Teleqraf.com millət vəkili Əli Məsimli ilə müsahibəni təqdim edir.
(əvvəli burda http://teleqraf.com/news/53203)
– Əli müəllim, maraqlıdır, bir illik uzaq yerə getsəniz, özünüzlə hansı kitabları götürərdiniz?
– Vaqif Səmədoğlunun “Uzaq yaşıl ada” şeirini klassik ədəbiyyat inciləri səviyyəsində bir şeir hesab edirəm.
“Halıma yanan gərək, səsin düşəndə yada,
ötən günləri qoru, yaxşı bax, vermə bada,
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada…”
– Gözəldir.
– Mən gözəl şairimiz Vaqif Səmədoğlunun dediyi o məşhur “uzaq, yaşıl adaya” getmək arzusunda olan adamlar siyahısında deyiləm. Mən cəmiyyət içində olmağa daha çox üstünlük verirəm. Amma birdən gedəsi olsam, tək getmərəm və təbii ki, özümlə götürəcəyimin adı da əsla kitab olmaz...
– Niyə?
– Çünki indi İKT əsridir, harasa uzaqlara kitab oxumağa getməyə ehtiyac yox…
– Teatrlara gedirsiniz? Hansı tamaşalar, hansı rollar yadınızda qalıb? Fərq etməz ki, yaxınlarda getdiyiniz teatr tamaşasından danışaq, ümumiyyətlə, soruşuram.
– Düşəndə Opera və Balet teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Gənc Tamaşaçılar Teatrında oluram. ”Leyli və Məcnun”dakı ifaçılıq səviyyəsi mənə daha çox təsir edir. ”Məhəbbət əfsanəsi”ndən və “Sonalar gölü”ndən də xoşum gəlir.
– Sizcə, şairdən prezident olar? Qəfil Şah İsmayıl Xətai, Qazi Bürhanəddin, Cahanşah Həqiri yadıma düşdü, ona görə bu sualı verdim.
– Məncə, belə bir bölgü aparmaq ki, kimdən prezident olar, kimdən olmaz, bu düzgün yanaşma deyil. Məsələn, post kommunist məkanında öz imicinə görə ən diqqətçəkən prezident yazıçı Vatslav Havel ola bildi.
– Vaqif Bayatlı Odərin şeirlərini oxumusunuz? Keçmiş Vaqif Cəbrayılzadəni deyirəm. Necə şairdir?
– Vaqif Bayatlı Odər çox orijinal düşüncə tərzinə malik bir şairimizdir. Vaqif Bayatlı Odər deyir ki:
Şeir anddı mənimçün.
Şeir yazmaq-and içmək,
and içib
göydə ulduzuna,
yerdə şeirinə çəkilir hər şair-
yurdunu qoruyan əsgər
qılıncına and içib
ölümünə çəkilən tək.
– Elə bildim tanımırsınız…
– Şeirlərinə bələd olsam da, mən Vaqif Bayatlını şairdən çox insan kimi daha çox tanıyıram. Çox gözəl insandır.
– Hansı ədəbi dərgilərə, qəzet və jurnallara abunəsiniz? Ümumiyyətlə, ədəbiyyatla bağlı hansı qəzet, jurnal oxuyursunuz? “Azərbaycan”, “Ulduz” jurnalları, “Yazı” dərgisi, “Aydın yol” qəzetindən xəbəriniz var?
– Mən televiziyada xəbərlər, idman oyunundan və bir də çox maraqlı filmlərdən başqa heç nəyə baxmıram (sağlamlığımı qorumaq üsullarından biri kimi). Biz hər dəfə poçtumuzu alanda orada sizin dediyiniz dərgilərə bənzər onlarla dərgi olur. Amma mən son vaxtlar həmin qəbildən olan jurnal və qəzetlərlə artıq maraqlanmıram. Əvəzində mən istədiyimi, daha çox faydalı informasiya ala bildiyim şeyləri oxuyuram. Mən gündə min səhifə yazı vərəqləyirəm. Onun faydalı hesab etdiyim hissəsini diqqətlə oxuyaram, onun içərisində uşaq ədəbiyyatından tutmuş Nobel mükafatçısının əsərinə qədər hər şey olur.
