Teleqraf.com Elnur Astanbəyli ilə müsahibəni təqdim edir.
– Elnur bəy, Facebookun ərazisi günü gündən genişlənir. Artıq hər kəsin profili onun tribunasına çevrilib, sözünü deyir, insanlar da “layk” edir. Bəs sizin bu tribunaya münasibətiniz necədir? Yaxşıdır, yoxsa pis?
– Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz parçasıdır, hətta yaradılışın beşinci ünsürünə çevrilib – o, az qala od, su, hava, torpaq qədər vacibdir. Hamının yazmaq və danışmaq üçün tribunasının olmasından gözəl nə ola bilər?! Kimsə bundan yalan, yaxud bayağı şeylər yazmaq, danışmaq üçün istifadə edirsə belə, qoy olsun. Yalnız hər cinsdən fikirlərin, mövqelərin toqquşması doğrunun, həqiqətin ortaya çıxmasına kömək edə bilər. Facebooka, - elə digər sosial şəbəkələrə də həmçinin! – dodaq büzənləri anlamıram. Onların ailələri dağıtmasından tutmuş insanları canlı ünsiyyətdən məhrum etməsinədək ittiham olunması çox gülməlidir.
– Elədir.
– Bütün statistikalar göstərir ki, boşanmalarda ən böyük pay sosial səbəblərlə (işsizliklə, yoxsulluqla...) bağlıdır, amma əksəriyyət “suç keçisi” kimi sosial şəbəkələri göstərirlər. Yaxud, canlı ünsiyyət – şəxsən facebook, yaxud tvitter mənim əl-qolumu bağlayıb, yolumu kəsib kiminləsə üz-üzə oturmağıma mane olmur. O adamlarla ki, sosial şəbəkələr olmadan da vaxtaşırı görüşüb, məsələn, araq içirdim, yenə də içə bilirəm, hətta sosial şəbəkələr dost-tanışla daha tez-tez görüşmək üçün səbəblər verir.
– Başqa bir məsələ...
– Bilirsən, ona qalsa, istənilən icada bir “mız” qoymaq, ləkə yaxmaq olar. Daşla ev də tikirlər, baş da yarırlar. Bıçaq cərrah əlində həyat verir, qatil əlində can alır. Bir sözlə, hər şey insanın özündən – öz xislətindən, mahiyyətindən asılıdır, baxır o nədən necə yararlanır, nə üçün istifadə edir?
– Məsələn, siz də uzun illər yazıb-yaradırsınız, Zamin Hacı da. O da istedadlıdır, siz də. Bəs niyə Zamin Hacının statuslarına çox “layk” edirlər, amma sizdə o qədər deyil? Nə ilə bağlıdır bu? İnsanlar sizi dəstəkləmir, sevmir? Sizi dəstəkləmirlərsə, bəs Zamin bəyi niyə bəyənirlər? Axı mahiyyət etibarı ilə hər ikiniz eyni mövqedəsiniz.
– Zamin Hacı çağdaş Azərbaycan üçün dəyərdir, xüsusi hadisələrdən biridir – bu, ənənəvi mətbuatda da belədir, yeni mediada da. Onu bəyənmək azdır, onu daha yüksək qiymətləndirmək lazımdır.
– Konkret suala gələk.
– Konkret suala gəlincə, görünür, bu ona görədir ki, Zamin bəy facebook-da daha ardıcıldır, daha aktivdir, virtual dost çevrəsi daha genişdir, onlarla daha fəal münasibətdə olur, üstəlik, sosial şəbəkədə fikirlərini daha istedadla və cəsarətlə ifadə edir. Əslinə qalsa, real həyatda da məhz bu cürdür – hansısa kütləvi tədbirə gedəndə tutaq ki, üç adam mənimlə görüşür, hal-əhval tutursa, Zaminə bundan qat-qat artıq maraq göstərirlər, avtoqraf belə alırlar.
– Başqa bir məsələ. Hazırda vətəndən gedən yazarlar var. Günel Mövlud, Əli Əkbər... Amma onların bütün yazıları yenə Azərbaycanda çap olunur və oxunur. Əgər oxunursa. Sizcə, bunu getmək hesab eləmək olarmı? Ümumiyyətlə, getmək beləmi olur, Elnur bəy? Bəs siz necə gedərdiniz?
– Bilirsən, getmək yalnız fiziki hadisə deyil, həm də mənəvi hadisədir. Ayaqların səni istənilən uzaqlığa apara bilər, amma qəlbin və ağlın burada qalıbsa, artıq bu “getmək” sayıla bilməz. Bədənin harada olursa olsun, düşüncələrin, hisslərin, fikirlərin, mövzuların hələ də tərk etdiyin yerlə bağlıdırsa, onları bölüşəcəyin, onları paylaşacağın yer də məhz orasıdır. Özümə gəlincə, - tam səmimi deyirəm, indiyədək Azərbaycandan getməyin heç bir forması (nə fiziki, nə mənəvi!) ağlımın ucundan da keçməyib.
– Qəribədir.
– Bu urapatriotluq-filan deyil, məni tanıyanlar, yazılarımı izləyənlər də bilir, mənə saxta, əldəqayırma, qara-qışqırıqçı vətənpərvərlik, daha doğrusu, vətənşüvənlik nə qədər yaddır. Bütün içdənliyimlə söyləyirəm: maddi və mənəvi olaraq nə qədər boğulsam da, hansı təhlükələri yaşasam da, özümü bu ölkədən kənarda təsəvvür belə, etmirəm. Görünür, Nazim Hikmətə hədsiz sevgimin kökündə də bu yatır – bir insanın ömrünün böyük bir bölümünü məmləkət həsrəti, qürbət ağrısı ilə yaşamasının nə qədər əzablı ola biləcəyini bütün varlığımla hiss edə bilməyim! Halbuki, uşaqlığımı istisna etsək, həyatımda bir dəfə də olsun, Azərbaycandan kənarda bir saat belə keçirməmişəm.
– Bu yaxınlarda italiyalı yazarın müsahibəsini oxudum. Deyir, İtaliyada bir şairin kitabı mindən çox satılmır. Əgər belədirsə, biz Azərbaycanda kitaba münasibətdən niyə bu qədər narazıyıq? Nə istəyirik?
– Şeir kitabları ilə bağlı mənzərə dünyada üç aşağı, beş yuxarı eynidir. Amma nəsrlə bağlı belə deyil axı! Proza kitablarının tirajı indi əksər ölkələrdə çox yüksəkdir. Azərbaycanda kitaba münasibət isə sözün həqiqi mənasında çox faciəvidir. Söhbət yalnız kitab satışından getmir. Görün nə qədər kitabxana kababxanaya çevrildi. Bu prosesdən salamat çıxan kitabxanalar isə boş qalıb. Şəxsi kitabxanalar Azərbaycan evlərindən sürətlə qəhətə çıxır, onları əlavə yük hesab edirlər, fikirləşirlər ki, evdə havayı yer tutur. Yaxşı, bundan sonra kitaba münasibətin nəyindən razı qalaq?!
– Aydındır.
– Kitaba dayanmayan inkişaf yoxdur. Bunu birdəfəlik başa düşmək lazımdır. Elmsiz, bilgisiz, mədəniyyətsiz yüksəliş real və davamlı ola bilməz. Bizdə məhz bunu anlamağa çətinlik çəkirlər. Qaldı ki, nə istəməyimizə - insanlar kitablara, kitabxanalara, kitab dükanlarına qayıtsınlar, özləri də oxusunlar, başqalarına da oxutsunlar. Kapital ehtirası gözləri bu qədər kor etməsin, mənəvi olan nələrinsə də dəyəri qalsın, onlar da həyatımızdakı yerini qorusun. Axı insanı insan edən, onu digər canlılardan ayıran, xalqı sürüdən fərqləndirən məhz budur – mənəvi dəyərlər. Hansı ki, onları bizə təlqin edən məhz kitabdır, bilgi və sənətdir.
– Konkret olaraq, indiki şəraitdə kitab təbliğatının yollarını nədə görürsünüz? Necə eləyək ki, insanlarda kitaba kütləvi maraq yaransın?
– Açığı, mən bu məsələdə pessimistəm. Baxmayaraq ki, digər dostlar kimi, kitaba maraq və həvəs yaratmaq üçün yazılarımda tez-tez çağırışlar edirəm, amma bütün bunlarla problemi kökündən həll etmək mümkündürmü? Fərdi cəhdlər əlbəttə, nəticəsiz qalmır, bu cür cəhdləri davam etdirmək lazımdır da, indiki şəraitdə bir nəfəri belə, kitaba həvəsləndirmək özü də böyük qənimətdir, bunu da başa düşürəm. Di gəl, həmişəmi damla-damla göl olur? Hər şeyin maddiləşdiyi, mənəvi olan hər şeyin isə gülüş doğurduğu, yadlaşdığı bir mühitdə çətin ki!
– Elnur bəy, biz niyə dünyada ciddi qəbul olunmuruq? Ümumiyyətlə, bizi dünyada niyə tanımırlar? Söhbət ədəbiyyatımızdan gedir. Lap Mirzə Cəlili deyirəm, Sabirdən danışıram. Bunları dünya niyə tanımadı? Sizcə, səbəb nə oldu? Və yaxud, ola bilərmi ki, bundan sonra tanısınlar?
– Bu yaxınlarda saytlarda belə bir “sevindirici”, bircə əvvəlində “Şok! Şok! Şok!” sözləri çatmayan xəbər başlığı vardı: “Yunus Oğuzun “Nadir şah” tamaşası Youtube-də!”. Sən başa düşürsən, nə qədər tragikomik vəziyyətdir?
– Bunun sualıma nə dəxli var?
– İnan ki, çox dəxli var, birbaşa dəxli var – bu bizim indiyədək ədəbiyyata, özümüzə və dünyaya olan münasibətimizin ən qısa və ən doğru özətidir. Biz həmişə bax belə ağlamalı-gülməli vəziyyətdə olmuşuq.
– Ümid varmı?
– Ümidə gəlincə - onsuz da ondan başqa nəyimiz var. Və bu gün Azərbaycanda həqiqi ədəbiyyatın yaranacağına, sərhədləri aşa biləcəyinə ümid həmişəkindən daha çoxdur.
– Necə bilirsiniz, hansısa siyasətçiyə nöqsan tutmaq olar ki, niyə ədəbiyyat oxumursunuz, incəsənətlə maraqlanmırsınız? Yəni ədəbiyyat mütləq oxunmalıdırmı?
– Mütləq oxunmalıdır! Söhbət yalnız siyasətçidən də getmir. İnsanlar ədəbiyyatsız yaşaya bilirlərsə, onda zəhmət çəkib ürəklərini də söküb atsınlar, ürəksiz də yaşasınlar. Ürəyin yerinə daş asıb yaşamaq olarsa, deməli, no problem, ədəbiyyatsız da, incəsənətsiz də yaşamaq olar. Bu pafos-filan deyil, bu çox sadə, adi həqiqətdir. O qədər sadə, adi həqiqətdir ki, bu haqda müzakirə açmaq mənə ayıb kimi görünür. Sanki oturub məsələn, balığın susuz yaşaya bilib-bilmədiyini dartışırsan.
– Yaxşı, sizcə, ədəbiyyatın əsas missiyası nə olmalıdır? Ədəbiyyat cəmiyyətdə hansı işi yerinə yetirməlidir? Yaxud, ədəbiyyatın qarşısına hər hansı vəzifə, tələb qoymaq doğrudurmu? Məsələn, Rasim Qaraca elə yazır, Fikrət Qoca da belə. Pis çıxmasın, hər ikisini də az-çox sevənlər var.
– Ədəbiyyat təlimatla yarana bilməz, bu aydındır. Amma yazıçının cəmiyyətdə missiyası şübhəsiz ki, var. Bu missiya həqiqətdən, humanizmdən, ədalətdən yana olmaqdır. Yazıçının yalanı, haqsızlığı tərcih etmək lüksü yoxdur. O, əsərlərində ləyaqəti tərənnüm edib, əməllərində necə riyakar ola bilər? Bu cür ikiləşmə yazıçı üçün intihardır. Vətəndaş mövqeyi, ictimai və sosial məsuliyyəti olmayan yazıçı ədəbiyyatın ruhuna da xəyanət edir. Necə ola bilər, oxucusu zülm altında inləyən yazıçı gecə yatağına rahat girə bilsin?! Yaxşı yazmaq onsuz da yazıçının borcudur, amma yazdığı kimi yaşamaq onun ikiqat borcudur. Yoxsa sən götür əsərində insanlara, məsələn, yalanın pis əməl olduğunu anlatmağa çalış, həyatda da yalançı funksiyasını yerinə yetir, artıq bu rüsvayçılıqdır.
– Başqa sual. Sizcə, Mikayıl Müşfiq doğrudan, yaxşı şairdir, yoxsa, nakam ölümü insanlarda ona qarşı bu qədər sevgi yaradıb?
– Mikayıl Müşfiq doğrudan gözəl şairdir. Onun “Küləklər” şeirini tərəzinin bir gözünə qoy, Rəsul Rzanın külliyyatını, ya da Ramiz Rövşənin “Kitablar kitabı”nı da tərəzinin başqa gözünə, gör hansı ağır gələr?! Müşfiqin “Yağış yağır” şeirini silkələsən oradan yüz dənə Bəxtiyar Vahabzadə kimi şair tökülər. Müşfiq Azərbaycan şeirinin geniş nəfəsi olan tək-tük imzalarından biridir. Şübhəsiz, gənc yaşda, üstəlik, repressiya nəticəsində ölümünün də Müşfiqə qarşı aşırı sevgi, rəğbət yaranmasında rolu var. Amma bu onun gözəl şair kimi qəbul olunmasında həlledici səbəb deyil, sadəcə, Müşfiqi gözəl bir şair kimi tamamlayan səbəbdir. Azərbaycan ədəbiyyatında şair obrazına ən uyğun gələn şairdir Müşfiq. Bəlkə də yeganə Azərbaycan şairidir ki, onun adını eşitməyən birinə belə, şəklini göstərsən, fotodakının bir şair olduğunu düşünmədən sənə söyləyə bilər. Lap Yesenin, Lermontov, ya da Bayron kimi.
– Nifrət etdiyiniz yazıçılar var? Varsa, kimlərdir?
– Nifrət etdiyim yazıçı yoxdur. Əgər söhbət doğrudan da, yazıçıdan gedirsə, niyə nifrət eləməliyəm? Uzaqbaşı onu bəyənməyə, ələşdirə bilərəm. Yox, əgər sən istəyirsən ki, indi mən durub tez-tez iynələdiyim “altmışıncılar”a nifrət etdiyimi deyim, bax bu alınmayacaq. Çünki mən onlara nifrət etmirəm, mən onlardan iyrənirəm.
– Sonda. Vəziyyət necədir? Necə dolanırsınız? Uşaqlar yaxşıdırmı?
– Biz görmüşük uca millət, sevgili xalqımız söhbətə “nə var, nə yox”la başlayar, “başqa nə var, nə yox”la davam edər, “başqa-başqa nə var, nə yox?”la da söhbət qurtarar. Yəqin, yeganə azərbaycanlısan ki, söhbətin axırında hal-əhval tutursan, uşaqları soruşursan.
– Hə, düz deyirsiniz. Elə bildim, söhbətə indi başlayırıq.
– Bu anti-milli hərəkətə etiraz olaraq sualına cavab vermirəm. Ümumiyyətlə, sənin qanını yoxlamaq lazımdır.
Kəramət Böyükçöl