6 Yanvar 2017 17:55
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AKP elitasında ideoloji baxışın üstün olması cəmiyyəti parçaladı”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa son zamanlar Türkiyə ətrafında baş verən prosesləri Teleqraf.com-a şərh edib. Onunla müsahibəni təqdim edirik:

- Son vaxtlar Türkiyənin bölgələrindən tutmuş mərkəzinə doğru hər yerdə silsilə terror aktları həyata keçirilir. Terrorun bu səviyyədə intensivləşməsini necə şərh edərdiniz?
- İlk növbədə böyük dövlətlərin Türkiyəyə qarşı apardığı siyasətə baxmaq lazımdır. Avropa Birliyi, ABŞ-ın siyasətinin dəyişməsi müəyyən dərəcədə terrorun intensivləşməsinə səbəb oldu. Terrorun arxasında hansısa güclü dövlətlər durmursa, onu reallaşdırmaq mümkün deyil. Terror elə hadisədir ki, burada əlaqələr şaxələnməlidir, fərdi qaydada kiminsə genişmiqyaslı terror törətmək imkanı minimuma bərabərdir. Bu, “banda” işi deyil. Müasir texnologiyalar dövründə pasportların dəyişməsi, nəqliyyat daşınması, terrorçunun vaxtında məkana çatdırılması məsələləri var, söhbət saniyələrdən gedir. Ona görə də bunun arxasında mütləq böyük güclər, ayrı-ayrı ölkələrdəki Türkiyəni çökdürmək istəyən qüvvələrin birləşmiş fəaliyyəti durur. Bu koordinasiyalı iş nəticəsində də belə genişmiqyaslı terror hadisələri intensiv xarakter almağa başlayır. Bu məsələyə təkcə hüquq-mühafizə orqanlarının zəifliyi kimi deyil, hücumun miqyasının daha geniş və güclü olması kimi baxmaq lazımdır. Digər tərəfdən, daxildə hüquq-mühafizə orqanlarının içində təftişçilik, yerdəyişmə və yıpradılma prosesinin getməsi 7-8 ildir Türkiyədə sabit polis, hərbçi anlayışını yoxa çıxarıb. Hər kəs mövqeyinin sanki tükdən asılı olduğu qənaətindədir. Bu da proseslərə ciddi təsir göstərir. Çünki heç kəs özünü yerində rahat hiss eləmir və konkret hansı proqram üzrə hərəkət edəcəyini bilmir. Bu iki amilin təsiri böyükdür. Üçüncüsü də əldə çoxlu silahlar var. Türkiyə İraqda, Suriyada hərbi əməliyyatlar keçirdiyi üçün əldə silahın olması müəyyən dərəcədə silahın terrorçu qruplara daha əlçatan olmasına imkan yaradır. Bunlar hamısı bir-biri ilə əlaqəli məsələlərdir. Bütün hallarda Türkiyənin beynəlxalq güclər tərəfindən zəiflədilməsi prosesi gedir. Buna ciddi şəkildə müqavimət göstərilməzsə, çox acı vəziyyət yarana bilər. Unutmayaq ki, Türkiyədə millət faktoru kifayət qədər güclüdür, millət dövləti qorumaq üçün böyük potensial və iradəyə sahibdir. Bu faktor olmasaydı, Türkiyə silkələnmələrlə çoxdan çökərdi.

- Suriyadakı proseslər aktivləşənədək böyük dövlətlər Türkiyə ilə hesablaşırdı, indi tamam əks vəziyyəti müşahidə edirik, basqılar artıb. Buna səbəb nədir?