– Necə bilirsiniz, hansısa ictimai-siyasi xadimə nöqsan tutmaq olar ki, niyə ədəbiyyat oxumursunuz, niyə incəsənətlə maraqlanmırsınız?
– Hər bir insan ümumi inkişaf səviyyəsini formada saxlamaqdan ötrü kitab oxumalı, mədəniyyət və incəsənətlə maraqlanmalıdır. Amma irada gəldikdə, dünyada irad tutmaq və məsləhət verməkdən asan şey yoxdur. Biz aspiranturaya imtahan verəndən sonra böyük zalda təsdiqdən keçirdik. Onda bizə idmandan tutmuş ədəbiyyata qədər hər şeydən sual verirdilər. Bir aspirantdan soruşmuşdular ki, idmanla məşğul olursan, hündürlüyünə nə qədər tullana bilirsən?
– Aha…
– Həyəcanlı aspirant elə bilmişdi ki, uzununa tullanmağı soruşurlar. Demişdi, 3 metr. Sual verən onu tərifləmişdi ki, aspiranturaya belə gəncləri qəbul etmək lazımdı. Sual verənin yanında əyləşən söhbətə qarışıb, bildirmişdi ki, heç dünya çempionu 3 metr hündürlüyünə tullana bilmir. Belə sual verənlər birdən baməzə bir şəkilinin əlinə düşər, o da manipulyasıya xarakterli cavabı ilə insanları imtahana çəkmək xəstəsi olanı çox asanlıqla pərt edə bilər.
– Həə, elədir.
– Hər kəs hər şeydən əvvəl öz sahəsinin yüksək səviyyəli mütəxəssisi olmalıdır, bundan əlavə ədəbiyyatla, marka yığmaqla, yoxsa riyaziyyatla maraqlanması onun öz işidir. Heç kəs, daha doğrusu, mədəniyyəti, tərbiyəsi yerində olan insanlar heç vaxt başqasını imtahana çəkmək mərəzi nümayiş etdirmirlər. Çünki imtahan üçün imtahan komissiyası var, imtahan vermək arzusu olanlar ora müraciət edir, imtahan götürmək səviyyəsində biliyi olanları da ora dəvət edirlər ki, imtahanını götür…
– Adətən, yaşlı insanlar muğamı çox tərifləyir, muğamla nəfəs alırlar, muğamın sehrindən uzun müddət ayrıla bilmirlər. Bəs sizin muğamla aranız necədir, ümumiyyətlə, muğama münasibətiniz maraqlıdır.
– Muğamı Azərbaycan musiqi sənətindəki yerinə layiq səviyyədə sevirəm. Amma muğam onun adına layiq səviyyədə ifa ediləndə mənə güclü təsir edir.
– Məsələn…
– Məsələn, Alin Qasımov oxuyanda içimdən elə bil başlanğıcını səmanın dərin qatlarından alan bir cərəyan keçir.
– Bəs başqa hansı musiqilərə qulaq asırsınız, hansı müğənniləri dinləyirsiniz?
– Musiqi qəlbin qidasıdır, çox janrdan xoşum gəlir, amma daha çox estrada musiqisinə, muğam və xalq musiqilərinə qulaq asıram. Azərbaycan müğənnilərindən daha çox Müslüm Maqomayevi, Alim Qasımovu, Flora Kərimovanı dinləyirəm. Nuriyyə Hüseynova da düzgün oxuyan müğənnilərimizdəndir, ifası xoşuma gəlir.
– Türkiyə müğənniləri necə?
– Türk müğənnilərindən Qayaxanı, Sezen Aksunu və digərlərini, xarici müğənnilərdən Pavarottini və yüksək ifaçılıq nümayiş etdirənlərin çoxunu dinləyirəm.
– Maraqlıdır, dünya mədəniyyətini bir insana bənzətsək, Azərbaycan mədəniyyəti o insanın harası sayıla bilər? Əlləri, gözü, burnu, qulağı, dırnağı, ağzı, dişi...
– Mədəniyyət – insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərləri özündə birləşdirdiyindən, məncə, dünya mədəniyyətini insana, Azərbaycan mədəniyyətini isə onun hansısa orqanına bənzətmək çox uğursuz müqayisədir.
– Bəzən balaca uşağın suallarına cavab vermək olmur. Deyirsən ki, kitab oxu. Deyir, niyə? Deyirsən, oxu, yaxşı adam ol. Deyir, filankəs çoxlu kitab oxuyub, bəs niyə yaxşı adam deyil? Deməyim odur ki, doğrudan, kitab insanı kamilləşdirir?
– Quyuya su tökməklə quyuda su olmaz. Əgər tanrı insana kamillikdən hansısa pay, əlamət veribsə, onda həmin insan kitab oxuyub kamilləşə bilər.
– Əks halda…
– Əks halda kitab oxumaqla kamilləşmək olmaz, informasiya xarakterli bilik sahibi olmaq olar. Yəni sadəcə, məlumatını artıra bilərsən. Mən çox kitab oxuyan o qədər nadan tanıyıram ki....
– Necə fikirləşirsiniz, Mikayıl Müşfiq doğrudan, yaxşı şairdir, yoxsa, nakam ölümü insanlarda ona qarşı bu qədər sevgi yaradıb?
– Mikayıl Müşfiq doğurdan, nadir istedad sahibi olub. Əks halda sovet hökuməti onu belə tez məhv etməzdi.
”Arzuya bax, sevgilim, tellərindən incəmi, söylə ürəyincəmi?.."
Yaxud da:
Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim...
Bunu yalnız Mikayıl Müşfiq dühası nəzmə çəkə bilərdi. Bundan da güclü və duyğulu başqa bir şeir:
Oxu, tar, oxu tar!
Səsindən ən lətif şeir dinləyim.
Oxu tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim
Oxu, tar!
Səni kim unudar!
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!..
”Oxu tar, səni kim unudar”ı da o deyə bilərdi. Ona görə də öldürdülər.
– Axırıncı dəfə nə vaxt kitab oxumusunuz?
– Mənim axırıncı dəfə yox, axarıncı dəfə oxuduğm kitab ola bilər, çünki mən bayaq dediyim kimi, gündə min səhifə yazı vərəqləyirirəm. Onun içərisində uşaq ədəbiyyatından tutmuş Nobel mükafatçısının əsərinə qədər hər şey olur.
– Nifrət etdiyiniz yazıçılar var?
– Nifrət zəiflik əlamətidir. Nifrət daha çox məğlubiyyətdən doğar. Mən unutmağı bacarıram deyə nifrətdən uzağam.
– Tez-tez deyirlər ki, Qarabağ mövzusunda şeirlər yazılmır, nəsr əsərləri yazılmır. Və yaxud, az yazılır. Sizcə, Qarabağa şeir yazmaq, Qarabağa roman yazmaq çox vacib məsələdir?
– Niyə?.. Qarabağa dair yazırlar və yazacaqlar da… Son vaxtlar filmlər də çəkilir. Problem bəlkə başqadır? Qarabağa layiq səviyyədə nəsə yaratmaq tələbatı hələlik layiqincə ödənilmir.
– Filimlə münasibətləriniz necədir? Baxırsınız, yoxsa vaxt-imkan olmur?
– Televiziyada yaxşı, düşündürücü film olanda baxıram. Arada kinoteatrda da filmə baxıram. Ötən həftə Çanakkala döyüşlərinə həsr olunmuş “Sonuncu məktub” filminə baxdım.
– Sonda. Ədəbiyyatımıza, teatrlarımıza, ümumiyyətlə, mədəniyyətimizə nə arzulayırsınız. Heç olmasa, yaşamaq üçün arzumuz olsun.
– Mən kiməm ki, ədəbiyyatımıza, teatrımıza nəsə arzulayım. Həm də axı ədəbiyyatımızın işi arzudan keçib, mənin arzumla ədəbiyyat, teatr dirçələn, inkişaf edən deyil, cəmiyyət inkişaf etməlidir ki, qalan sahələr də ona uyğun inkişaf etsin. Ona görə də belə məsələlərə münasibətdə arzu yox, hər sahədə olduğu kimi, burda da əməl lazımdı, əməl.
Kəramət Böyükçöl