14 Yanvar 2017 19:12
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu yanvarın 23-də Astanada Suriya böhranının həlli ilə bağlı keçiriləcək görüşdən gözləntilərini Teleqraf.com-un əməkdaşı ilə bölüşüb. Müsahibəni təqdim edirik.

– Vüqar bəy, Astana görüşündən gözləntiniz nədən ibarətdir?
– Bundan əvvəlki görüşlər və razılaşmalara da hər dəfə böyük ümidlərlə baxılıb. Lakin dəfələrlə qeyd etdiyimiz kimi, Suriya münaqişəsi, dünya müharibəsinin kiçik modelidir və orada baş verən proseslər, bütünlükdə Yaxın Şərqə təsir gücünə malik proseslərdir. Təbii ki, Suiya böhranının həlli üçün atılan istənilən addım təqdir olunmalıdır və beynəlxalq ictimaiyyət də bu cür görüşlərə hər zaman ümidlə yanaşır. Bu baxımdan Astana görüşü və ümumiyyətlə görüşün formatı maraqlıdır. Hazırda baş verənlərin fonunda Suriya ilə bağlı ciddi və davamlı razılığa gəlinəcəyinə inanmıram. Bundan əvvəlki razılaşmalarda olduğu kimi, indi də müvəqqəti, lokal xarakterli hər hansı razılaşmalar əldə edilə bilər. Lakin bunun uzunmüddətli və davamlı olacağı şübhəlidir.

– Suriya böhranının həllində maraqlı olan qüvvələr bu görüşə necə, nə ilə gedirlər?
– Hazırda Suriyadakı qarşıdurma yeni fazaya daxil olur. Bu mərhələdə, Hələb kimi ciddi strateji məntəqəni ələ keçirən iqtidar qüvvələri, bunda Əsəd rejiminə tam olaraq dəstək verən, eyni zamanda İraqda Mosul üzərinə edilən hücumlarda yerli iqtidarla tam əlbir şəkildə fəaliyyət göstərərək ətrafında formalaşdırdığı şiə hilalı ilə mövqelərini gücləndirən İran, Hələblə birlikdə müxalifətin nəzarətində olan digər önəmli məntəqə olan İdlibi ələ keçirməklə Suriyanın şimalında Lazkiyə, İdlib və Hələb üzərində üç bölgədən formalaşan koridoru nəzarət altına almağı planlaşdıran Rusiya, Hələb itkisi ilə razılaşmayan və hazırki dönəm üçün Rakkanı əsas hədəf kimi elan etsə də, mərkəzdə möhkəmləndikdən sonra şərqə doğru getməyi planlaşdıran və bunun üçün də kürd qruplaşmaları ilə müştərək hərəkət edən ABŞ (Qərb), Fəratın sol sahilini özü üçün prioritet elan edən və Suriya münaqişəsinin bu mərhələsində əsas hədəf olaraq əl-Babın nəzarətə götürülməsini qarşısına məqsəd qoyan və buna nail olan Türkiyə var.

– Suriya böhranının həllində ABŞ sanki kənarda saxlanılıb. Belə demək mümkündürmü?
– Hazırkı məqamda tərəflərin maraqlarını uzlaşdırmağa meylli olmaları bir qədər mübahisəlidir. Suriya məsələsində ortaq mövqeyə gəlmək ilk növbədə ona görə çətindir ki, hər bir qüvvə öz maraqlarının müdafiəçisi qismində dəstəklədiyi qruplaşmaların daha öndə və danışıqlarda əsas tərəf olaraq iştirakına, hətta belə deyərdim, digər qüvvələrə tərəfindən legitim olaraq qəbul edilməsinə çalışır. Diqqət edin: elə bu günlərdə ABŞ tərəfi son dərəcə absurd bir açıqlama yayır ki, PKK terror təşkilatıdır, PYD isə deyil. Halbuki gün kimi aydındır ki, PYD PKK-nın Suriya qoludur. Halbuki Türkiyə üçün bu yanaşma qəbuledilməzdir. Və ya İran üçün əgər “Haşdi-Şaabi” qruplaşması, eləcə də məşhur “Hizbullah” təşkilatı şiə militanlardırsa, Səudiyyə Ərəbistanı üçün bu qruplaşma və təşkilat terror təşkilatıdır. Yəni bu kimi ayrıntılar, əslində onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir. Zatən Suriya müxalifətinin Astana görüşünə münasibətdə birmənalı mövqe sərgiləməməsi də buna əyani sübutdur. Bunun sadə bir izahı var: tərəflər biri-birilərinə bölgədə irəli sürdükləri qruplaşmalar vasitəsi ilə təzyiq etmək niyyətindədirlər. Necə ki, qərb, oyundankənar vəziyyətə salındığını müşahidə edən kimi, PYD/YPG-yə dəstəyini daha da genişləndirdi, eyni üsullardan İran, Türkiyə, Səudiyyənin timsalında ərəblər də istifadə etməkdədirlər.

– Görüşdə Bəşər Əsədin iştirakı mümkündürmü?
– Bəşər Əsədin Astana görüşündə iştirak edəcəyinə inanmıram. Zatən buna prinsipial ehtiyac da yoxdur. İran və Rusiya, hazırki dönəmdə masa arxasında kifayət qədər Əsədin mövqelərini müdafiə edəcək gücə malikdirlər. Digər tərəfdən Əsədin masa arxasına əyləşməsi, qarşı tərəf olan Rusiya ilə yeni-yeni münasibətləri normal məcraya düşən və Suriya siyasətində Əsəd rejiminə münasibətdə bir qədər radikal yanaşmanı yumşaldan Türkiyəni qıcıqlandıra, bununla da Qərb üçün əlavə imkanlar verə bilər. Bu səbəblərdən Əsədə indiki dönəmdə o masanın arxasında əyləşmək lazım deyil.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər