“Ruslar bilir ki, gec və ya tez Türkiyə ABŞ-la anlaşacaq”
Teleqraf.com Türkiyədə yaşayan azərbaycanlı professor, siyasi şərhçi Toğrul İsmayılla müsahibəni təqdim edir.
- Togrul bəy, ötən gün Əl-Babda rus qırıcı təyyarələrinin türk əsgərlərini bombalaması ilə bağlı müxtəlif fikirlər səslənir. Siz bu olayı necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, Türkiyə Əl-Babda hərbi əməliyyatlar aparır. Əldə edilən anlaşmaya görə, Türkiyə Rusiyanın Suriya rəsmiləri ilə birlikdə Hələbə nəzarət etməsinə loyal yanaşdı. Bunun müqabilində Ankaranın Əl-Babda hərbi əməliyyatlarına da qarşı tərəf loyal yanaşdı. Türk ordusu üç istiqamətdən Əl-Baba daxil olanda bir tərəfdən də Əsəd ordusu oraya girməyə çalışıb. Bu anda Rusiya aviasiyası Əsəd ordusuna havadan dəstək verib. Türkiyə və Rusiya arasında Suriya məsələsinə dair koordinasiya mərkəzi qurulsa da, son hadisə bu mərkəzin tam olaraq çalışmadığını, rusların Türkiyənin fəaliyyətini göz önünə almadığını göstərdi. Rusiya prezidenti Putinin hadisədən dərhal sonra prezident Ərdoğanı axtarması, ona başsağlığı verməsi, eləcə də müdafiə nazirləri arasında aparılan danışıqlar göstərir ki, əslində Rusiya bu hadisəyə görə Türkiyə ilə arasındakı krizin çox da böyüməsində maraqlı deyil. Onsuz da ilkin mərhələdə bu bombarduman qəsdlə edilmədiyi qeyd edilir. Əlbəttə, bunun nəticəsində xoşagəlməz hadisə yaşandı.
- Sizcə, türk əsgərlərinin ölümü və yaralanması ilə nəticələnən rus bombardumanı bilərəkdən edilib, yoxsa, bu təsadüfdür?
- Mən bir mütəxəssis olaraq hadisəyə dərhal həyəcanlı reaksiya verərək durumun bir qədər də qızışdırılmasının tərəfdarı deyiləm. Heç şübhəsiz ki, siz qaldırdığınız məsələnin dəqiqliyini hər iki tərəfin əsgəri mütəxəssisləri daha dəqiq bilir. Yəni hücumun, bombalanmanın necə baş verdiyini hərbi mütəxəssislər deyə bilər. Ancaq daha əhəmiyyətlisi odur ki, Rusiya tərəfi hadisənin çox da şişməsini istəmir. Bu da onun göstərir ki, bu işin içərisində maksimum “qəsd, bilərəkdən edilən hərəkət” yanaşması axtarılmamalıdır.
- Bu yaxınlarda Rusiya Xarici işlər Nazirliyinin rəsmilərindən biri elan etdi ki, Rusiya dövləti PKK, PYD, YPQ kimi qurumları terror təşkilatı hesab etmir. Rus-türk münasibətlərinin indiki normal halında bu açıqlama necə başa düşülməlidir?
- Fikrimcə, bu əslində kürdlərə və türklərə bir mesajdır. Başqa tərəfdən, Rusiya bilir ki, gec və ya tez Türkiyə Amerika ilə anlaşacaq. Bu səbəbdən də kürdləri əlində tutmağa çalışır. Mənim fikrimcə, bu əslində rus diplomatiyasının ən ciddi xətalarından biridir. Çünki Türkiyə Suriya məsələsində Amerika ilə yaxınlaşsa belə, Türkiyə -Rusiya elementi Ankara üçün hər zaman vacibdir. Təbii ki, Rusiya üçün də vacibdir. Bu baxımdan Rusiya XİN-in rəsmisinin məlum açıqlaması yersizdir və münasibətləri zədələməyə xidmət edir. Ən vacibi bu açıqlama həm də Türkiyə-Amerika münasibətlərində Ankaranı pis vəziyyətə salır. Çünki Ankara-Vaşinqton münasibətlərində anlaşılmazlığın əsas səbəblərindən biri ABŞ-ın PYG-ni dəstəkləməsi məsələsidir. Ancaq Rusiyadan fərqli olaraq ABŞ PKK-nı terrorçu təşkilat olaraq görür. Deməli, belə bir vəziyyətdə Rusiya PKK, PYD və YPQ-ni terrorçu təşkilat kimi görmədiyi haqda açıqlama verirsə, Türkiyə üçün problem yaratmış olur. Çünki ABŞ ən azından PKK-nı terror təşkilatı, PYD və YPG-ni isə Suriya əməliyyatlarında müttəfiq sayır. Əslində bunlar çox incə məsələlərdir. Ancaq mənə görə, bu açıqlama Rusiya diplomatiyasının ən böyük səhvidir. Təbii ki, bir çox mütəxəssislər qeyd edirdi ki, Rusiya-Türkiyə münasibətləri yüksək səviyyədədir. Ancaq Rusiya XİN-in rəsmisinin məlum açıqlaması göstərir ki, əslində Moskva-Ankara münasibətlərində həm də problemlər var və onların yoluna qoyulması zaman istəyəcək. Rusiya hələ sovetlər birliyi, "soyuq müharibə" ab-havasında hərəkət edir. Yəni normal dövlət olaraq qonşuları ilə münasibətlər qura bilmir. Türkiyə kimi bir qonşu dövlətlə münasibətləri SSRİ zamanı olan müstəvidə dəyərləndirir. Məncə, bu, səhvidir.
- Türkiyə-Rusiya münasibətlərinin perspektivini necə görürsünüz?
- Bu iki ölkə əməkdaşlıq etmək məcburiyyətindədir. Çünki böyük ölkələrdir, qonşudurlar, bir-birinin gücünə də bələddirlər. Odur ki, iş birliyi qaçılmazdır. Ancaq siyasi məsələlərdə bu iki ölkənin görüşləri və düşüncələri üst-üstə düşmür. Məncə, Rusiya SSRİ dönəmində apardığı siyasəti davam etdirməyə çalışacaqsa, bu zaman qarşıdurma qaçılmaz olacaq. Əslində çox zaman rusiyalı mütəxəssislər bir çox məsələlərdə Türkiyəni günahlandırır. Amma işin gerçək tərəflərinə baxmaq lazımdır. Ukraynadakı vəziyyəti dəyişdirən və indiki hala gətirən Rusiyadır, Türkiyə deyil. Habelə Cənubi Qafqazda Gürcüstanın ərazi bütövlüyünü Ankara deyil, Moskva pozub. Və ya Qara dənizdə, Xəzərdə, Qafqazda silahlandırmanı artıran Türkiyə deyil, Rusiyadır. Bunlar reallıqdır və bilinən məsələlərdir. Bu məsələlərdə Türkiyənin maraqları, istəkləri nəzərə alınmayacaqsa, qarşıdurma qaçılmaz olacaq. Bu mənada Türkiyə-Rusiya münasibətlərində problem var və bunun əsas səbəbi də müasir Rusiyanın SSRİ və ya Çar Rusiyasından fərqlənməyən siyasət aparması, bu çərçivədən çıxa bilməməsidir.
- Son günlər Türkiyə-Amerika münasibətlərində bir hərəkətlənmə var. ABŞ və Türkiyə prezidentləri telefonla müzakirələr apardı. Bunun ardınca ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mike Pompeo Ankaraya gəlib danışıqlar apardı. Prezidentlərin görüşünün təşkil ediləcəyi haqda fikirlər səslənir. Aydındır ki, Obama administrasiyasının Ankara ilə ciddi fikir ayrılıqları var idi və münasibətlər də kəskin idi. Bu mənada yeni Vaşinqton-Ankara əlaqələri hara qədər inkişaf edə bilər?
- İndidən münasibətlər haqqında bir söz demək tezdir. Yəni əlaqələr hələ yenicə qurulur. Əgər xatırlayırsınızsa, prezident Barak Obama prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etmişdi və münasibətlərin olduqca fərqli müstəvidə olacağını bildirmişdi. Ancaq sonra Suriya böhranı ilə eyni zamanda Amerika-Türkiyə münasibətləri də soyuqlaşdı. Çünki ABŞ-da demokratların siyasəti bir qədər fərqlidir. Demokratlar adətən, Türkiyədə olan cümhuriyyətçilərlə yaxşı münasibətlər qura bilir. Hesab edirəm ki, Donald Tramp zamanında müəyyən dəyişiklikləri gözləmək olar. Ancaq Türkiyə-Amerika münasibətlərində bütün problemlərin aradan qalxacağını demək hələlik tezdir. Səbəb təkcə ABŞ-la bağlı deyil. Biz Türkiyənin özündə də bir çox şeylərin dəyişdiyini müşahidə edirik. Burada sadəcə, ABŞ yanaşması deyil, Türkiyənin daxili və xarici siyasətində dəyişimlərin olması göstəricisi var.
- Türkyə-ABŞ münasibətləri siyasi baxımdan Ankara-Moskva münasibətlərini kölgədə qoya bilərmi?
- Fikrimcə, xarici siyasətdə belə müqayisələr doğru deyil. Hər bir ölkə ilə bağlı ayrıca siyasi xətt və yanaşma var. Birincisi, Türkiyənin Amerika ilə münasibətləri yarım əsrdən çoxdur davam edir və yaxın münasibət mövcuddur. Üstəlik, bu münasibətlər NATO və digər mühüm təşkilatlar vasitəsilə gücləndirilib. Ancaq Türkiyə-Rusiya münasibətləri fərqlidir. "Soyuq müharibə" başa çatdıqdan sonra Türkiyə Rusiyanın xarici siyasətində çox ciddi rol almadı. Yəni aşağı-yuxarı bəlli yerdə qaldı. Bu nöqteyi-nəzərdən biz Rusiya ilə Türkiyə arasında olan iş birliyini strateji olduğunu deyə bilmərik. Yəni bu münasibətlər alternativ deyil.
- Suriya böhranı həll edilməmiş qalır. İran, Rusiya və Türkiyə Suriyada əməkdaşlıq etməyə başladı. Yeni ABŞ hakimiyyəti isə bu mövzuya ciddi yanaşacağını, lazım gəlsə, Suriyaya ordu göndərəcəyini ifadə edib. Vəziyyəti necə qiymətləndirirsiniz və nə gözləyirsiniz?
- Əvvəla qeyd edim ki, Suriya məsələsi çox həssas məsələdir. İkincisi, Suriya problemi bir görüşlə və 2-3 dövlətin bir araya gəlməsi ilə həll ediləcək deyil. Əslində prezident Obama dönəmində Amerika bu bölgəni müəyyən qədər boş buraxdı. Nəticədə boş yerləri yeni oyunçular və burada marağı olan dövlətlər doldurdu. Bununla da mürəkkəb olan vəziyyət bir qədər də mürəkkəbləşdi. Odur ki, hətta Amerika qısa müddətə Suriyaya əsgəri qüvvə göndərsə belə, orada məsələnin tez bir zamanda həll ediləcəyinə inanmaq çətindir. Türkiyə-Rusiya-İran isə sadəcə olaraq Suriyada atəşkəsin əldə edilməsi məsələsinə dair razılıq əldə edib. Ancaq indi də görünür ki, sürəkli olaraq Suriyada atəşkəs razılaşması pozulur. Bu üç dövlətin Suriyada barışı və yenidən vəziyyəti yoluna qoyması imkansızdır. Bölgədə Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələri, müxalifləri nəzərə almadan nəsə etmək qeyri-mümkündür. Digər tərəfdən, Amerikasız da problemin yoluna qoyulması çətindir. Məncə, bu məsələlər zaman alacaq.
- Yəni Suriya böhranı bu ildə davam edəcək?
- Suriya böhranı ilə bağlı hər hansı bir irəliləyiş yoxdur. Keçici atəşkəs var, ancaq atəşkəs də mütəmadi olaraq pozulur. Odur ki, konkret nəsə demək çətindir.
- Bəşər Əsədin gələcək taleyi necə olacaq, o sona qədər hakimiyyətini qoruya biləcəkmi?
- Əslində Bəşər Əsəd hakimiyyətini Rusiyanın sayəsində qoruyur. Yəni rus ordusu Suriyadadır, Bəşər Əsəd üçün Suriyada döyüşən rus əsgərləri və texnikasıdır. Bəşər Əsəd təkbaşına qalsa və Rusiya ondan əlini çəksə, onun təkbaşına hakimiyyətdə qalması mümkün deyil. Əslində Bəşər Əsədin taleyi həll edilib, onun Suriyada təkbaşına hakimiyyəti qoruması mümkün deyil. Ola bilsin ki, Əsəd güc olaraq bəlli yerləri öz nəzarətində saxlaya bilər, ancaq ümumiyyətlə, Suriyada hakim olması imkansızdır.
NEMƏT