29 Noyabr 2014 13:11
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu yaxınlarda Papa İsrailə getmişdi və oradakı divarın yanında niyyət etmişdi ki, yəhudilər xristianların günahından keçsinlər. Yəhudilər də xaçpərəstlərə sülh və əmin-amanlıq dilədilər. Eləcə də Mahmud Abbasla görüşdü və ondan da sülh və barış istədi. Əminəm ki, Papa yenə ora səfər etsə, sülh niyyətini dünyaya bəyan edəcək. “Erməni soyqırımı”nın siyasi dəllallıq üçün istifadə edilməsini erməni xalqına və bəşər tarixinə hörmətsizlik sayıram. Təəssüf ki, bu “soyqırımı” məsələsini müasir siyasətçilər alver mənbəyi kimi istifadə edir”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Amerikada baş verən Ferqusson hadisələri yenidən irqi ayrıseçkiliyi gündəmə gətirə bilərmi?
- Amerikada ağdərililərlə qaradərililər arasında irqçilik münasibəti var. Bunu yalnız təkamül yolu ilə, mədəniyyətə və qanuna hörməti gücləndirməklə aradan qaldırmaq mümkündür. Bunun üçün isə zamana ehtiyac var. Amerikada indi hansısa faciəvi hadisə görmürəm, ikitərəfli irqçiliyi tədricən aradan qaldırmaq olacaq, o vaxta qədər ki, mədəniyyət və qanun hər iki tərəfdə güclü olsun. Qaradərili amerikalıların mədəni səviyyəsi, qanuna münasibəti böyük problemdir. Bu, tədricən aradan qalxmalıdır. Əslində, bununla bağlı tərəqqini görürük. Məsələn, ötən əsrin 60-cı illərində Amerikada irqçilik dəhşətli səviyyədə idi, ancaq indi xeyli dərəcədə aşağı düşüb. Qaradərili prezidentin Amerikaya rəhbərlik etməsi də göstərir ki, irqçilik tədricən aradan qaldırılır. Lakin hər yerdə hər şey eyni cür həyata keçirilmir. Əgər ağdərili polis ağdərili gənci öldürsəydi bu boyda etiraz qalxardımı? Məncə, yox. İndi ağdərili polis qaradərili gənci öldürüb və bu da böyük bəhanə olub. Qaradərili polis ağdərili gənci öldürsəydi, belə vəziyyət yaranardımı? Yox. Görünür, bu dərinin əhəmiyyəti Amerikada hələ də var və bunun aradan qaldırılması üçün yenə də müəyyən bir zaman keçməlidir.

- Bu hadisələr Amerika siyasətinin son dönəmlərdə böhranlı hala düşməsi ilə izah oluna bilərmi?
- Amerika hakimiyyətinin dünyada müstəsna gücü və hörməti var. Bu ölkənin sözü bütün dünya təşkilatlarında keçir. Amerika hələlik dünyada yeganə fövqəldövlətdir. Buna təəccüb etmək lazım deyil, bir həyati faktdır. Doğulmaq və ya ölüm necə qaçılmazdırsa, Amerikanın da fövqəldövlət olması faktdır və qaçılmaz bir şeydir. Bununla barışmaq və uyğunlaşmaq lazımdır.

- Roma Papası Fransiskin Türkiyəyə səfəri başlayıb. Bu səfər nə vəd edir?
- Heç nə vəd etmir. Sadəcə, Papanın ali məqsədi bütün bəşəriyyətdə və insanlar arasında sülh və dostluğun gücləndirilməsidir. Bu məqsədlə də Türkiyəyə gəlib. Türkiyə böyük dövlətdir və 80 milyona yaxın əhalisi var. Papa bu ölkəyə gəlməklə göstərir ki, Türkiyə xalqına, türk mədəniyyətinə və burada yaşayan müsəlmanlara və məsihilərə dini münasibəti və hörməti var. Türkiyə hökuməti də onu qonaqpərvərliklə qarşılamaqla göstərir ki, o da Papanın bütün bu xoş niyyətlərini və fikirlərini bölüşür. Burada nə isə qeyri-adi bir şey gözləmək lazım deyil. Papa Latın Amerikasına da, bu yaxınlarda Koreyaya da səfər edib. Vaxtı gələndə ərəb ölkələrinə də gedəcək, Qüdsə bir daha səfər edəcək. Yəni, bu, Papanın missiyasıdır ki, bütün dünyaya yalnız xoşniyyətlə ismarışını versin. Nə isə siyasi qeyri-adi hadisə gözləmək lazım deyil. Sonuncu güclü siyasətlə məşğul olan Roma Papası İohan Pavel idi ki, onun kommunizmin dağılmasında müstəsna rolu olub. Ondan sonra gələn Roma Papaları, nə Benedikt, nə də ki, Fransisk heç biri siyasi missiyanı həyata keçirmirlər.


- Papanın səfərində qondarma erməni soyqırımı ilə bağlı nə isə gündəmə gələ bilərmi?
- Xeyr. Vatikan bu “soyqırımı” tanıyır, necə ki, bütün Qərb dünyası tanıyır. Tanısa nə olacaq ki? Xristian dünyasının tarixində dəhşətli hadisələr olub. Katolik kilsəsinin yəhudilərə min il ərzində etdiyi zülmə görə Vatikan üzr istəyib. Xristian dünyası yəhudilərə olmazın zülmlərini verib. Təbii ki, bu faktı gizlədirlər. Amma Nyu-Yorkda yəhudilərin soyqırımı muzeyinə getdikdə, özümü savadlı adam saymağıma baxmayaraq, məlum oldu ki, mən bir çox şeyləri bilmirmişəm. Muzeyin təxminən 70-80 faizi xristian dünyasının yəhudilərə etdiyi zülmlərə həsr olunmuşdu. Yalnız faşist Almaniyasının yəhudilərə etdiyi zülm onun iki mislidir. Buna görə də Roma Papası yəhudilərdən üzr istəyib. Bu yaxınlarda da Papa İsrailə getmişdi və oradakı divarın yanında niyyət etmişdi ki, yəhudilər xristianların günahından keçsinlər. Yəhudilər də xaçpərəstlərə sülh və əmin-amanlıq dilədilər. Eləcə də Mahmud Abbasla görüşdü və ondan da sülh və barış istədi. Əminəm ki, Papa yenə ora səfər etsə, sülh niyyətini dünyaya bəyan edəcək. “Erməni soyqırımı”nın siyasi dəllallıq üçün istifadə edilməsini erməni xalqına və bəşər tarixinə hörmətsizlik sayıram. Təəssüf ki, bu “soyqırımı” məsələsini müasir siyasətçilər alver mənbəyi kimi istifadə edir. Mən bunu dəfələrlə bütün yığıncaqlarda ermənilərə, amerikalılara, avropalılara da demişəm. Bildirmişəm ki, “soyqırımı” ilə möhtəkirlik etmək lazım deyil. Erməni “soyqırımı” məsələsi I Dünya müharibəsi dövründə baş verən bir hadisədir və onu genişləndirmək yersiz idi. Bu, çox həqarət doğuran hadisədir ki, bunu da erməni hakimiyyəti həyata keçirir.

- Amma qondarma “erməni soyqırımı”nın yüz illiyi ilə bağlı ciddi hazırlıqlar gedir.
- Əminəm ki, bunun heç bir təsiri olmayacaq. Türkiyə dünya siyasətinin hörmətli və mühüm bir oyunçusudur və hansısa dövlətlər aciz Ermənistana görə Türkiyə ilə münasibətləri korlamayacaq. Əksinə, bu ermənilərə xeyir gətirməyəcək.

- Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəldi. Sizcə, bu baş tutacaqmı?
- Etiraf edək ki, indinin özündə sərhədlər açılmasa belə, Türkiyə ilə Ermənistan arasında böyük ticari dövriyyə var. Bunu Ermənistanda olan və olmayan siyasi ekspertlər də bilir. Bu dövriyyə Gürcüstan yolu ilə baş tutur və izafi mənfəəti gürcü biznesmenləri götürür. Əgər süni maneələr götürülərsə, Ermənistan-Türkiyə iqtisadi münasibətləri birgə inkişaf edəcək. Burada Rusiya biznesmenləri ziyan görəcək. Yəni, Ermənistanı inhisara götürmüş rus biznesinə zərər dəyəcək və beləliklə Rusiyanın mövqeləri Ermənistanda zəifləməyə başlayacaq. Bu baş verdikdə Türkiyənin mövqeyi güclənməyə başlayacaq. Ermənistan cəmiyyətində Türkiyəyə bağlı olan bölüm güclənməyə başlayacaq. Qarabağ məsələsində də ermənilər arasında “bizim torpağımızdır” deyənlərin mövqeyi zəifləyəcək.

- Soçidə münaqişənin mərhələli həll variantı ilə Ermənistanın razılaşdığı, amma bundan qaçdığı qeyd edilir.
- İndiki Ermənistan hakimiyyətinin siyasi kapitalı Türkiyəyə, Azərbaycana ədavət üstündə qurulub. Rəsmi İrəvan ona görə qaçır ki, bu kapital xərclənməsin. Əgər mərhələli plana razılaşsalar, addımlar atılacaq, bir neçə rayon qaytarılacaq və müəyyən mərhələdə Türkiyə-Ermənistan sərhədi açılacaq, iqtisadi əməkdaşlıq başlayacaq. Bu əməkdaşlıqdan sonra iqtisadi cəhətdən güclü Türkiyə və Azərbaycan Ermənistan cəmiyyətində xeyirxah yanaşan kəsimi iqtisadi cəhətdən gücləndirəcək. Bu da tədricən Ermənistandakı ədavət bəsləyən hakimiyyətin yerini dost münasibət quran hökumət tutacaq. Onlar isə bunu istəmir. Türklərə və azərbaycanlılara ədavət onların şəxsi kapitalıdır.

- İranın nüvə məsələsində “altılıq” dövlətləri razılaşma əldə edəcəyini bəyan etsələr də, bu baş tutmadı. Hadisələr niyə yenidən əvvəlki vəziyyətinə qayıtdı?
- İran nüvə silahı hazırlamaq fikrində deyil və belə bir proqramı da yoxdur. Lakin bundan bəhanə kimi istifadə edib, böhtan atan Qərb dövlətləri İranı sadəcə diz çökdürüb, tabe etdirmək istəyirlər. Qərb siyasi dairələrinə tabe olmayan müstəqil İran üçün bu, böyük bir təhlükədir. Onlar nüvə təhlükəsini uydururlar. Mən qərblilərə də demişəm ki, İran, misal üçün, üç dənə atom bombası düzəltdi. Bunun nəyi təhlükədir? İran 3 atom bombası ilə 300 bu tip bombaları olan Amerikanı, İsraili nəyi ilə hədələyə bilər? Onun bu bombanı çatdıracaq vasitələri yoxdur. Qərb tərəfi uydurur ki, İran Avropaya hücum edəcək. İran dəli olub ki, hücum eləsin? Bu məsələni İranın ali dini rəhbəri, prezidenti də deyib ki, uranın zənginləşdirilməsi təhlükə törətmir. İranın xarici dövlətlərdə bazaları yoxdur, amma Amerikanın yüzlərlə bazası var. İran Amerikanı, Avropanı öz bazaları ilə əhatə eləmir, lakin Qərb İranı bazaları ilə əhatə edir. Xalqımızın gözəl bir məsəli var, adamın adı çıxınca, canı çıxsın. Dünya mediası Qərbin əlindədir, ona görə də istənilən dövləti şər imperiyası adlandıra bilirlər. Qərbin diktəsinə tabe olmayan İran onlar üçün təhlükədir. Beynəlxalq hüquqa görə İran dinc məqsədlərlə uranın zənginləşdirilməsi proqramını həyata keçirə bilər.

BƏXTİYAR Məmmədli


Müəllif:

Oxşar xəbərlər