10 İyul 2015 14:18
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran şiələrə sahib çıxmağa çalışır. Mosulda, Kərkükdə, Nəcəfdə, Kərbəlada Amerikanın ona verdiyi imkanlar çərçivəsində güclənir. Bu, əlbəttə, Türkiyəni qıcıqlandırır. Əslində, Türkiyənin Suriya ilə sərhədlərə ordu toplamasının görünməyən səbəblərindən biri də budur. Yəni, İranın bölgədə güclənməsini nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı istəmir. Yəməndə baş verənləri gördük. Səudiyyə Ərəbistanının əsas problemlərindən biri də odur ki, onun əsas mis yataqlarının yerləşdiyi ərazilərdə şiələr yaşayır və onlar da, əsasən, İranla bağlı məzhəbdir. Yəni, hamı bu saat Amerika-İran anlaşmasına gözünü dikib”.

Bunu Teleqraf.com-a müsahibəsində Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib. Müsahibəni təqdim edirik.

- Erkin bəy, düşmən ölkə Ermənistanda nə baş verir və bu prosesin sonu necə olacaq?
- Ermənistanda etirazlar elektrik enerjisindən istifadənin qiymətinin artırılmasına görə başladı. Ermənistanın elektrik şəbəkəsi şirkəti Rusiya şirkətinə məxsus olduğu üçün dolayısı ilə həm də bu ölkəyə qarşı etiraz kimi görünməyə başladı. Aksiyada Rusiyaya qarşı şüarlar səsləndirilsə də, ümumi xətt bunun üzərinə gətirilmədi. Hətta Ermənistandakı siyasi partiyalar bu etiraza rəhbərlik etməyə girişmədi. Nəticədə spontan və lokal bir etiraz baş verdi. Aksiya faktiki olaraq iki həftə sürdü və dağıdılmadı, ən sonda müdaxilə edildi. Bu da Sərkisyanın Moskva səfərindən və Rusiyanın Ermənistana 200 milyon dollar verməsindən sonra oldu. Eyni zamanda, Beynəlxalq Valyuta Fondu da Ermənistana pul verəcəyini söylədi. Əslində, etirazlar olsa da, bu proses siyasiləşmədi. Çünki heç bir müxalifət partiyası ya bu aksiyaya rəhbərlik etmədi, ya da sadəcə etmək istəmədi. Rus siyasətçilər bu prosesi Qərbin oyunu, yeni rəngli məxməri inqilab kimi təqdim etdilər. Maydanla paralellik aparıldı və açıq qeyd olundu ki, Ermənistanda belə hadisənin baş verməsinə yol verə bilmərik. Əlbəttə, Rusiya öz marağına görə hadisələrə reaksiya verdi. Əslində, bunu anlamaq olar, Rusiya heç vaxt Ermənistanı itirmək istəməz. Ermənistan da Rusiyanın icazəsi olmadan hakimiyyət dəyişikliyinə icazə verməz. Ermənistanda baş verən bütün proseslərə Rusiya diqqət göstərir və ona nəzarət etməyə çalışır. Ancaq indilikdə görünən budur ki, Ermənistanda baş verən etirazların siyasi nəticəsi yoxdur. Heç bir qüvvə çıxaraq prosesi arxasınca aparmır.

- Ancaq bu etiraz aksiyaları ənənəvi müxalifətin iştirakı olmadan keçirildi və bu partiyalar aksiyalara buraxılmadı. Demək olarmı ki, Ermənistanda artıq yeni qüvvələr meydana çıxır?
- Təbii ki, Ermənistanda, xüsusilə erməni hakimiyyətində nəsil dəyişikliyi baş verir. Bunun başqa səbəbləri də var. Həm də prezident iki dəfədən artıq müddətdə bu postda əyləşə bilməz. Odur ki, bu posta gələn kimi özünə yaxın şəxsləri məmur təbəqəsinə çevirir. İkinci, hazırda prezident Sərkisyan çalışır ki, konstitusiyanı dəyişsin, referenduma getsin və ölkəni parlamentli respublikaya çevirsin. Bunu etməklə Sərkisyan baş nazir qismində hakimiyyətdə qalmasını təmin etmək istəyir. Buna görə Sərkisyanın şəxsində İrəvanda Qarabağ klanına qarşı böyük qıcıq var. Hər fürsətdə irəvanlılar bu qıcığı ifadə edirlər. Qarabağ klanına qarşı böyük narazılıq var. Çünki həm korrupsiya, həm ailə-məişət qaydasında qohumlar vəzifəyə təyin edilir, klanlar formalaşdırılır. İndi erməni cəmiyyətində ümid var ki, bu dəfə Qarabağ klanından qurtulmaq mümkün olacaq. Robert Köçəryan 10 il prezident oldu, Sərkisyan da 10 il müddətinə bu posta qalır. Bu da yerli ermənilərdə ciddi narazılıq yaradır. İndi Sərkisyandan sonra yerinə kimin gələcəyi bilinmir. Qarabağ klanından biri gələ bilərmi? Bunu dəqiq demək mümkün deyil. Amma istənilən halda Sərkisyanın yerinə gələcək şəxs Moskvanın adamı olacaq. Çünki Moskvanın adamı olmayan siyasətçinin Ermənistanda hakimiyyətə gəlmək şansı yoxdur.

- Bəs, Qərbin də namizədi olacaqmı?
- Qərbin Ermənistana təsiri çox azdır. Ermənistanda yeni nəsil ayaq tutub, amma yeriməyə başlamayıb. Yeni nəslin Ermənistanda hakimiyyətə gələcəyini söyləmək hələ çox tezdir. Müxalifətdə də nəsil dəyişikliyi baş verməyib. Ermənistanda bir durğunluq var. Hər şey Qarabağ məsələsinə köklənir. Qarabağdan imtina edə bilmədikləri üçün müstəqilliklərini də qazana bilmirlər. Ermənistanda vətəndaş cəmiyyətini tanıyıram. Amma Ermənistanda yeni qüvvə yoxdur. Onlar bu məsələdə bizdən geridir. Üzə çıxan gənc siyasətçilərin də ciddi addımlar atacağını deyə bilmərəm.

- Hazırda qardaş Türkiyədə də maraqlı proseslər gedir. Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədə ordu toplayır və açıq deyir ki, əgər Türkiyənin təhlükəsizliyinə problem yaranarsa, Suriya ərazisinə daxil olacaq...
- Bu məsələ indinin problemi deyil. Ədalət və İnkişaf Partiyası Türkiyədə hakimiyyətə yeni gəlmişdi. Amerika yeni hakimiyyətə təklif etdi ki, İraqa quru qoşunları ilə daxil olsun, Vaşinqton isə havadan bu prosesə dəstək verəcəkdi. Ancaq Ərdoğan hakimiyyəti həmin zaman bu təklifdən imtina etdi. Nəticədə İraqın Mosul və Kərkükü tamamilə nəzarətdən çıxdı, orada olan türk şiələr köməksiz durumda qaldı. Hazırda bu ərazilərə faktiki olaraq İraq Şam İslam Dövləti adlı silahlı qurum nəzarət edir. Ümumiyyətlə, İraq və Suriyaya sözün əsl mənasında dövlət demək olmaz. Çünki bu iki dövlət ərazisinin böyük hissəsinə nəzarət edə bilmir. Vaxtında Türkiyə İraqa daxil olsaydı, İraq Şam İslam Dövləti adlı silahlı qrup burada baş qaldıra bilməyəcəkdi, İraq bütövlükdə nəzarət altında olacaqdı və ən əsası İran da güclənməyəcəkdi. Amma məsələ burasındadır ki, Türkiyədə hakimiyyətdə olan Ərdoğan hökuməti dünyaya dini baxışlarla yanaşır və siyasətlərinin təməlində də dini dəyərlər əsasdır. Ortada olan nəticə də indi yaranan durumdur. Baxın, Kərkük və Mosul türk nüfuzu ola-ola Ankara onlara yardım etmədi. Çünki Mosuldakı türklər dini baxışlarına görə şiə təriqətinə məxsusdur. Amma Suriyada olan ərəblər sırf sünni təriqətindən olduğuna görə Türkiyə hakimiyyəti onlara yardım etməyə çalışır. Ancaq hesab edirəm ki, İraq məsələsində Türkiyə strateji yanlışlığa yol verdi. Amerikada gözlədi və gördü ki, Türkiyə hərəkətə keçən deyil. Ona görə də İranla anlaşmağa başladı. Düzdür, İranla anlaşmanın daha vacib səbəbi nüvə məsələsidir. Ancaq həm də bu paketin içində Amerikanın öz çıxarları var. Çünki həm İŞİD, həm də ərəb ölkələri İrandan çox qorxur. İran şiələrə sahib çıxmağa çalışır. Mosulda, Kərkükdə, Nəcəfdə, Kərbəlada Amerikanın ona verdiyi imkanlar çərçivəsində güclənir. Bu, əlbəttə, Türkiyəni qıcıqlandırır. Əslində, Türkiyənin Suriya ilə sərhədlərə ordu toplamasının görünməyən səbəblərindən biri də budur. Yəni, İranın bölgədə güclənməsini nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı istəmir. Yəməndə baş verənləri gördük. Səudiyyə Ərəbistanın əsas problemlərindən biri də odur ki, onun əsas mis yataqlarının yerləşdiyi ərazilərdə şiələr yaşayır və onlar da, əsasən, İranla bağlı məzhəbdir. Yəni, hamı bu saat Amerika-İran anlaşmasına gözünü dikib. İranın güclənməsini istəmirlər. Amma Amerika İranla danışıqlara getməli oldu. Çünki Türkiyə Amerika ilə bu məsələlərdə müttəfiqlik etməkdən imtina etdi. İndi də bu strateji səhvin nəticəsini yaşayır.

- Suriya ilə sərhəddə kifayət qədər ordu toplayan Türkiyə yaxın günlərdə Suriya ərazilərinə daxil ola bilərmi?
- Əslində, Türkiyənin Suriyaya nə üçün girmək istədiyi də aydındır. Prezident Ərdoğan Bəşər Əsədi devirmək istəyir. Bu mənada, Ərdoğan Əsəddən əl çəkmir. Bu məsələ yenə də fundamental dini məzhəb ayrılığı ilə bağlıdır.

- Ancaq Suriyaya müdaxiləyə səbəb kimi Suriya-Türkiyə ərazisində kürd dövlətinin yaranması ehtimalı göstərilir...
- Əlbəttə, bu məsələ də var. Bu da Türkiyə hökumətinin böyük strateji səhvlərindən biridir. Bu səhv həm daxili, həm də xarici siyasətində buraxılıb. Məsələ Kürdüstan mövzusuna gəlib çıxanda Ədalət və İnkişaf Partiyası hərəkətə gəldi. Bərzani Amerikada görüşlər keçirdi. Əslində, vəziyyəti bu həddə gətirən Türkiyənin özü oldu. Zamanında hərəkətə keçmədi, indi isə yaranan situasiyaya reaksiyalar verməyə çalışır. Prinsipcə, nə desən olar. Bu bölgə onsuz da barıt çəlləyidir. Mən bu bölgədən yaxşı heç nə gözləmirəm. Bunun təhlükəsi bizə qədər gəlib çıxa bilər. Orada sərhədlərin dəyişdirilməsinə, böyük müharibələrin baş vermə ehtimalına daha çox inanıram, nəinki yaxın dövrdə sülhün əldə olunmasına.

- Respublikaçı Alternativ Hərəkatının təsis qurultayı nə zaman keçiriləcək, əvvəl deyirdiniz ki, I Avropa Oyunlarından sonra qurultaya gedəcəksiniz?
- Biz avqustun sonu- sentyabrın əvvəlində qurultay keçirməyi düşünürük. Əlbəttə, I Avropa Oyunları araya girdi, amma bu, əsas səbəb deyildi. Çünki bizim bəzi işlərimiz də yubandı. İdarə Heyətinin iki üzvü həbsdədir, enerji və resurslarımız həm də humanitar problemlərə gedir. Eləcə də, bölgələrdə müəyyən çətinliklərimiz var. Biz mümkün qədər çalışırıq ki, qıcıq yaratmadan işlərimizi həyata keçirək. Bu, əlbəttə, vaxt alır. Qurultayı keçirmək üçün yer problemi də var. Düzdür, bunlar texniki məsələlərdir, ancaq vaxtımızı da alır. Eyni zamanda, proqramımızın üzərində də işlər davam edir, qurultaya qədər bu prinsiplər qalsa da, bəzi məsələlər dəqiqləşdiriləcək. Hazırda işlər gedir və biz düşünürük ki, sentyabrın əvvəllərinə qədər qurultay baş tutsun.

- Seçkilərdə iştirak, namizədlərin sayı və müəyyən olunması istiqamətində hansı yeniliklər var?
- Bu məsələ qurultayda açıqlanacaq. 15-25 arası namizədimiz olacaq. Ən real şəxslər namizəd olacaq. Hazırda onlarla danışıqlar aparırıq. Razılaşdırmalar, dairələrin bölüşdürülməsi prosesi gedir. Məsələləri götür-qoy edirik. Tələsməyə ehtiyac yoxdur. Namizədlər siyahımızı da təxminən qurultay zamanı açıqlayacağıq.

Nemət Orucov


Müəllif: