“ABŞ prezidentinin etiraza səbəb olan fərmanı ləğv edilməyəcək”
Teleqraf.com politoloq Elxan Mehdiyevlə müsahibəni təqdim edir.
- Elxan bəy, prezident Donald Trampın yeddi müsəlman ölkəsindən olan vətəndaşların ABŞ-a girişini qadağan etməsi Vaşinqton və Nyu-Yorkda ciddi etirazlara səbəb olub. Bu durumu necə qiymətləndirirsiniz?
- Bu durumu birmənalı qiymətləndirmək çətindir. Burada ilk olaraq Amerikanın milli təhlükəsizlik maraqları var. ABŞ-ın terrordan qorunmaq, lazımı addımarı atmaq üçün legitim hüquqları var. Terror təhlükəsinə qarşı adekvat olaraq qərarlar qəbul edilir.
İkincisi, bu yeddi müsəlman ölkəsinə qarşı qəbul edilən məhdudiyyət üç ay üçün nəzərdə tutulur. Fikrimcə, bu daha çox prezident Trampın 3 ay ərzində seçki zamanı platformasında qoyduğu tələbləri tam təhlükəsizlik mühitdə həyata keçirmək istəyindən doğur. Çünki ABŞ-da prezidentlərin 100 gün anlayışı var. Tramp da bu 100 günlük müddətdə ölkəsini terrordan qorumaq məqsədilə bu addımları atıb.
Üçüncüsü, Amerika prezident Administrasiyasının rəhbəri, hökumətin üzvü televiziya ilə çıxış etdi və bildirdi ki, bu yeddi müsəlman ölkəsi ilə bağlı verilən qərar Tramp deyil, Obama hökuməti zamanı qəbul edilib. Konqres də bu qərarı dəstəkləyib. Sadəcə, bu qərar həyata keçirilməyib, indiki ABŞ Administrasiyası bu qərarları qanuna çevirir və reallaşdırır.
Dördüncüsü, indi ABŞ-da müşahidə edilən etirazlara anti-Tramp qüvvələrin, Demokrat Partiyasının əlində olan televiziya, radio və qəzetlərin barışmaz mübarizəsinin bir hissəsi kimi baxmaq olar. Nəzərə alın ki, Donald Tramp taxta 3-5 gündür çıxıb. Onun verdiyi bu qərara qarşı ABŞ-ı bürüyən etirazlar, medianın bu kampaniyanı aparması, məsələlərin qoyuluşu heç də ABŞ-ın təhlükəsizlik maraqlarından deyil, seçki mübarizəsinin davamı kimi də görünür. Məsələn, İraq müharibəsi zamanı Amerika Administrasiyası altı ay ərzində heç bir iraqlının ABŞ-a daxil olmaması barədə qərar qəbul etmişdi. Ancaq bu qərar indiki qədər ajiotaj yaratmamışdı.
- Ancaq nəzərə alın ki, Federal Məhkəmə prezidentin bu qərarını əsassız hesab edib...
- Amerika hüquq dövlətidir. Orada hakimiyyət bölgüsü var. Bu baxımdan Nyu-York Federal Məhkəməsinin bu qərarı niyə verdiyinin səbəbləri ortadadır. Nəzərə alın ki, Vaşinqton, Nyu-York və başqa şəhərlərdə saxlanılan insanlar qanuni viza alıblar, bunun üçün necə aylıq yoxlama və müsahibələrdən keçiblər. Onlar faktiki olaraq təyyarədə olarkən prezident Tramp bu qanuna imza atıb. Bu baxımdan onların ABŞ-a endiyi zaman həbsi və ya geri qaytarılması qanunlarla ziddiyyət yaradır. Bu da Federal Məhkəmənin əlinə qanunu bu cür şərh etməyə imkan verir. Buna görə də qanuni viza alaraq ABŞ-a gələn adamların geri qaytarılmasının əleyhinə məhkəmə qərar çıxardı, qanunun bu halda tətbiq edilməsini dayandırdı.
- Yəni Nyu-York Federal Məhkəməsinin qərarı ümumilikdə Trampın yeddi müsəlman ölkəsinə dair verdiyi qərarın ləğvi anlamına gəlmir?
- Əlbəttə, gəlmir. Məhkəmənin qərarı dediyim məqamla bağlıdır. Adam qanuni viza alıb, təyyarəyə minib və ABŞ-a gəlib. O təyyarədə olduğu zaman ABŞ prezidenti məlum qərar verib. Məhkəmə də hesab edib ki, bu doğru deyil və belə halda qərar tətbiq edilə bilməz. Amma bu qərar ümumilikdə Trampın verdiyi fərmanın ləğvi və ya icrasının dayandırılması anlamına gələ bilməz.
- Prezidentin qərarlarını federal məhkəmələr ləğv edə bilərmi?
- İstənilən halda prezidentin verdiyi qərar hüquq sistemindən keçir. Yəni bundan sonra qərar verilir. Başqa sözlə, qərar göydən verilmir. Məsələn, bəzən icra orqanı hesab etdiyimiz Prezident Administrasiyasının verdiyi qərarlar ola bilər ki, ABŞ konstitusiyasının təməl prinsipləri ilə ziddiyyət təşkil edər. Bu halda hüquq dövləti olan Amerika məhkəməsi həmin qərarın tətbiqini dayandırır. Məhkəmələr müstəqil olduğu üçün belə qərarlar vermək imkanındadır.
- Meksika ilə sərhəddə beton hasar çəkmək ideyası nə dərəcədə ağlabatandır?
- Fikrimcə, bu real görünür. Çünki Amerika hökuməti və sərhəddə yerləşən ştatlar Meksikadan gələn həm narkotik daşıyıcıları, həm də mütəşəkkil cinayət qruplarından boğaza yığılıblar. Həm də nəzərə alın ki, təkcə Meksika deyil, Karib ölkələri vətəndaşları Meksikaya axışır və oradan da ABŞ-a keçməyə çalışırlar. ABŞ hökuməti də bunun qarşısını almağa çalışır. Hesab edirəm ki, belə bir sərhəd hasarını tikmək Amerika üçün problem deyil. Nəzərə alın ki, Amerika İraq savaşında bir həftəyə iki milyard dollar xərcləyən dövlətdir. Bu divarı tikmək üçün isə cəmi 10 milyard dollar tələb olunur. Faktiki bir ayın müharibəsinə xərclənən maliyyə.
-ABŞ-ın 16 ştatının baş prokuroru prezident Trampa etiraz məktubu yazıblar və 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını pisləyiblər. Bəyan edilib ki, ABŞ konstitusiyasına və dəyərlərinə zidd addımları rədd edirlər və heç bir prezident bu həqiqətləri dəyişdirə bilməz...
- Məncə, Trampın imzaladığı qərar qüvvədə qalacaq. Düzdür, indi bu qərarın içində bir çox elementlər var və onlar yenidən işlənəcək. Həmin yeddi ölkədən kimlərinsə yaşıl kartları varsa, onların ABŞ-da seçkidə iştirakdan başqa hər cür hüquqları var. Məsələn, bu şəxslərlə bağlı heç bir problemin olmadığı deyilir. Ancaq ümumilikdə qərarın ləğv edilməsi müzakirə mövzusu deyil. Əlbəttə, federal məhkəmələrin qərarları ilə bəziləri yanaşmalarının doğru olduğunu ifadə edirlər. Amma həmin yeddi ölkə ABŞ-ın milli təhlükəsizliyinə problem hesab edilir. Tramp da hüququn bu arqumentlərinə söykənərək öz qərarını əsaslandırır. Amerika hüquq dövləti olduğu üçün əsas problemlərdən biri də hüququn necə tövsif edilməsidir.
- İndi məlum qərar əsasən, yeddi ölkəni əhatə edir. Bəs yerdə qalan müsəlman ölkələri ilə bağlı vəziyyət necə olacaq?
- Əsas yeddi ölkə nəzərdə tutulub. Onlar da terrorun yuvası olan ölkələrdir. ABŞ hökuməti də daha çox dövlətin təhlükəsizliyi siyasətinə yer verdiyindən bu addımları atır.
- Maraqlıdır, ABŞ İraqda müharibə apardı, Suriya proseslərinin başlanğıcında əsas rol oynadı, nəhayətdə Tramp dönəminin ilk günlərində Yəməndə hərbi əməliyyat keçirildi. İndi də deyirlər ki, biz bu ölkələrin düzənini pozsaq da, başına bomba yağdırılan insanları qəbul etmirik. Bu faktiki olaraq ABŞ-a olan inamı məhv etməyəcəkmi?
- Əlbəttə, belə fikirlər söyləmək olar. Amma ilk növbədə ABŞ-ın təhlükəsizliyi prezident Tramp üçün əhəmiyyətlidir. Əgər Tramp da Ərdoğan kimi hərəkət etsə, ölkəsinə 3-4 milyon qaçqını toplasa, Amerikada terror yuvasına çevrilər. Bu baxımdan Tramp ilkin təhlükəsizlik tədbirlərini həyata keçirir.
- Trampa qarşı etirazlar mütəşəkkildir. Sizcə, bu prezident Trampa problemlər yarada bilərmi?
- Bir daha qeyd edim ki, bu etirazlar kənarda prezident seçkiləri kampaniyasının bir elementi kimi görünür. Təbii ki, məşhur ulduzlar, elə hörmətli şəxslərdən olan Makkeyn də seçki kampaniyası zamanı anti-Tramp çıxışları edirdi. Tramp açıq dedi ki, ilk olaraq Amerikanın təhlükəsizliyi əhəmiyyətlidir. Hazırda Konqres və Senat Respubliçıların əlindədir. Trampa qarşı güclü müxalifətin olacağını gözləməyi doğru hesab etmirəm.
- Amma Respublikaçıların da içərisində Trampa qarşı müxalifət var...
- Bəli, var. Trampın siyasəti və atdığı addımları bölüşməyən respublikaçılar var. Amma hər halda həmin partiyanın öz prezidentinə impincment elan etməsi ağlabatan deyil. Həm də buna əsas yoxdur.
- Ştatların etirazları hansı situasiya yarada bilər?
- Məsələ ondadır ki, ölkənin hava limanları və dəniz portları federal hökumətin əlindədir. Buna da prezident nəzarət edir. Trampın imzaladığı bütün qanunlar həmən yerlərdə qüvvəyə minir. Burada ştatların edə biləcəyi bir şey yoxdur.
Nemət