5 Yanvar 2017 16:12
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış türkoloq alim Rafiq İsmayılla müsahibəni təqdim edir.

- Rafiq müəllim, Yaxın Şərqdə vəziyyəti necə dəyərləndirirsiz?
- Bu gün Yaxın Şərqdə vəziyyət çox mürəkkəbdir. Bu bölgədə bir çox məsələlər bir-birinə qarışıb. Əgər belə demək mümkünsə, kələfin ucu düyünlənib. Bu kələfin ucunun haradan açmaq lazım olduğu isə böyük suallar doğurur. Ona görə də bu problemlə bağlı ölkələr, məsələyə maraq göstərən tərəflərin hər biri fərqli yol göstərir. Nəticədə problemin həlli getdikcə uzanır.


- Əsas problem Suriyadır?
- Suriya böhranı Yaxın Şərq regionunda və dünyada sadəcə öndə gəlir. Amma Suriya böhranı ilə yanaşı kürd dövlətinin yaranması məsələsi var. Suriya ilə bağlı təriqət davası, sünni-şiə problemi, qaçqınlar məsələsi var. Bunlar Suriyanın əsas məsələsidir. İkincisi, İraq var. İraqda da kürd məsələsi, daxili istiqlal, məzhəb, dövlətin bölünməsi məsələləri var. Bax, bunların həlli necə olacaq məsələsində vahid mövqe yoxdur. Və əslində işin də pis tərəfi budur.

- Yəni 2017-ci ildə Suriya böhranın həlli imkanları reallaşdırılmayacaq?
- Hesab edirəm ki, 2017-ci il üçün Suriya böhranının həlli imkanları yox səviyyəsində olacaq. Qənaətimcə, bu problem hələ davam edəcək. Çünki ən azı müəyyən qlobal qüvvələr Bəşər Əsədin hakimiyyətdə qalması şərti ilə problemlərin həll edilməsinin tərəfdarı kimi çıxış edir. Digər güclər isə Əsədin iştirakı olmadan böhranın həlli variantını irəli sürür. Əsədin prezidentlik müddətinə isə hələlik bir il vaxt qalır.

- Türkiyənin Suriya siyasəti nədən ibarətdir?
- Türkiyə Suriya ilə maraqlanan, ona silah verən, rejimi qoruyan, bura ordu göndərən bütün qlobal güclərdən fərqli olaraq bu ölkə ilə birbaşa sərhəddi olan dövlətdir. Odur ki, Türkiyənin Suriya ilə maraqlanması və bu böhranda rol oynaması tarixi zərurətdən irəli gəlir. Suriya ilə köçkünlər, onların yerləşdirilməsi, məzhəb probleminin həllində Türkiyə daha qayğılı, daha maraqlıdır. Bu, həqiqətdir.

- Ancaq görünən budur ki, Ankara indi Suriya böhranını Qərblə deyil, Rusiya ilə birgə həll etmək istəyir...
-Türkiyə Qərbdən, NATO-dan və Amerikadan istədiyi köməyi, dəstəyi ala bilmədi. Bu şəraitdə Ankara ilə Moskvanın yaxınlaşması tendensiyası müşahidə olunmağa başladı. Bu gedişlə Rusiya və Türkiyə Suriya böhranının həllinə dair müəyyən razılaşmalar əldə etdilər. Ancaq nəzərə alın ki, bu yaxınlaşmanın və razılaşmaların perspektivi həm də hadisələrin sonrakı gedişindən asılı olacaq. İndi Amerikada növbəti prezident hakimiyyətə gələcək və fəaliyyətə başlayacaq. Bu bir şərtdir. İkincisi, Qərb ölkələrinin Suriya qaçqınlarına olan münasibəti və nəhayətdə ABŞ-ın yeni administrasiyasının Yaxın Şərq üzrə yürüdəcəyi siyasətdən çox şey asılı olacaq.

- Rusiya Türkiyə yaxınlaşması Yaxın Şərqə, ələlxüsus Suriyaya sülh və stabillik gətirə bilərmi?
- Türkiyə ilə Rusiyanın yaxınlaşması, Suriya ilə bağlı razılığa gəlməsi bu ölkədə ancaq müəyyən bir məsələdə sabitlik yarada bilər. Amma Yaxın Şərq problemi ümumilikdə beynəlxalq problem statusunu alıb. Bu məsələDə digər dövlətlərin də marağı var, bu problemin həllində iştirak edirlər. Odur ki, Rusiya və Türkiyə təklikdə bu böhranın həllində heç nə edə bilməzlər. Sadəcə görüntü yarana bilər ki, Rusiya Yaxın Şərqdə və Suriyada fəallaşıb, Türkiyə bu məsələdə ona ciddi dəstək verir, birgə iştirak edirlər və s. Bu görüntüdən o yana olan bir şey deyil.

- Hazırda Türkiyənin apardığı siyasət Rusiya ilə yaxınlaşmağa, İranla münasibətləri sanki qaydaya qoymağa hesablanır. Bir çoxları hesab edir ki, Türkiyə xarici siyasət oriyentasiyasını dəyişir, Qərb xəttindən uzaqlaşır. Sizcə, bu belədirmi?
- Burada konkret bir məsələni ayrıca qeyd etmək doğru olmazdı. Çünki üçlük kimi təqdim edəriksə - İran, Rusiya və Türkiyənin Suriya ilə bağlı yanaşmasında fərqli çalar var. Rusiya və İran birmənalı olaraq Suriya rejiminə silahlı dəstək verir. Türkiyə isə bu prosesə qarşıdır. Bu baxımdan onların üçünün birgə hərəkətinin nəticəsi arzu edilən şəkildə olmayacaq. Bu, birmənalıdır. Sadəcə olaraq bu yaxınlaşma müəyyən mənada siyasi xarakterlidir. Məsələn, Türkiyənin bu yaxınlaşması bir növ onu dəstəkləməyən qüvvələrə qarşı sanki təsir vasitəsidir.

- Amma hazırda Ankaranın Amerika ilə münasibətləri hamar deyil, Avropa Birliyi ilə dialoq faktiki olaraq dayandırılıb...
- Türkiyə Rusiya və ya digər qonşu ölkə ilə yolüstü əlaqələrini yaxınlaşdıra bilər. Bu mümkün olan addımdır. Amma Türkiyənin Amerika, NATO və Qərb dövlətləri ilə münasibətlərini korlamağı birmənalı mümkün deyil. Nəzərə alın ki, Türkiyə ABŞ, NATO və Qərb ölkələri ilə daha sıx tellərlə bir-birinə bağlıdır. Başqa sözlə, strateji müttəfiqdir.

- Ancaq reallıq odur ki, Ankara hətta Şanxay Əməkdaşlıq Təşkilatına ciddi meyl edir...
- Bu, sadəcə, söz olaraq qalır və gördüyünüz kimi bunun ciddi bir siyasi nəticəsi yoxdur.

- Sizə elə gəlmirmi ki, hazırda Ankaranın Suriya siyasətində dəyişiklik müşahidə edilir. Məsələn, əvvəl Ankara bəyan edirdi ki, Bəşər Əsəd hakimiyyətdən getməlidir. Ancaq indi belə bir tələb dilə gətirilmir...
- Bu yanaşma daha çox Rusiyanın mövqeyidir. Türkiyə deyirdi ki, Əsəd getməlidir, Rusiya deyirdi ki, Əsəd qalmalıdır. İndi də iki ölkə arasında razılaşma da bunun üzərindədir. Yəni Bəşər Əsəd hakimiyyətdə qalmalıdır və Əsəd olduğu dövrdə Suriya məsələsi öz həllini tapmalıdır. Başqa sözlə, Türkiyə Rusiyanın bu mövqeyini bölüşmək məcburiyyəti qarşısında qalıb. Ancaq təbii ki, bu mövqelər, yaxınlaşmalar və ya uzaqlaşmalar Suriya məsələsinin həllinin sonuna qədər davam edəcək. Sonra Suriyada yeni rejim olacaq və münasibətlərdə yeni əsaslar və zəminlər üzərində qurulacaq.

- Yaxın Şərqdə bir mürəkkəb geosiyasi və geohərbi durum var. Bu şərtlər altında kürd dövlətinin yaranması ehtimalı nə qədərdir?
- İraqda faktiki olaraq kürd dövləti strukturu mövcuddur. Suriyada isə digər ölkələr ola bilsin ki, bu məsələdə müəyyən cəhdlər göstərir. Amma Türkiyə burada kürd dövlətinin yaranmasının qəti əleyhinə çıxış edir, bu məqsədlə də müəyyən addımlar atır. Mən istisna etmirəm ki, bu məsələdə Rusiya-Türkiyə razılaşması da var. Hər halda ehtimal edirəm ki, Suriyada kürd dövlətinin qurulmaması üçün Rusiya ilə Türkiyə arasında bir mövqe razılaşması var.

- Türkiyənin daxili problemləri - terror, silahlı hücumlar səngimir. Nəhayətdə sonuncu dəfə 31 dekabrda terror hücumu oldu. Bundan sonrakı mərhələni necə görürsünüz?
- Türkiyə daxilində terror hücumlarının artması belə demək mümkünsə, təbiidir. Terror aktlarının artması tendensiyası təkcə Türkiyədə deyil. İstər ABŞ-da, istər Avropa ölkələrində, istərsə də Rusiyada bu hallar mövcuddur. Yəni bu regionlarda bu və ya digər zaman kəsiyində terror aktları baş verir. Türkiyədə belə dövlətlərdən biridir və burada terror hücumlarının olması ehtimalı realdır. Göründüyü kimi, terror hücumları da baş verir. Ancaq dövlət bu halların qarşısını almaq, belə hücumların baş tutmaması üçün səylərini səfərbər etməyə çalışır. Bildiyiniz kimi müəyyən şəxslər həbs edilib, terror ocaqları dağıdılır, terrorçular zərərləşdirilir.

CAVAD


Müəllif: