13 Yanvar 2015 16:43
2 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər müsəlman “mən peyğəmbəri müdafiə etmək üçün gedib haradasa terror edəcəyəm” deyirsə, məncə o, müsəlman deyil. Allah Qurana görə hər yerdədir. İkincisi də, sənin anladığın Allah sənin içindədir. Sən Allahı sevməli, peyğəmbərə məhəbbət bəsləməli və bunu xoş əməllərinlə isbatlamalısan. Allaha məhəbbəti qətl və cinayətlə bildirməzlər. Əgər belə yolla bildirirsənsə, deməli, sən İslamı və müsəlmanlığı anlamırsan. Əvəzində də İslama zərbələr edirsən”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq, ərəbşünas Zərdüşt Əlizadə bildirib. Onunla müsahibəni təqdim edirik.

- Zərdüşt bəy, Parisdə baş verən terror hadisəsinin üzərindən bir neçə gün keçsə də, bu məsələ sanki İslama qarşı bir prosesə rəvac verir. Baş verənləri necə qiymətləndirirsiniz?
- Əvvəla, bu hadisəyə ümumi mənzərənin fonunda baxmaq lazımdır. Ümumi mənzərə odur ki, inkişaf edən Qərb dövlətləri beynəlxalq hüququ, insan haqlarını pozaraq müsəlman dünyasının sərvətlərini ələ keçirir, müsəlman ölkələrində özlərinə uyğun rejimlər qurur. Öz istismarçı siyasətinin haqlı olduğunu sübut etmək məqsədilə müsəlmanların vəhşi, pis olduğu obrazını yaradır, İslam dinini radikal və terrorçu qismində göstərirlər. Bu məqsədlərinə çatmaq üçün də İslam radikallığından istifadə edilir. Cahil, bixəbər, savadsız və mədəniyyətsiz İslam radikalları onların karına gəlir. Bu radikallar isə İslamda bir ovucdur. Dünyada 1,5 milyard müsəlman var, radikallar isə heç 100 min nəfər deyil. Ancaq bu radikallar çox fəaldır. Çox güman ki, Qərb kəşfiyyatı onlardan istifadə edir. Özlərindən asılı olan ərəb şeyxlərinin ayırdığı pullar hesabına onları hazırlayır. Bu radikallar da başlayır terrorla məşğul olmağa. Nəticədə Qərb dövlətləri İslamı terrorda ittiham edir, zərbə də müsəlmanlara dəyir. Müsəlmanların Qərbin bu haqsız əməllərinə cavabı necə ola bilər? Əlbəttə, ən yaxşısı budur ki, müsəlmanlar özlərini təmkinli aparsın, elmə, sənayeyə, təhsilə, səmərəli dövlət quruculuğuna diqqət ayırsınlar. Şübhəsiz ki, bunları etmək üçün də savad və ağıl lazımdır. Təhsil, savad və ağıl olmayan yerdə radikallar önə çıxacaq, öz aləmlərində peyğəmbərin qisasını almaq haqda düşünəcək. Nəticədə də İslama və müsəlmanlara ən ağır zərbəni vuracaqlar.

- “Charlie Hebdo” satirik jurnalı və onun karikatura çapını necə qiymətləndirmək olar?
- Bu, satirik jurnaldır. Satira və yumor xalqlarda müxtəlif cürdür. Məsələn, Azərbaycan lətifələri bir, ingilis lətifləri başqa cürdür. Hamı bu lətifə, yumor və satiranı anlamır. Bizim üçün Mirzə Cəlil, Mirzə Ələkbər satirası etalondur. Ancaq bir erməni bu əsərləri oxuyandan sonra deyib ki, xalqa qarşı belə qəzəbli və nifrətli olmaq mümkündürmü? Məncə, bu adamlar xalqlarını daha dərindən seviblər və bu onlara nifrətə qədər gedib və qüsurları göstəriblər. Satiranı hər adam anlamır. Əgər anlamırsansa, nəzakət, ədəb olmalıdır. Fransız xalqının ədəbi satirası bundan ibarətdir. Sən onlara fikir vermə, öz həyatını yaşa. Əgər müsəlman “mən peyğəmbəri müdafiə etmək üçün gedib haradasa terror edəcəyəm” deyirsə, məncə o müsəlman deyil. Allah Qurana görə hər yerdədir. İkincisi də, sənin anladığın Allah sənin içindədir. Sən Allahı sevməli, peyğəmbərə məhəbbət bəsləməli və bunu xoş əməllərinlə isbatlamalısan. Allaha məhəbbəti qətl və cinayətlə bildirməzlər. Əgər belə yolla bildirirsənsə, deməli, sən İslamı və müsəlmanlığı anlamırsan. Əvəzində də İslama zərbələr edirsən. “Charlie Hebdo” həftəlik satirik jurnaldır və karikatura yayımlayır. Burada çalışanların da pulu əsasən satışdan gəlir. Bu karikaturaçılar çalışırlar ki, qıcıq və rezonans doğuracaq, maraq yaradacaq reportajlarla özlərinə oxucu qazansınlar. Qərb dünyasının xoşlamadığı İslama sataşmaq, onun peyğəmbərinin karikaturasını çəkməklə bu oxucunu qazanmaq olar. Bu, sadəcə kommersiya fəndidir və söz azadlığına dəxili yoxdur. Azadlıq həm də məsuliyyət tələb edir. Məsuliyyətsiz adam azad deyil, tərbiyəsizdir. Mədəni, azad insan heç vaxt başqasının Allahını, peyğəmbərini, mədəniyyətini təhqir etməz. Əlbəttə, tənqid edə bilər, şübhə ilə yanaşa bilər, lakin təhqir olmaz.

- Parisdə “Bərabərlik və Həmrəylik” yürüşü keçirildi, tədbirə dünya liderləri qatıldı. Sizcə, bu terrorun aradan qaldırılmasına müsbət nəticə verə bilərmi?
- İlk olaraq baxaq həmin yürüşə kimlər qatılıb? Rusiyada ifadə azadlığını pozan xarici işlər naziri. Liviyanı bombalayan, insanları məhv edən, evləri dağıdan Sarkozi gəlmişdi. Sən demə, Sarkozi azadlığın tərəfdarıdır. İsrailin baş naziri yürüşə qatılmışdı. Hansı ki, bu baş nazir bir xalqın torpağını tutub, öz ölkəsinə ilhaq etmək istəyir, 10 minlərlə fələstinli öldürülüb, beynəlxalq hüquq pozulub və s. Mən çox ad sadalaya bilərəm. Ancaq bunlar siyasi riyakarlığın ifadəsidir. “Charlie Hebdo” bir təxribat idi. Bir tərəfdən jurnalistlərin ədəbsizliyi və bizim müsəlman adlandırılan radikalların nadanlığı. Sonda da belə hadisələrdən yararlanmağa çalışan siyasi möhtəkir və hiyləgərlərin ikiüzlülüyü. “Charlie Hebdo” məsələsi bundan ibarətdir. Sizə bir məsəl çəkim. Hələ 3-4 il əvvəl Danimarkada Məhəmməd peyğəmbərin karikaturası çəkilmişdi, həmin vaxt Amsterdamda idim. Orada jurnalistlərin böyük toplantısı keçirilirdi. Yığıncaqda bəzi jurnalistlər özlərini öldürür, ifadə azadlığı məsələsini qaldırırdılar. Mən də dedim ki, ifadə azadlığını məsuliyyətsizliklə qarışdırmaq doğru deyil. Əgər, mən sizin ananızı söyüb desəm ki, ifadə azadlığıdır, siz etiraz edəcəksiniz ki, bu ədəbsizlikdir. Bəs milyonlarla insanın hörmət etdiyi bir şəxsiyyəti ələ salmaq, təhqir etmək nəyə lazımdır? Cavab verdilər ki, biz özümüzünküləri də edirik. Dedim, özünüzün peyğəmbərlərini edirsiniz, özünüz bilərsiniz, ancaq biz bunu bəyənmirik. “Charlie Hebdo”da karikatura çəkirlər, əstəğfurullah, Allah İsa peyğəmbərlə cinsi əlaqəyə girib. Bu, onların öz işidir. Ancaq bu, bizi yaralayır. Çünki Quranda yazılır ki, İsa həqiqi peyğəmbərlərdən biridir. Belə tərbiyəsizlik varsa, özləri bilər. Ancaq gəlib Məhəmməd peyğəmbərə sataşanda, bütün hüdudları keçirlər. Ancaq ağıllı müsəlmanlar buna fikir vermədən müsəlman dünyasını sağlamlaşdırmalı, problemlərdən xilas olmalı, elmimizi və sənayemizi inkişaf etdirməli, istehlakçıdan istehsalçıya, asılıdan müstəqilə çevrilməliyik. Müsəlman bunun əvəzinə həmin ölkələrin bizə satdığı silahdan götürüb İslama ləkə yaxmağa getməməlidir.