- Bu, Türkiyənin müəyyən dərəcədə müstəqil siyasət yeritməsinin həzm olunmaması ilə bağlıdır. Türkiyə NATO ölkəsidir, alışıblar ki, Türkiyə verilən təlimat üzrə hərəkət edəcək, qarşısına “Marşall planı” qoyulacaq, o plan yerinə yetiriləcək. Yaxud Adnan Menderes zamanında sənayeləşməni həyata keçirmək üçün Amerika pul vermədiyindən Türkiyə SSRİ-yə üz tutmalı olmuşdu, kredit üçün SSRİ-yə yönəldiyinə görə o, dərhal hakimiyyətdən uzaqlaşdırıldı. Süleyman Dəmirəl beynəlxalq sistemdən pul ala bilmədi, kənd təsərrüfatının vəziyyətini yaxşılaşdırmaq məqsədilə SSRİ-i ilə müəyyən dərəcədə yaxınlaşma kursunu yerinə yetirdi, onu da hərbi çevriliş yolu ilə hakimiyyətdən kənarlaşdırdılar. Bir sözlə, bunlar hamısı səbəbsiz deyildi. Türkiyə indi daha çox müstəqil kurs yürütməyə başladı, bu zaman isə müəyyən ehtiyatsızlığa da yol verdi. Çünki birdən-birə beynəlxalq gücün Türkiyə üzərində iplərini qoparmaq elə də asan məsələ deyil. Türkiyə daxilində həmin dövlətlərin kifayət qədər güclü işlədiyi marjinal kəşfiyyat qrupları, lobbiçilik böyükdür. Elitada onların təmsilçilərinin, xüsusilə də NATO təfəkküründə yetişmiş personaların olması faktları hamıya məlumdur. Digər tərəfdən, mövcud hökumətin uzun müddət hakimiyyətdə qalması, təkpartiyalı iqtidar Türkiyə üçün bir şans idi, iqtisadi inkişaf üçün müəyyən faydaları da oldu. Amma eyni zamanda xüsusilə AKP elitasında ideoloji baxışın üstün olması alt qatlarda cəmiyyətin daha çox parçalanmasına gətirib çıxardı. Müxalifətin zəiflədilməsi taktikası o qədər uğurlu nəticələnmədi. Siyasi elitada güclü MHP, CHP-nin olması Türkiyənin bu qədər sərt təhdid altında olmasına imkan yaratmazdı. Hər halda bunlar hamısı bir-birinə qarşılıqlı təsir edən səbəblərdir.

- Müxalifətin bu və ya digər məsələlərə münasibətdə prezident Rəcəb Tayyib Ərdoğandan fərqli mövqe sərgiləmədiyinin şahidi oluruq. MHP və CHP-nin son proseslərlə bağlı yanaşmalarını necə qiymətləndirirsiniz?
- Bu gün xarizmatik müxalifət lideri anlayışı çox keçərli deyil. Hansısa cinahda müxalifət liderinin xarizması ölkə üçün alternativ kursu vəd eləmir. Bu da ən böyük təhlükələrdən biridir. Hər hansı ölkənin müxalifət cinahında bu cür alternativlərin olmaması ölkənin gələcəyi üçün SOS siqnalı verməyə əsas verir. AKP cəmiyyətdən aldığı dəstəklə siyasi müxalifətin daha ciddi şəkildə zəiflədilməsi kursunu seçdi və bu da mənfi nəticələrini göstərməkdədir. Hakimiyyətin gücü həm də müxalifətin gücündədir. Bu baxımdan hakimiyyətin cəmiyyəti məsuliyyətlə idarə eləməsi bir az da müxalifət qorxusu ilə bağlı olmalıdır. Bu olmayanda arxayınçılıq olur və qərarlar qəbul olunarkən də dartışılmır. Digər tərəfdən, xarici siyasətdəki ritorika daxili siyasətin ritorikası ilə əvəzləndi. Daxili siyasətdə deyilməli olan fikirlər xarici siyasətdə hərfən deyilməyə başladı. Suriyaya yönəlik “Bəşər Əsəd, çıx get” və sair tipli bəyanatlar verildi. Xarici siyasətdə nələrsə edilər, deyilməz. Türkiyə bunları etmədi, amma deməyə başladı. Müxalifətin bu məsələdə dişsiz olması iqtidara tam məsuliyyətli davranmamağa əsas verdi. Türkiyənin real tablosu budur.

- Həmişə Türkiyə müxalifətinin gücü başqalarına örnək göstərilib. Niyə müxalifət bu vəziyyətə düşdü?
