28 Dekabr 2016 15:52
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a müsahibəsində 2016-cı ilin yekunları haqqında danışıb. Həmin müsahibəni təqdim edirik:

- Sərdar bəy, 2016-cı il başa çatır. Bu il sizin yaddaşınızda daha çox nə ilə qalacaq?
- Birincisi, şəxsi həyatımda ən ciddi hadisələrdən biri - mənim Nobel mükafatına müraciət etməyim və təqdim etdiyin nəzəriyyənin gizli səsvermə komitəsindən keçməsi oldu. Ona görə də 2016-cı il bununla yaddaşımda qalacaq. Artıq ikinci bir işimi də Nobel komissiyasına təqdim etmişəm. Bunu şəxsi nailiyyətim hesab edirəm.

İkincisi, 2016-cı il həm də bizim üçün fəlakətli sayıla bilər. Başa vurduğumuz ildə mən qardaşım və qardaşım oğlunu itirdim. Onların ikisi də müharibədə olmuşdu. Qardaşım veteran idi və müharibədə aldığı zədələr səbəbindən vəfat etdi. Qardaşım oğlu isə Aprel müharibəsində şəhid oldu. 2016-cı il bu mənada bizim həyatımızda ən ağır illərdən biri kimi yadda qalacaq.

Ölkə həyatında da 2016-cı ildə müəyyən hadisələrlə yadda qaldı. Bu il ölkədə referendum keçirildi, Konstitusiya dəyişdirildi.

Həmçinin 2016-cı il ölkədə sosial iqtisadi vəziyyətin maliyyə-kredit mərhələsindən istehlak mərhələsinə keçidi ilə yadda qaldı.

Şübhəsiz ki, bu il dünyada da ciddi hadisələr baş verdi. Məsələn, İngiltərənin Avropa Birliyindən çıxması, Türkiyənin Avropa Birliyi ilə danışıqları dayandırması, Rusiya-Türkiyə arasında əvvəlcə müharibə həddinə çatan münaqişə, daha sonra isə ciddi yaxınlaşma hadisəsi. Açığı, 2016-ci ildə hadisələr o qədər iri masştablı oldu ki, bunu birmənalı olaraq yaxşı və ya pis il kimi qiymətləndirmək doğru olmazdı.

Xüsusilə, qeyd edim ki, 2016-cı ildə həm də ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi, Suriyada yaşananlar, Türkiyənin apardığı hərbi əməliyyatlar, habelə Dağlıq Qarabağ konflikti ilə bağlı 2 aprel müharibəsi vurğulanmalıdır.

Aprel döyüşlərində bizim xalqın müharibəyə hazır olması, doğurdan da torpaqlarımızın işğaldan azad edilməsi üçün böyük fədakarlıq göstərə biləcəyi layiqli şəkildə ortaya çıxdı. Mən tam əminəm ki, zərbaycan xalqı öz qarşısında duran bütün problemləri həll edə bilər. Buna qədər düşünürdüm ki, bu gənclər butulka şalvar geyinirlər, bütün günü bazarlarda, küçələrdə gəzirlər, tum çırtlayırlar. Hesab edirdim ki, vətən, dövlət, xalq anlayışı gənclər üçün artıq vacib əhəmiyyətli məsələ deyil. Amma Aprel döyüşlərində mən könüllülük hərəkatını, şəhidlərimizə olan reaksiyanı gördüm. Bəlli oldu ki, bunlar kənardan bizim gözümüzdə qeyri-ciddi görünsə də, əslində onların hamısında qəhrəmanlıq, fədakarlıq, vətənə məhəbbət hissi var. Yəni alt şüurda vətənə bağlılıq mövcuddur və bir hadisə olan zaman dərhal meydana çıxır. Bu da bizə ümidlər verir. Biz zahirən ümidsiz görünürük, amma effektiv idarəçilik olacaqsa, Azərbaycanda qeyri adi istedadlı, bacarıqlı insanlar ortaya çıxacaq, biz dünyaya nümunə olan cəmiyyət ortaya qoya biləcəyik.

- Müxalifət düşərgəsi üçün 2016-cı il necə yadda qalacaq?
- Müxalifət Azərbaycan cəmiyyətinin bir hissəsidir. Əgər cəmiyyətimizdə iqtisadi böhran varsa, demək müxalifətdə də böhran olmalıdır. Əgər olmasa şübhələnərik ki, müxalifət kimə xidmət edir? Ölkədə sosial-iqtisadi vəziyyət dəyişibsə, ancaq ADP-də maliyyə problemi yaranmayıbsa, üzvlərimizin dolanışığında mənfiyə doğru dəyişiklik yoxdursa, adama deyərlər, haradan maliyyələşirsiniz ki, vəziyyət sizə təsir göstərmir. Bu baxımdan ölkədə nə proses gedirsə, ona ən həssas reaksiya müxalifətdən olur. Çünki müxalifət iqtidar və bitərəflərdən fərqli olaraq, ikiqat pressinqə məruz qalır. Müxalifətdə durumunda pisləşmə daha çoxdur. Yəni müxalifət çətinlikləri daha tez hiss edir.

- 2016-cı ildə müxalifət düşərgəsi revanş götürə bildi, yoxsa bir qədər də zəiflədi?
- Azərbaycan müxalifətində böhran mövcuddur. Bu bir ölkədəki vəziyyətlə bağlıdır, bir də müxalifətçiliyin özünün böhranı var. Məşhur bir şer var: dünya dəyişir, mən niyə dəyişməyim? Bütün dünya dəyişir və dəyişilmə təbiətin qanunlarından biridir. Təkrarlanma və dəyişilmə təbiətin əsas qanunudur. O yerdə ki, yalnız təkrarlanma var, buna deyirlər ölümdür. O yerdə ki, yanlış dəyişilmə varsa, buna deyirlər keçiddir. Amma inkişaf dəyişilmələrlə təkrarlanmaların uzlaşdırılmasını tələb edir. Azərbaycan müxalifəti yalnız təkrarlanma ilə məşğul oldu, heç bir dəyişilmə yolunu tutmadı. Xüsusilə, müxalifətçilikdə siyasiləşmə aşağı səviyyədə olduğuna görə şəxsi ambisiyalar, intriqalar, birinin digərini bəyənməməsi halları mənfi tendensiyalara səbəb oldu. Başqa sözlə, siyasi münasibətlərdən fərdi münasibətləri qabağa qoymaq gətirib ona çıxardı ki, bütövlükdə müxalifət zəiflədi. Bizim zəifləməyimizin əsas üç əsas səbəbi var. Zəifliyin birinci səbəbini əskikliklərin tərəqqisi qanunda axtarmaq lazımdır. İkincisi, Azərbaycan cəmiyyəti zəif olduğu üçün biz də cəmiyyətin bir hissəsi olaraq zəifik. Üçüncüsü, biz öz içimizdən qaynaqlanan qeyri-siyasiləşməyə görə zəifik. Məsələn, biz illər əvvəl toplaşıb böyük iclaslar keçirirdik. O iclaslarda insan məsuliyyət hiss edir, dedikləri fikirləri götür qoy edirdi. Nəticədə ciddi müzakirələr gedirdi ki, bu da şüurun bir idmanı olurdu. 2016-cı ildə müxalifət bir araya gələ bilmədi, heç bir məsələni birgə müzakirə etmədi.

- 2017-ci ildən gözləntiləriniz nədir?
- 2017-ci illə bağlı dünya ekspertlərinin də verdiyi proqnozlara görə, qlobal iqtisadi vəziyyət və onun üst qurumu kimi siyasi böhran özünün klumunasiya nöqtəsinə çatacaq. O strukturlar ki, zəifdir və belə qlobal proseslərə dözə bilmir, məncə, onlar sıradan çıxacaq. Məsələn, Suriya və İraq kimi. Necə ki, bəzi dövlətlər dağıldı. 2017-ci ildə fərqli regionlarda zəif və yanlış idarəçiliyə əsaslanan dövlətlərin dağılması gözlənilir. Eləcə də dünyada çöküş baş verəcək, yeni bölgələrdə yeni münaqişələrin ortaya çıxması gözlənilir. Əslinə baxsanız, bu qlobal maliyyə böhranının əsas səbəblərindən biri də müasir dünya düzəninin reallığa uyğun olmamasıdır. Müasir dünya düzəni İkinci dünya müharibəsindən sonra, 1947-ci ildə müəyyən edilib. Buna ikiqütblü dünya və ikili iqtisadi idarəetmə demək də olar. Bir tərəfdə planlı təsərrüfata əsaslanan iqtisadiyyat, digər tərəfdən isə bazar iqtisadiyyatına əsaslanan ekonomika. Hüquq da bunların üzərində qurulmuşdu. Amma sovet hökuməti dağıldıqdan sonra planlı təsərrüfat aradan çıxdı, dünyada ancaq bazar iqtisadiyyatına əsaslanan iqtisadi model mövcuddur. Yalnız cüzi formada Çində və Kubada sosial iqtisadiyyatın elementləri qalıb, ancaq onlar dünya iqtisadiyyatında rol almır. Beləliklə, əgər iqtisadiyyatda belə dəyişiklik baş veribsə, siyasətdə də dəyişikliklər tələb olunur. Ancaq siyasət, beynəlxalq hüquq ikiqütblü dünyanın məntiqinə uyğun müəyyən olunub. Bu ğünkü ziddiyyət dünyadakı böhranın yaranması və inkişaf etməsinin əsas səbəblərindən biridir. Ona görə də indiki vəziyyət dünyanın yeni dünya düzəninə keçməsi ilə başa çatacaq. Buna indi kim mane olacaq, imkan verməyəcək və ya dünya liderləri vaxtında ayıqlıq göstərərək, bir araya gəlib yeni dünya düzəni müəyyən edə bilməyəcəklərsə, məncə 2018-ci ildə də dünyada iqtisadi böhran və onun məntiqinə əsasən yaranacaq siyasi böhran davam edəcək. Bu zaman dünya müharibəsinin hər addımda meydana çıxa bilməsi riski yüksələcək. Yox, əgər dünyada yeni liderlər ortaya çıxaraq, dünya düzənini yeni reallıqlara uyğun olaraq formalaşdırılmaqla bağlı cəhdlər edəcəksə, BMT-ni buraxıb onun yerinə yeni təşkilat təsis edəcəklərsə, beynəlxalq hüquq normaları dəyişdiriləcəksə, bu zaman böhran aradan qalxacaq. Və dünya əmin-amanlıq xəttinə düşəcək.

- Siz, 2017-ci illə bağlı daha çox pessimistsiz?
- Əksinə, by, realist yanaşmadır. Düşünürəm ki, 2017-ci ildə dünyada bütün istiqamətlərdə proseslər kəskinləşəcək. Yəni iqtisadiyyatda da, siyasətdə də vəziyyət kəskinləşəcək. Əlbəttə, biz istərdik ki, dünya sakit və aramla inkişaf etsin, müharibələr dayandırılsın, münaqişələr ədalətli həllini tapsın. O cümlədən Azərbaycanın Dağlıq Qarabağ problemi həll edilsin.


Cavad


Müəllif: