3 İyul 2015 17:41
6 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair Aqşin Yeniseylə müsahibəni təqdim edir.

- Aqşin, bu qədər müsahibələr vermisən, nə qədər köşə yazıları yazmısan. Bunları yığıb bir yerə toplayırsan, yoxsa itib-batır?
- Açığı, ünsiyyətə meyilli adam olmadığımdan mənə elə gəlir ki, müsahibədə səmimi danışa bilmirəm, həmişə qarşımdakı adamın və bu müsahibəni oxuyacaq oxucuların şübhə dolu nəzərlərini hiss edirəm üzərimdə. Həmişə mənə elə gəlir ki, müsahibədə yalan danışıram. Amma təkbaşına danışanda, yazanda belə bir xofum olmur. Ona görə nə öz müsahibələrimi, nə də haqqımda yazılan yazıları yığıb saxlamıram, hətta istəyirəm ki, məndən insanların yadında şeirlərimdən, misralarımdan başqa heç nə qalmasın. Mən müəllifin ölümü məsələsini öz aləmimdə bu cür həll etmişəm.

- Şeirlərində qadın mövzusu qırmızı xətt kimi keçir. Nədən yazsan da, yenə gəlib qadına çıxırsan. Şeirlərində, sanki, bəşəriyyətin bütün fəlakətlərinin baiskarı qadındır. Bunun xüsusi bir səbəbi var?
- Kişilik təbii fenomen kimi ilk növbədə qadında təsdiqlənməlidir. Yeniyetməlik dövründəki şeirlərdə qadına poetik "hücumlarım" onu tanımaq cəhdləri ilə bağlı idi. Bu, bir barbarın ona sirrli olan mədəniyyəti tanımaq üçün onu dağıtmasına bənzəyir. Yəni barbar üçün mədəniyyətlə tanış olmaq yalnız onu dağıtmaq yoluyla mümkündür və mən də bir yeniyetmə kimi qadını məğlub, özümə tabe edərək tanımaq istəyirdim. Tanıdım və təəssüfləndim. Amma istedadın, kişi başlanğıcının qadınla konflikti bəşərin yaranma tarixinin ilk əfsanəsidir. Kişi cənnət üçün yaradılmışdı, qadın onu dünyalıq elədi. Kişi fitrəti bu mərdiməzarlığı heç vaxt ona bağışlamayacaq. Yaradıcılıq kortəbii güc olduğu üçün bu qəzəb yaradıcı adamlarda başqalarına nisbətən daha güclüdür. Qadın şairlər üçün bir mövhumatdır.

- Deyirsən, şeirlərində qadına olan poetik "hücumlarım" yeniyetməlik dövrü ilə bağlıdır. Sonra da deyirsən ki, tanıdım və təəssüfləndim. Belə demək mümkünsə, dincəldin. Bəs indi necə, xoşbəxtsən? Yəqin cavabına xoşbəxtlik sözünün izahı ilə başlamayacaqsan.
- Əlbəttə ki, yox, xoşbəxtlik, mənə görə, bədbəxtliyin təmtəraqlı təxəllüsüdür. Məni yazmağa vadar edən hiss təəssüf hissidir. Mənim təəssüfüm Folknerin məğlubiyyəti kimi bir şeydi. Bu hiss mənə mövzu verir. Fransız ordusu Moskvada darıxdığı kimi, mən də öz poetik tapıntılarımda, kəşflərimdə darıxıram.

- Bəzən sənin haqqında fikirlər səslənir ki, Aqşinin şeirləri nifrət emosiyası ilə doludur. Çünki Aqşin sevə bilmir. Çünki qadına və qadınlığa nifrət eləyir və s. Təxminən, bu məzmunda fikirlərə cavabın necə olur?
- Bir dəfə bir tənqidçi metroda məni yaxalayıb dedi ki, çox pessimist yazırsan, bir az şux yaz. Əzabla işgəncənin fərqini başa düşməyən deyingənlərin sənət fəlsəfəsidir belə yanaşmalar. Ədəbi rəiyyətçilikdir.

- Aqşin, atalıq necə hissdir?
- Mənim iki övladım var və onları dünyaya gətirməkdən başqa həyatlarında hələ ki, heç nə etməmişəm. Ona görə də bu hiss haqqında yalnız yalan danışa bilərəm.

- Hiss edirsən ki, əvvəlki enerji ilə şeir yaza bilmirsən?
- Heç yazmaq da istəmirəm.

- Niyə?
- Sənət yaşa dolmağı bacarmalıdır. Mən indi başa düşürəm ki, poeziya kortəbii düşüncədir. Peyğəmbərlər, şairlər dinləyicilərini özlərinin fərdi xurafatlarına inandıra bilən gözlənilməz güc sahibləridir. Mən indi başa düşürəm ki, şair yaza-yaza qazanmaq haqqında yox, itirə-itirə yazmaq haqqında düşünməlidir. Mən indi özüm öz xurafatımdan xilas olmaq istəyirəm, istedaddan imtina edirəm. İstedad həmişə altşüurla, keçmişlə bağlıdır, mən indi şüura, bu günə, gələcəyə çıxmaq istəyirəm. İstədiyim budur ki, yazdığım şerin də özüm kimi 37 yaşı olsun.

- Sənə nankor deyən qələm yoldaşların var. Məsələn, Qəşəm deyir, Həmid deyir, Murad deyir. Qəşəm deyir, Aqşin “Pərvanə”yə gəldi-getdi, şeir oxudu, amma sonra məclisi dandı. Murad, Həmid, Rasim deyir, AYO uzun illər Aqşinin təbliğatı ilə məşğul oldu, amma o, bunu danır. Bu cür fikirlərə münasibətin necədir?
- Mənə ciddi ədəbiyyatın yerini bu adamlar özləri göstərdilər. Mən də getdim və Rembrandtın tablosundakı “Yolunu azmış oğulun qayıtması” baş vermədi.

- Misal var, deyir, tısbağa qınından çıxdı qınını bəyənmədi. Bu misala münasibətin necədir?
- Bu, bizim ənənəvi mühafizəkar təfəkkürümüzün müqəddəs şablonudur. Astagəlliyimizin fəlsəfəsidir. Sürətə, irəliləyişə qarşı qoyulmuş tabudur. Şərqin tısbağaçılıq ideologoyasının himnidir. Adamdan soruşarlar ki, tısbağa qınını bəyənirdisə, niyə çıxırdı? Hər bir təşəbbüskarlıq cəhdi üçün oxunmuş ölüm hökmüdür bu müdrik kinayə.

- Hərdən sənin şair cəsarətin xalqın hansısa adətini necə və hara qədər tənqid etməyinlə ölçülür. Bəs özün özünü hara kimi cəsarətli sayırsan?
- Düşünmürəm ki, şairləri cəsarətinə görə cəzalandırırlar. Sadəcə, avamlıq öz qorxularından azad olmaq üçün onu məhv etməyə məhkumdu. Bu mənada qəhrəmanlıq ən universal avamlıqdır. Mənim cəsarətim məni qurban verməkdən çəkinməyən qorxaqlığımın cahilliyidir. Onun təhlükəni gözləyəcək qədər təpəri yoxdu. Bu, bir Don Kixot cəsarətidir. Bəzən düşməni özün uydurmalısan. Mənə görə, Don Kixot qəhrəmanlıq etmək üçün cəngavərliyə qurşanmamışdı, sadəcə, o, istəmirdi ki, insanlığın cəngavərlik ruhu ölsün. Mən hərdən ən pozğun müğənni ilə də polemikaya girib onun dünyagörüşünü, cəmiyyətdəki düşük mövqeyini dağıtmaq istəyirəm. Bu, mənim cəsarətimdən yox, o müğənninin qənşərində olmalı olan adamın yerində olmamasından irəli gəlir.

- Əvvəl çox yazırdın, AYB-dən, Anardan... İndi yazmırsan. Bezmisən, yoxsa barışmısan? Amma qələm dostların hələ də yazır: Seymur Baycan, Elnur Astanbəyli, Rasim Qaraca...
- İstənilən ideoloji mübarizə şəxsiləşəndə həqiqət yaddan çıxır. Mən Anarla yox, sovet hökumətinin bizə Anarların yaradıcılığında miras qoyduğu ədəbi-bədii dillə, yaradıcı rəqabəti siyasi-inzibati imtiyazlar hesabına aparan bir təşkilatla, Azərbaycan xalqının mənəvi vücuduna düşmüş xoralara görə heç bir məsuliyyət hissi keçirməyən bir ədəbiyyatla mübarizə aparırdım, indi də aparıram. Amma həm də başa düşürəm ki, ən yaxşı mübarizə ən yaxşı şeiri, hekayəni yaza bilməkdi. Necə ki, Dostoyevski katorqadan qayıdandan sonra özünü bütünlüklə incəsənətə, ədəbiyyata, rus xalqının mənşəyini mədəniyyətlə birləşdirmə ideyasına həsr elədi.

- Görəsən, necə oldu ki, sən bu həqiqətə gəlib çıxa bildin, amma bayaq adını çəkdiyim qələm dostların başa düşmədilər?
- Aydın Talıbzadənin qənaətinə şərik olub demək istəyirəm ki, şərə qarşı mübarizə aparmaq üçün şərləşmək, şərləmək lazımdır və iki şərin mübarizəsindən biri qalib çıxır. Nəticədə yenə şər qalib gəlir. Bu, ənənəvi mübarizə yoldur. Bizim yazıçı dostlar arasında bu yolu tutanlar özlərindən sonra başqa bir şər-şəbədə nəsil yetişdirdilər. Bizdən sonra gələnlər, ümumiyyətlə, ədəbiyyatı şərləmək, şərləşmək ehkamı kimi başa düşürlər. Ədəbiyyatımızda yalnız şeirlərində tənha olan sürülərin döyüşü gedir.

- Deyirsən ki, bizim yazıçı dostlar arasında bu yolu tutanlar özlərindən sonra başqa bir şər nəsil yetişdirdilər. Bizdən sonra gələnlər, ümumiyyətlə, yaza bilmir, ədəbiyyatı şərləmək, şərləşmək ehkamı kimi başa düşürlər. Bu fikirləri deyərkən, Əli Əkbəri, Seymur Baycanı, Günel Mövludu və başqa bu tip qələm adamlarını nəzərdə tutursan?
- İcazə ver, fikrimi daha geniş izah edim. Bir vaxtlar Anarı tənqid etmək ədəbiyyata gəlməyin, az qala, yeganə yolu idi. Anar ədəbiyyatda, az qala, şər Allahı səviyyəsinə qaldırılmışdı. Ümumiyyətlə isə xeyir və şər anlayışları təfəkkürün, mübarizənin əbədi, dəyişməz instansiyaları olmamalıdır. Şeytanı lənətləmək müsəlman üçün Allaha olan inancının ilkin mərhələdə təsdiqidir. Müsəlman bu lənətləmə dövrünü aşıb, nəhayət, Allahla təkbətək qalmağı bacarmalıdır. İslam isə postşeytan mərhələsinə keçə bilmədi, Holbaxın sözləri ilə desək, Allahla bərabər şeytanı da yadda saxladı. Beləliklə, inanc ruhani azadlıqla yox, psixoloji əsarətlə nəticələndi. Eləcə də bəzi yazarlarımız postAnar mərhələsinə adlamağı bacarmadılar. Onlar Anarsız qaldıqda öz ədəbi mövcudluqlarını itirəcəklərindən qorxdular, Anarla mübarizəni şəxsiləşdirib ona daha da bərk-bərk sığındılar.

- Aqşin, həmişə deyirdin, cavanam, cavanam, cavanam. Daha cavanlıq keçdi getdi. İndi nə deyəcəksən?
- Mənim 20-21 yaşımda yazdığım şeirləri oxusan, görərsən ki, hətta orada da insan ömrünün yalnız uşaqlıq və qocalıq dövründən bəhs olunur. Mən heç vaxt gənc olmamışam.

- Sən xəstəxanada olanda bir açıqlama vermişdim, bəzi insanların sənə baş çəkməməsindən belə demək mümkünsə, gileynlənmişdin. Xəstə yatağı insanı bu qədər həssaslaşdırır ki, gözün yolda qalır, kimisə gözləyirsən? Yəni səni belə xırdaçı adam kimi tanımırdıq, ona görə soruşuram.
- Bu, mənim yox, cəmiyyətin xırdaçılığıdır. Məndən hətta kimlərə nə vəsiyyət edəcəyimi soruşanlar var idi. Söz verirdilər ki, öləndən sonra çap edəcəyik, sən yaz ver bizə, ancaq bizim saytda, bizim qəzetdə yayımlansın. Həyatda baş verən hər hadisəyə hikmət dərsi kimi baxmaq lazımdı. İlk dəfə bunu mətbuata açıqlayıram.

- Aha...
- Gömrük Hosbitalına köçürülməyimdən 3-4 keçmişdi. Mirşahin zəng edib dedi ki, bu gün baş həkimlə danışmışam, deyir, doxsan doqquz faiz ölümdür, biz yerdə qalan o bir faiz möcüzənin üstündə çalışırıq, möhkəm ol. Balaca qardaşım yanımdaydı deyə sarsıntımı uddum.

- Mirşahin dedin, bir məsələ yadıma düşdü. Xəstə yatağında olanda Mirşahin sənin haqqında veriliş hazırlamışdı. Bu barədə mətbuatda müzakirə də getdi. Dəqiq yadımda deyil. Amma deyəsən, sənin belə bir vəziyyətə düşməyini Mirşahin üstüörtülü şəkildə dini və Allahı inkar etməyinlə əlaqələndirmişdi.
- Mirşahinin jurnalistlik dəst-xəttində müsahibi üzərində eksperiment aparmaq kimi bir peşə ustalığı var. Həmin söhbətdə də o, məni həyatla ölüm arasındakı sərhədin o tayında zənn edirdi və sanki, çalışırdı məndən o taydakı vəziyyəti öyrənsin. Orda isə bir ins-cins gözə dəymirdi.

- Aqşin, sən vicdan əzabının nə olduğunu bilirsən?
- Vicdan da istedadın bir növüdü, məncə. Yaradıcılıqla ikisi bir yerdə olanda adamın aqibəti ya dar ağacında məlum olur, ya əməliyyat masasında. Mənə görə, vicdan mənəviyyatın estetikasıdır.

- Bəzən sənin şeirlərində plagiat elədiyini deyirlər. Türk şairlərindən, Abbas Səhəttdən, Ramiz Rövşəndən, Nəriman Həsənzadədən...
- Başqa şairlərin sevdiyim, "kaş mən yazardım" dediyim misralarını o qədər öz-özümə təkrarlayıram ki, şüuraltıma həkk olunur. Məsələn, belə bir şerim var: "Bu sevgim də daşa dəydi, bəxtəvər daşın başına". Mətbuatda çap olunanda, az qala, məni öldürürdülər ki, bu misralar olduğu kimi Qulu Ağsəsdə var. Qorxumdan şeri kitabıma salmadım, amma hələ də bilmirəm Qulunun hansısa kitabında belə misralar var ya, yox?

- Tək o misra deyil.
- Yaxud xəstəxanada yazdığım bir şeirdə özüm sonradan Borxesin oxşar fikrinə rast gəldim. Mən Nəriman Əbdülrəhmanlının tərcümə etdiyi Borxesin əsərlərinin redaktoru olmuşam. Görünür, ordan yaddaşımda ilişib qalıb. Amma bu hal siz deyən qədər şeirlərimdə yayğın deyil. Elə istedad var ki, mütləq başqa bir istedadla nikaha girməlidir ki, yarada bilsin. Mütaliə elə buna görə lazımdı çoxlarına. Amma məndə belə deyil, mütaliə mənim təbiiliyimi korlayır. Əslində, ədəbiyyat kitabdan kitaba köçürülən mətnlərin yeni redəktələridir. Çox az orijinal var. Necə ki, bir canavardan əlli cür it cinsi yarada biliblər.

- Səni atesit kimi tanıyırlar. Doğrudan, belədir?
- Mənə görə, inanc insanın mənəvi məhrəmidir, insan öz məhrəmini gizli saxlamalıdır.

- Dediyim kimi, səni ateist düşüncəli şair kimi tanıyırlar. İddialara görə, Kamal Abdullanın "Məqamlar" kitabına yazdığın ön sözdə tamamən başqa cür danışıbsan. Yadındadırsa Əsəd Cahangirlə polemika da bu məsələdən qığılcım almışdı.
- Əsəd Cahangirdən, ümumiyyətlə, soruşan olubmu ki, keçəl bayram haçandı? Bu cür şəxsi dəyərləndirmələr psixoloji yamyamlıq potensialıdır. Öpüşə bilməyənlər öpüşənləri öldürür, kasıblar varlılara üsyan edir, barbarlar Romanı dağıdır, yaza bilməyənlər də yaza bilənlərdən Tanrının, təbiətin qisasını alırlar. Mənim üçün xoş olan budur ki, Kamal Abdulla kimi bir dil uzmanı o kitabın ön sözünü yazmağı mənə həvalə elədi və üçhərfli sözdə dörd səhv tapan bir filoloq kimi o yazının nöqtəsinə belə toxunmadan kitaba saldı.

- Axı istedad istedadı yaxşı tanıyır. Mənim üçün maraqlıdır, iki istedadlı qələm adamının bir-birindən niyə bu qədər zəhləsi gedir? Əsəd Cahangirlə sənin münasibətlərini deyirəm.
- Mən düşünmürəm ki, Əsəd Cahangir istedadlı adamdir, bu sənin kəşfindir. Onun başladığı və təkbaşına apardığı bu kavğada zərrə qədər ədəbiyyata dəxli olan bir niyyət hiss eləsəm, buna aid bir divan bağlayaram.

- Bir sual da verim, söhbəti bağlayaq. Deyirlər, xarakter, yaxud pis xarakter istedadı öldürür. Düzdür?
- Bu məsələyə ən yaxşı cavabı Frans Kafkanın kitabında rast gəlmişəm. Kafka deyir ki, istedad xarakter məsələsidir və mənşəcə faciəvidir. Mən bu suala heç harada bundan dərin cavab oxumamışam. Bəzən bizim trafaretlər deyirlər ki, filankəs istedadlı adamdır, amma xarakterində problem var. Belə bir yaradılış mümkün deyil, ya bizim xarakter anlayışımızda qüsur var, ya da o filankəsdə olan şey istedad deyil.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər