7 Noyabr 2014 12:33
2 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anar bəylə hər dəfə müsahibə almaq istəsəm də, vaxtının azlığında şikayət edirdi və hər dəfə söz verirdi ki, sənə müsahibə verəcəm. Nəhayət, sözünü tutdu. Həm də bu müsahibə 41 yaşının tamam olduğu bir vaxta təsadüf etdi. Düzdür, geniş müsahibə olmadı. Çünki zalım zaman yenə də imkan vermədi.

Beləliklə, Aktual.az-ın “Media kapitanları” rublikasının növbəti qonağı Axar.az saytının baş redaktoru Anar Niftəliyevdir. Bu imza isə əli qələm, dili söz tutan hər kəsə yaxşı tanışdır...

- Anar bəy, 41 yaşınız tamam olur. Öncə doğum gününüz münasibəti ilə Sizi təbrik edirəm.

- Mən iki ildir, ad günümü qeyd etmirəm. Qızlarım böyüyər və o zaman, bəlkə, onların təşəbbüsü ilə ad günümü qeyd edərəm... Yəni iki ildir ki, ad günlərimi və bayramları adi günlər kimi keçirirəm. Təbrikə gəlincə, sağ ol, Tural.

- 41 ilin hesabatını özünüzə verməyə hazırsınızmı?

- Mən hər gün özümə hesabat verirəm. Yaşımın üstünə yaş gəldikdə isə sevinirəm. Çünki hər il məni sevdiklərimə bir az da yaxınlaşdırır.

- Yəni qocalmaqdan qorxmursunuz...

- Qətiyyən. Əksinə, yaşım artdıqca itirdiyim doğmalarıma yaxınlaşıram. Bundan qorxmaq lazımdır, yoxsa sevinmək?

- Dediniz ki, hər gün özümə hesabat verirəm...

- Bəli. Bu hesabatlar mənəvi hesabatlardır, maddi hesabatlar deyil... Həm də bir az kövrək, bir az nostalji... Çünki insan itirdikcə daha da kövrək olur. Çalışıram, yolumu gözləyənlərin yanına üzüqara getməyim.

- Özünüzü xoşbəxt hesab edirsinizmi?

- Mənim xoşbəxtliyimdən söhbət gedə bilməz. Həm də mütləq xoşbəxtlik olmur. Deyərdim ki, xoşbəxtliklər bəzən anlara, hətta saniyələrə təsadüf edir... Mən indi yaşayıramsa, nəfəs alıramsa, qızlarım - Xatun və İnci üçün yaşayıram. Onlar mənim yaşam stimulumdur.

- Görürəm ki, hətta müsahibə verəndə belə işləyirsiniz... Uşaqlara tapşırıq verir, yazılara diqqət etməyə çalışırsınız. Bəs nə vaxt dincəlirsiniz?

- Demək olar ki, dincəlmirəm. Dincələndə, özümə vaxt ayıranda yaşamaq çox çətin olur. Ona görə yaxşısı heç nə düşünmədən işləməkdir.

- Bəzi saytlarda xəbərlərin başlığında, eləcə də yazılarda səhvlər olur... Sizcə, bu qüsurlar jurnlistlərin dilimizi mükəmməl bilməməsindən yaranır?

- Hamıda olur belə xətalar: yoruluruq, gözdən qaçır – bu yanlışlıqları təkcə dil bilgisizliyinin üstünə atmaq olmaz. Harda gözümə dəyirsə, təbii ki, ərkim çatan, yaxından tanıdığım dostlar olanda, redaktora zəng edirəm. Çalışıram, ümumilikdə bu yanlışlar heç birimizdə olmasın, çünki yeni nəsil adətən, portallardan öyrənir dili də, sözlərin yazılışını da. Bizim üçün texniki səhv hansısa gəncin həmin sözü səhv yazılışda yadda saxlamağına səbəb ola bilər.

- Bu qüsurların çox olmasında alınma sözlərin, yeni terminlərin rolu varmı?

- Təkcə bu amillə bağlı deyil. Dilin sözü qəbul etməsi məsələsi var – hər sözü hər dil öz xarakterinə uyğun qəbul edir. Məsələn, hər orqanizm eyni antibiotiki qəbul etmir ki! Bəzən bu orqanizmə müsbət təsir edən dərman digər orqanizmi məhv edir. Dil də, Marrın sözü olmasın, canlı orqanizmdir – hansısa bir dilin qəbul etdiyi sözü olduğu kimi digər, o cümlədən bizim dilə gətirmək olmaz. Amma təəssüf ki, bizdə bu qaydalar gözlənilmir. Təsəvvür edin, Avropa alimlərinin hesablamalarına görə, hər ay bir dilə 3 min söz daxil olur. Təbii ki, bu sözlərin az qismi dildə qalır, əksəriyyəti bəzən bircə dəfə işlənməklə ömrünü başa vurur. Amma bütün hallarda bu qədər təzyiqin qarşısında dilin xarakterini qorumaq olduqca çevik reaksiya tələb edir. Yoxdur o çeviklik bizim dilçilərdə, ona görə də çətinliklərimiz həddən artıq çoxdur.

- Bəzi jurnalsitlər deyir ki, bu, ədəbiyyatçıların günahıdır, onlar dilimizi korlayıb...

- Əgər söhbət əsərlərdəki ləhcə və dialektlərdən gedirsə, yanlış yanaşmadır. Əksinə, yazarların dilə ləhcə və dialektlərdən daşıdığı sözlərin hesabına ədəbi dil zənginləşir, öz varlığını genişləndirir. O ayrı məsələ ki, təhkiyə dilini obrazın dilinə qarışdırırlar. Yəni bu, tamam ayrı, geniş bir müzakirədir…

- Anar bəy...

- (Sözümü kəsir) Tural, gedəsi yerim var. Bəlkə, bu qədər bəsdir?

- Bir daha təbrik edirəm.

- Sağ ol, Tural.


Müəllif:

Oxşar xəbərlər