- Burada ideoloji böhranın da rolu var. Milliyyətçilik düşüncəsi ilə müasir dövlətlərin qlobal texnoloji prosesə qatılmasında problemlər yaşanır. İnsanlar daha kosmopolit, liberal görüşlərə üstünlük verirlər, daha qlobal dəyərlərə üz tuturlar. Türkiyə cəmiyyəti üçün birləşdirici dəyər İslam dəyərləridir. Etnik tərkibində təzadlar olan ölkələrdə İslam dəyərlərinə yanaşma ilə milliyyətçi dəyərlərə yanaşma eyni cür olmur. Məsələn, müxtəlif millətlərdən insanların olması türk çatısı altında hamını birləşdirmək imkanını ortadan qaldırdı. Bunu Atatürk edə bilərdi, amma müasir dövrdə bunu etmək problemdir. AKP isə İslam dəyərlərini əsas götürərək, liberal iqtisadiyyat modelini önə çəkərək müəyyən məsələləri həll etdi. Sonradan AKP özü də dövlətçi kurs izləməyə başladı, xüsusilə mülkiyyət toxunulmazlığı məsələsinə əvvəlkitək həssas davranılmadı. Qabaqlar Türkiyəyə mülkiyyət toxunulmazlığının tam təmin olunduğu ölkə kimi baxırdılar. Çevriliş olanda belə kiminsə mülkiyyətinə toxunmaq ciddi həyacanverici hadisə sayılırdı. İndisə bu, adiləşdi və Türkiyəyə qoyulan investisiyaları zəiflədəcək. Sosial dövlət anlayışını indiki dövrdə Türkiyə kimi ölkə qabarda bilmir. Texnoloji inkişafı çox yüksək səviyyədə və ya da xammalı çox olan ölkələr sosial dövlət ola bilir. Məsələn, qaz və neft Rusiya, Azərbaycanın dövlət resursları olduğuna görə onlar öz əlindən o resursları paylamağa üstünlük verir və sosial dövlət modeli ağırlıq təşkil edir. Türkiyə isə tranzit ölkədir, enerji baxımından asılıdır, bunu etmək imkanları bizlərə nisbətən xeyli məhduddur. Ona görə də Türkiyə mütləq liberal dövlət modelinə keçməlidir ki, insan potensialı və təşəbbüskarlığı ilə dövlətin güclənməsi prosesi baş versin. Etnik fərqlilik, müəyyən dərəcədə xarici ölkələrin kürd faktorunu qızışdırması Türkiyəni dövlət mexanizmlərini hər zaman güclü saxlamağa məcbur edir. Polis saxlamaqla separatçılığa qarşı mübarizə aparmalıdır. Burada iki dəyər bir-biri ilə təzad təşkil edir. Ölkə liberal iqtisadiyyata keçmək istəyir, ancaq büdcədən gələn vəsait həm də silahlanmaya ayrılmalıdır ki, separatçılığın qarşısı alınsın. İkisini bir arada tutmaq çətindir.

- Terror zamanı İŞİD, PKK, FETÖ, ölkələr sırasında ABŞ, Rusiyanın adı çəkilir, əsas hədəf kimi onlar göstərilir. Eyni zamanda belə iddialar da var ki, Türkiyə cəmiyyətinin parçalanmasında Ərdoğanın da günahı böyükdür. Sizin mövqeyiniz necədir?
- Dövlət çevrilişi, hansısa terror aktı törədilirsə, hər zaman hakimiyyət günahlandırılır, məsuliyyət ilk növbədə hökumətin üzərinə düşür. Bunun qarşısı vaxtında alınmalıdır. Dövlətin əlində olan imkanlar müxalifətin və ya başqasının əlində yoxdur. Büdcədən vəsait ayrılırsa, təhlükəsizlik orqanları bunu aşkara çıxarıb qarşısını almalıdır, ordu üsyanı dağıtmalı, terror ocaqları söndürülməlidir. Əldə olan imkanlar düzgün istiqamətləndirilməyəndə nəticə də bu cür bərbad olur. İttiham məsələsinə gəlincə, bu, ciddi səslənmir. Araşdırma aparmadan “terroru filan qruplaşma etdi” demək düzgün deyil, İŞİD, PKK, FETÖ adları nisbidir, böyük güclər Türkiyə içərisində olan qaz ocaqlarını kibritlə alışdırır. Türkiyənin altında terror yataqları var, istənilən vaxt hərəkətə keçirə bilirlər. Vaxtilə Türkiyə üzərində nəzarət bu qüvvələrin əlində olub. Kiçik dini qrupların böyük əksəriyyətinin Böyük Britaniya sistemi ilə əlaqələri olub. PKK Avropa dövlətləri ilə əlaqəli olub, Avropadan rahatlıqla pasport alırlar. Türkiyə daxili müqaviməti gücləndirmək üçün ideoloji postulatlardan uzaqlaşmalıdır. Cəmiyyət içində olan dövlətçi baxışa sahib, mərkəzə gələn qüvvələrə loyal baxış formalaşmalıdır. Dinçi-mühafizəkar baxışdan fərqli cizgi izlənməlidir, kadrlaşmada savadlı və solçu, bir çox hallarda milliyyətçi kəsimin tam idarəetmədən uzaqlaşdırılması öz zərərini verməyə başlayıb. Orta savadlı və dinçi, mühafizəkar kimliyi ilə tanınan insanlara üstünlük verilməsi bir çox məqamlarda keyfiyyətsiz əməliyyatların keçirilməsinə səbəb oldu. Bu məqamlar yenidən gözdən keçirilməlidir.

- Türkiyənin əsas narahatlığı böyük kürd dövləti xülyası ilə bağlıdır. “Böyük Kürdüstan” projesinin perspektivini görürsünüzmü?
- Faktiki olaraq kürd dövləti yaranıb. Beynəlxalq güclərin iradəsi ilə Bərzaninin başçılığı ilə İraq ərazisində bu dövlət mövcuddur. Türkiyənin muxtariyyət şəklində olsa da, bu dövlətlə əlaqələri İraq dövlətindən daha güclüdür. Bu daha çox ona yönəlmişdi ki, kim kürd dövləti istəyirsə,gedib Bərzaninin yaratdığı dövlətdə yaşasın, çünki Türkiyə ərazisində kürd dövləti yaranmayacaq. Bu, bir növ erməni siyasətinə, “böyük Ermənistan dövləti” ideyasına bənzər bir şeydir. Eyni taktikanı kürdlər etmək istəyir, Türkiyə isə böyük müqavimət göstərir. Türkiyənin uğur qazanması olduqca vacibdir ki, dövlət hüquqları parçalanmasın. Kürdlərin səmimi şəkildə dövlət qurmaq istəkləri varsa, Bərzaninin yanında daha rahat yaşamaq və öz etnik kimliyinə dayanan modelə sığınmaq imkanları mövcuddur. Gedib Bərzaninin qurduğu muxtariyyətin içində yer alsınlar. Türkiyə kürdləri buna istiqamətləndirir və stimullaşdırır. Suriyada və ya başqa yerlərdə yeni “Dağlıq Qarabağ”ların yaranmasına imkan vermək istəmir. Məsələnin mahiyyəti budur. Bütün mübarizə də bunun üzərində gedir. PKK isə Azərbaycanın başına gətirilənləri Türkiyənin başına gətirmək istəyir. Türkiyədə ritorika dəyişikliyinə ehtiyac var. Müəyyən məsələlər var ki, onlar haqda çox bəyanat verməyin sonra mənfi nəticələri olur. Məsələn, dövlət rəsmiləri səviyyəsində xarici siyasətdə kursu elan edib sonra ondan imtina edəndə heç olmazsa, onu kiminsə üstünə yıxmaq imkanları qalmalıdır. Hamı eyni sözü dediyi üçün bir az çətinlik yaranır. Ona görə də daxili siyasətin ritorikasını xarici siyasətdən çəkib çıxarmaq lazımdır. Populizm naminə xarici siyasət kursunu bu qədər sərt formada aparmaq düzgün deyil. Türkiyə müəyyən dərəcədə proseslərə bulaşıb və çalışmalıdır ki, qazancla çıxsın. Ən azı başqa ölkədə işğal niyyəti yoxdur, ancaq öz ölkəsinin parçalanmasına yol verməməlidir. Bizim də təmənnamız budur. Çünki Türkiyə bizə qardaş ölkədir və ən yaxın müttəfiqimizdir. Türkiyənin prosesdən uğurla çıxması bizim də xeyrimizədir.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər