələbə, akademik karyera qurmuş vətənaşlarımız var. Təəssüf ki, bu insanlar yüz il əvvəl İstanbula təhsilə gələn aydınlarımızın yolunu getmirlər. O vaxt idi ki onlar, dünyaya Türkçülük ideyasını qoyublar. Bu gün onlar Azərbaycanla bağlı fəaliyyətlərə qoşulmurlar. Əlbəttə ki, bu gənclərin qayğıları, maddi sıxıntıları var. Çox çətin şərtlər altında gəlir, işləmək məcburiyyətində qalırlar. Bunun özü də bir mücadilədir, amma bunların hamısının başında milli mücadilə gəlməlidir.
- Ailəniz Türkiyəyə nə zaman gəlib?
- Özüm İğdırın Aralıq ilçəsində dünyaya gəlmişəm. Atam da 1923-cü ildə orada doğulub. Ancaq babamın əsli şiddilidir, bu gün Qərbi Azərbaycan dediyimiz bir coğrafiyadan, ermənilərin zülmündən xilas olmuş ailənin tək oğlu olub. Bir bacısı da vardı. Yəni oradan bu tərəfə keçənlərdəndir. İğdırda, Aralıqda Azərbaycan kültürünə aid olan insanlar yaşayır. Biz uşaq ikən türk kültürünün fərqliliklərini bilmirdik. Amma 12-13 yaşımdan, “Azərbaycan” dərgisini oxuduqdan sonra dərk elədim ki, biz Azərbaycan türklüyünün sərhədin bu tayında qalanlarındanıq. Atam, anam yetimlik, yoxsulluqla böyüyüblər. Amma əsla özlərindən uzaqlaşmayıblar. Mən orada yaşayarkən Azərbaycan türkcəsiylə şeirlər yazmağa başladım. Amma “x”, “q”, “ə” hərfləri olmadığına görə o səslər üçün özümdən simvollar düzəltmişdim. Bu şəkildə şeirləri yazırdım. Bir gün bir dostum dedi ki, bununla bağlı kiril əlifbası var, orada bu səslərin hərfləri var, hətta zamanında Azərbaycanda qəbul edilən latın qrafikasında da olub. Bunu biləndən sonra araşdırdım, kiril əlifbasını öyrəndim, Sovet Azərbaycanından müxtəlif şəkildə bura gətirilən kitabları oxumağa başladım. Azərbaycan tarixini, ədəbiyyatını, dilini daha dərindən öyrənmək üçün kiril qrafikası ilə 5-10 kitab oxudum. Mənim ilk məktəb müəllimim də dəyərli alim Seyfəddin Altaylı bəy olub. Sonradan mənə dostlarım dedi ki, sən kitab dilində danışırsan... Beləliklə, 1982-ci ildə Azərbaycan türkcəsində şeirlər yazmışam. Antalogiyalarda həm Azərbaycan, həm də buradakı türkcə ilə yazdığım şeirlər var. Şeirlərimdə Vətən duyğusu çox yüksək yer tutur. Onlardan bir dənəsini burdan sizə bir balaca oxuyum:
Doluxsandım ağlar oldum
Gözlərimdən iki damcı vətən düşdü.
Biri Cənub, biri Şimal ad aldı
Nə vaxtkı nadanlar əlinə düşdü
Parçalandı birliyimiz yad oldu...
Azərbaycan sevgili idi bizim üçün... Bir dəfə Azərbaycandan xalça sərgisi gəlmişdi, bir dostumla başqa yerə getməliydik, nə qədər israr etdisə də, dedim ki, yox mən sərgiyə gedəcəyəm. O da hirsləndi ki, eşitsən ki, Azərbaycandan bir pişik gəlib, onun da arxasından gedəcəksən (gülür). Bizdə belə bir sevgi vardı... Azərbaycanın Türkiyədə yüksək səslə səslənməsi isə Qarabağ hadisələrindən sonra oldu.
- Azərbaycanda bunlar yaşanarkən Türkiyədə də ermənilər vardı. Onlar nə düşünürdü?
- Bir gün bir erməni ilə rastlaşdım. O, mənə dedi ki, Qarabağ bizimdir. Bunu çox əmin şəkildə söylədi. Dedim ki, siz haralısınız? Dedi ki, istanbulluyam. Söylədim, başqa gəldiyiniz yer varmı? Dedi ki, yox. Dedim bəs, İstanbulda yaşayıb, Türkiyə vətəndaşı olub necə deyə bilirsiniz ki, Qarabağ bizimdir. Siz mənə ermənilərin Qarabağda tarixə çevrilmiş bir-iki şəxsinin adını çəkə bilərsinizmi? Susdu... Dedim ki, istəsəniz, mən Qarabağdan olan dünyanın tanıdığı onlarla azərbaycanlının adını çəkə bilərəm. Üzeyir Hacıbəylinin, Xan Şuşinskinin və digərlərinin adlarını sadaladım. Dedim ki, Qarabağ və İrəvan bizim yurdumuzdur. Siz ermənilərə başqaları tərəfindən peşkək çəkilib. Bir İstanbul ermənisinin necə bir millətçilik etdiyini, Qarabağ haqqındakı kəskin duruşunu heyrətlə izlədim. Biz isə bu barədə heç nə göstərmirik...
- Hazırda İstanbulun özündə ermənilərin təşkilatlanması necədir?
- Ermənilər dünyanın harasındasa təşkilatlanır, lobbi fəaliyyətlərində bulunur, diaspora yaradırlar. Ancaq dünyanın ən kəskin diasporasını İstanbulda yaradıblar. Nə yazıq ki, türklər olaraq, Türkiyə Cümhuriyyətinin vətəndaşları olaraq öz əlimizlə bunların yolunu açmışıq. Və bu gün mediada səsləndirilən fikirlər ermənilərin əl altından yaydıqları fikirlərdir. Hətta dost-tanış söhbətdə ermənilərin zülmə məruz qalmış xalq olduqlarını söyləyirlər... Halbuki, tariximizi bilməməkdən qaynaqlanır bunlar. Onlar ermənilərə deməliydilər ki, sizin babalarınız ölkəmizdə rifah içində yaşadıqları halda dünya savaşında xəyanət edərək rusların tərəfinə keçdilər, bundan niyə danışmırsınız?
- Dediniz ki, “Azərbaycan” dərgisini oxuyurdunuz. Mühacirlərdən kimləri görə bildiniz, hazırda onların nəslindən kimlərlə əlaqələriniz var?
- Yüksək səviyyədəki insanları nadir hallarda görə bilmişdik. Digərlərini çox gördük. Səttar Güldür adında bir mühacir vardı, onun övladlarını gördüm. Yanlış xatırlamıramsa, Muhsin Ertuğrul teatrında işləyirdilər. Əli bəy Hüseynzadənin qızını gördüm və bu gün İstanbulda yaşayır. Zeynalabdin Tağıyevin qızlar məktəbində oxuyan bir xanımın qızı hazırda 93 yaşındadır və burada yaşayır, onunla görüşmüşük. 1936-cı ildə Azərbaycandan gələn bir ailənin oğlu ilə tanışam, görüşürük. Ağdaşdan gəliblər. Birinci nəsil artıq qalmayıb, bir neçə adam var. İkinci nəsildən çox var. Rəfibəylilər ailəsindən Bursada yaşayan, Əsgəran soyadını almış bir ailə var. Handan xanım var o ailədən, Bursada Azərbaycan Kültür Dərnəyinin başqanıdır. Çox intellektual bir ailədirlər. Mühacirlər 1920-ci illərin sonu, 30-cu illərin əvvəllərində Qarsda “Arşın mal alan”, “O olmasın bu olsun” kimi əsərlərimizi səhnəyə qoyublar. Yəni, Qarsa intellektual səviyyəsi yüksək olanlar gəliblər. Qarsda həm imkanlar geniş olub, həm də intellektual səviyyə. Kəndlərdən gələnlər isə İğdır və Ərdəhandakı kəndlərə yığışıblar. Bakıdan, Gümrüdən. Tiflisdən gələnlər Qarsa gəliblər... İstanbuldakı mühacirlər bir-biriləri arasında münasibət qurub, bir-birilərinin iş yerlərində toplanıblar. Məsələn, Allah uzun ömür versin, “Hazer” dərgisini çıxaran Həmid Turan var, onun Cağaloğlunda nəşriyyat evi vardı, ora toplantı yerlərindən biri imiş. Yenə Bəyaziddə azərbaycanlıların toplanma yerləri varmış. Həm Quzey, həm də Güney Azərbaycandan.
- Sizin özünüz Azərbaycana ilk dəfə nə zaman gəldiniz?
- 1991-ci ildə. Sərhədlər hələ rus qoşunlarının nəzarətində idi. O zaman Naxçıvanda bir körpünün təməli atılmışdı, amma rəsmi keçidlər yox idi. O körpü salınan zaman Naxçıvana keçdim, oradan da başqa bir naxçıvanlının kimliyi ilə Bakıya getdim. O gedişimdə Naxçıvanın Şərur rayonunun Axaməd kəndindən Xəlil Cəfərov adında bir oğlan mənə yoldaşlıq etmişdi. Naxçıvanda bir gün o kənddə qalmışdım, sabah erkəndən qalxdım ki, burdakı günlük yaşayışa baxım ki, necədir. Gördüm ki, elə bizim kəndlərdəki yaşamdır. Sovet sistemi olsa da, dəyərlər eyni qalıb. Bakıda köhnə Əhmədlidə dostumun evində qaldım. Səhər qalxdığımda gördüm ki, hamı öz evinin qabağını süpürür. Yəni eyni idi hər şey, bizim kənd yaşayışımızdakı kimi... Təbii ki, Bakı kosmopolit şəhər idi, rusca çox danışılırdı. Evlər ucuz idi, bir dostum dedi ki, gəl burdan iki ev al, nə zamansa lazım olar. Almadım, düşündüm ki, mən burda cibimdəki pulla iki ev alsam, bu o deməkdir ki, iki adamın haqqını alacam. Çünki köçkünlərin, qaçqınların bu evlərə ehtiyacları vardı.
- Bakıdakı müzakirələri izləyirsinizmi? Məsələn, Şah İsmayıl Xətai ilə bağlı...
- Xətai bu gün nə yazıq ki, Osmanlıda yaxşı bilinməyib və pislənilib. Türkiyədə son 15-20 ilə qədər onun adını da çəkmək olmazdı. Ancaq yeni-yeni görürük ki, Şah İsmayıl Xətainin ən az Yavuz qədər türk olduğu yazılır. Görünür ki, akademik çalışmalar irəliləyib. Xətaini özgə kimi görmək Azərbaycana nə qazandıra bilər ki? Əlbəttə ki, tarixdə mükəmməl insan yoxdur. Səhvləri demək ayrı şeydir, onu “özgə” adlandırmaq, lənət oxumaq ayrı. Osmanlı sarayı ilə müqayisədə Xətainin sarayının daha çox türk duruşu vardı. Dövlət sisteminin farsca qurulmasına gəldikdə, Səlcuqlu imperiyası hansı sistemlə qurulmuşdu? Xətainin sistemi Səlcuqlardan fərqli bir şey deyildi. Osmanlıda eyni sistem deyildimi? Bu gün də Türkiyə Cümhuriyyətinin maliyyə sistemi Nizamülmülkün Səlcuqlar zamanında qoyduğu sistemdir. Hüquq sistemi də eynidir. Xətainin qızılbaşlıq düşüncəsi türk gələnək və görənəkləri ilə islam inancının bir sintezi idi. Necə ki, Əhməd Yəsəvinin bir sintezi vardı, Şah İsmayılınkı daha kəskin idi. Milli tərəfi kəskin idi. Lakin I Şah Abbasın zamanında şiəçilik sisteminə daxil olundu.
- Nadir şahın qurduğu dövlətin bu il 280 illiyi olacaq. Təəssüf ki, Nadirlə də bağlı düşüncələr müxtəlifdir...
- Nadir şahın fəaliyyətini Göy türklərdən sonra milli kimlik baxımından adı qoyulmamış bir Turan hərəkatı olaraq görürəm. Nadiri bir çox yerlərdə zalım şah kimi yazıblar, bu, düzgün deyil. O zalım dedikləri şah, ingilis imperiyasına qarşı Babur şahlarını qorumaq məqsədilə Hindistana gedib və oranı himayəsinə aldığı müddətdə ingilislər ora girə bilməyiblər. O zalım dedikləri şah, rus imperiyasının Orta Asiyaya girmək düşüncəsini görüb, onları himayəsinə alıb və “buralar mənim torpaqlarımdır” deyib. O zalım şah dedikləri Nadir şah Osmanlının ən zəif, özünün ən güclü vaxtında istəsəydi, bu dövlətə savaş açar və Anadolunu tuta bilərdi. Amma əsla bunu etmədi. Bir dəfə bir Osmanlı paşası Bağdadı tutmuşdu, Nadir səfərdən qayıdarkən bu paşanı yenir, amma Osmanlı torpaqlarına girmir. Nadir şaha təsadüfi deyil ki, Şərqin Napoleonu deyirlər. Nadir şah dənizlərə hakim olmaq fikrinə də düşmüşdü. Topları da inkişaf etdirən o olmuşdu. Onun qurduğu dövlətin 280 illiyi, xüsusilə, Türkiyədə müxtəlif panel və konfranslarla tanıdılmalıdır. Göy türklərdən sonra ilk qurultay keçirən də Nadirdir, şahlığı qurultaydan alan da odur. Şahlığı qəbul etdiyi zaman şərt qoyur: dövləti şiə məhzəbinə görə idarə etməyi qəbul etmirəm. Bunun özü laikliyin, dünyəviliyin təməlidir. Dövləti din təəssübündən qurtarıb. Osmanlıya məktub yazıb ki, gəlin, məzhəb ayrılığını aradan götürək.
- 2016-cı ilin bitməsinə üç ay qalıb. Kültür Evi olaraq bu il üçün hansı planlarınız qalıb?
- Kültür Evi olaraq Əzimə Ağalarovanın kitabını çap etmişik. Əzimə xanım hazırda Türkiyədədir. Mərmərə Universitetində həmin kitabın təqdimatı olacaq. Toplum olaraq bir sorunumuz var. Burada “qarapapaq-tərəkəmə-azəri” kimi adı qoyulmamış bir bölünmüşlük problemi yaşayırıq. Bununla bağlı ciddi konfranslar olacaq. Təkcə İstanbulda deyil, İzmir, Ankara və Qarsda da ayrımçılığı aradan götürən tədbirlər qoymağı düşünürük. Son zamanlar teatr fəaliyyətinə başlamışıq. Dünyadakı savaşların qadınlara verdiyi əzab üzərinə bir səhnəmiz olacaq. Xocalıda qadınların yaşadığı vəhşət dilə gətiriləcək. Bir çox yerlərdə səhnəyə qoyulacaq. Bu günlərdə Azərbaycan-Türkiyə musiqi sintezi üzərinə çalışmalara başlamışıq. Türk sənət musiqisi topluluğu ilə Azərbaycan musiqisi üzərinə iş birliyi edirik, Dünya Azərbaycanlıları gününü ehtiva edən həftə içərisində konsert düşünürük.
Dilqəm ƏHMƏD