- Almaniyada antiislam təşkilati yaradılır, İspaniyada qanun layihəsi hazırlanır. Bu, Avropada yaşayan müsəlmanlara qarşı şiddətin ola biləcəyi mesajıdır?
- Məncə, söhbət gerçək müsəlmandan gedirsə, həmin müsəlmanın Allaha sevgisi olmalıdır. Bu sevginin içində vətənə, torpağa, böyüyə də sevgi var. Belə adam qürbətə qaçmamalı, vətənində çətinliklərə dözməli, vətənini qurmalıdır. Yoxsa durub getsin ki, mən Avropada sosial yardım alacam, özüm yad adam olsam da, bəlkə nəvəm ikinci dərəcəli vətəndaşa çevrildi. Bundansa öz vətənində qal. Öz vətənindən gedir, çətinliklərdən çəkinir, amma Avropada diskriminasiyaya məruz qalmaqdan qorxmur. Mənim bir müsəlman olaraq ölkədən getmək üçün yüz dəfə imkanım olub, amma vətənimdən getmək ağlıma gəlməyib. İndi də güzəranım yaxşı deyil, amma Azərbaycansız özümü həyatda təsəvvür etmirəm. Ancaq köçüb gedənləri də qınamıram. Lakin bu adamlar bilməlidir ki, getdikləri yer onların vətəni deyil. Günün birində onlara deyəcəklər ki, gedin öz vətəninizə, siz burada ikinci dərəcəli insansız, sizi araşdıracağıq və s.

- Fransada 3 milyona yaxın müsəlman yaşayır, özləri də əslən əlcəzairlidir, heç ana dillərində danışa bilmirlər və əslində üçüncü nəslin nümayəndələridir. Bu adamlar hüquqi baxımdan Fransa vətəndaşıdır. Terror edən də, onun qurbanı olan da fransız vətəndaşıdır. Əgər terrora qarşı cəzanı hüquq verəcəksə, nədən dini məsələ qabardılır?
- Tamamilə haqlısınız. Terror edənlər də Əlcəzair əsilli Fransa vətəndaşlarıdır. Ancaq nəzərə alın ki, terror müstəsna hadisədir. Müstəsna hadisələrinə də müstəsna münasibət olur.

- Hüquq konkretdir...
- Hüquq nisbi məfhumdur, mütləq məfhum deyil. Siz baxmayın ki, Qərb ölkələri qürrələnir ki, bizdə hüquq var. Varlı üçün hüquq bir, kasıb üçün başqa bir şeydir. Qərbdə varlı insanlar milyonlar xərcləyib təcrübəli vəkillər tuturlar. Faktiki olaraq ədalət mühakiməsini ələ ala bilirlər. Çünki hüquq mürəkkəb və nisbidir. Odur ki, siz hüquqa müraciət etməyin, beynəlxalq hüquq isə ümumiyyətlə yoxdur. Hüquq böyük güclərin öz məqsədini həyata keçirməsi üçün bəhanədir. Amerika istəyəndə beynəlxalq hüquq işləyir, istəməyəndə işləmir. Qərb dövlətlərində hər şey nisbidir. Hansısa savadlı insan mübarizə apara bilər. Ancaq Qərb deyəndə onu tarixən götürmək lazımdır. XX əsrin Qərbinə baxın, faşizm və kommunizmi yetirib, iki cahan müharibəsini başladıb, müsəlmanları istila edib. İndi də Qərb dəyərləri deyəndə bunu ilahiləşdirmək lazım deyil.

- Avropada sadə publika üçün islamafobiya güclənəcəkmi?
- Ağıllı insanlar islamafobiyaya yoluxmur. İslamafobiya cahil insanların fitnəsidir. Bundan müəyyən siyasi qüvvələr səs və ya xal qazanmaq üçün istifadə edirlər. Məsələn, elə partiya var ki, islamafobiyanın təsiri altında Hollandiya parlamentində üçüncü partiya olub. Bundan istifadə edib xal qazanan siyasətçilər var. Jurnalistlər də pul qazanmaq üçün İslamı, Quranı, peyğəmbəri təhqir edirlər. Bu da islamafobiyanın gəlir gətirən hissəsidir.


- Bəzi ekspertlər deyirlər ki, indiki vəziyyət dinlərarası müharibəyə doğru gedir. Siz, bu haqda nə düşünürsünüz?
- İndiyə qədər dinlərarası sülh var idi? Suriyada, İraqda, Fələstində dinlərarası sülh var? Qərb dünyasının İrana sanksiyası dinlərarası sülhün əlamətidir? İran onlara neyləmişdi ki, sanksiyalar tətbiq edirlər? Sadəcə İran onlara qulaq asmamış, tabe olmamışdı. Odur ki, dinlərarası sülh və müharibə nisbidir. Bunlar həmişə var, həmişə də davam edəcək. Sadəcə kimsə sülhü, kimsə müharibəni seçir. Mən sülhü seçirəm, bütün dinlərə də hörmətlə yanaşıram. Bu, mədəniyyətin, ədəbin, tərbiyənin nəticəsidir.

Nemət


Müəllif:

Oxşar xəbərlər