“Xatırlayırsınızsa, anti-İran koalisiyası yaranan zaman Azərbaycana da təzyiqlər edilirdi ki, bu koalisiyaya qoşulsun, İrana qarşı ABŞ layihəsinin içərisində olsun. Lakin o zaman Ulu Öndər, daha sonra ölkə Prezidenti İlham Əliyev fərqli bir mövqe nümayiş etdirdi. Və İranla mehriban qonşuluq siyasətinə üstünlük verdilər. Beləliklə, imkan verilmədi ki, Azərbaycan ərazisindən İrana qarşı təhlükəli vəziyyət yaransın, Bakı vasitəsilə Tehrana təhdidlər olsun. Hətta bununla bağlı ölkə Prezidentinin indiyə qədər də ciddi səslənən bəyanatı oldu ki, Azərbaycan ərazisindən İrana qarşı üçüncü dövlətin istifadə etməsinə imkan verilməyəcək. Bu bəyanat hələ də öz qüvvəsindədir”.
Bunu qəzetimizə müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik:
- Fəzail bəy, son parlament seçkilərindən sonra Türkiyədə müəyyən proseslər baş verir, hökuməti qurmaq mümkün olmur, əvəzində terror hadisələri yaşanır. Bu durumu necə şərh edərsiniz?
- Son seçkilər Türkiyədə siyasi vəziyyəti fərqli məcraya gətirdi. Əvvəlki illərdən fərqli olaraq, türk seçicisi Ədalət və İnkişaf Partiyasına (AKP) lazımi dəstəyi vermədi. Bu durum heç də arzuedilən deyildi. Koalisyon hökuməti qurmaq AKP-nin üzərinə düşsə də, indiyə qədər aparılan danışıqlar, keçirilən görüşlər nəticə verməyib. Çünki AKP-yə qarşı olan fərqli mövqelərə vaxtında sərt münasibət sərgilənib. Koalisiya hökumətinin qurulması ehtimalı daha çox AKP-MHP birliyində görünürdü. Amma bu da, özünü doğrultmadı. Əslində, Türkiyə, elə Azərbaycan üçün də belə koalisiyanın olması daha münasib olardı. Çünki CHP-də bir erməni xətti var. Bu da, Türkiyə-Azərbaycan münasibətlərinin indiki durumu və gələcəkdə daha yüksək səviyyədə inkişaf etdirilməsinə çətinlik yarada bilər. Həm də AKP-nin yürütdüyü qardaşlıq siyasəti MHP tərəfindən dəstəklənə və bunun daha irəli aparılması müdafiə edilə bilər. Əlbəttə, Türkiyədə hökumətin yaranmaması müəyyən boşluq yaradır. Bu siyasi boşluq ümumi əhval-ruhiyyəyə mənfi təsir göstərir. Başqa bir tərəfdən, Türkiyənin Suriya və İraqla sərhədləri yaxınlığında böyük müharibələr gedir. Suriyada və İraqda qeyri-stabillik var, İraq Şam İslam Dövləti (İŞİD) terrorla məşğuldur. Həmçinin İŞİD Türkiyə üzərində ciddi təhlükələr yaradır. Odur ki, ciddi əsəbi psixoloji durum müşahidə edilir. Bu da Türkiyədə ciddi narahatlıq yaradır. Elə bunun nəticəsidir ki, bir neçə gün əvvəl İŞİD Türkiyədə terror hadisəsi törətdi, günahsız gənclər həyatını itirdi, onlarla şəxs yaralandı. Əlbəttə, biz də buna görə böyük təəssüf hissi keçiririk. Türkiyəyə bununla bağlı başsağlığı verir, səbir arzu edirəm. Bu durum Türkiyədə vəziyyətin yetərincə ciddi olduğunu ortaya qoyur. Lakin unutmaq olmaz ki, Türkiyə oturuşmuş güclü dövlətdir. Nə bu terror aktları, nə də digər təhdidlər Türkiyənin dövlətçiliyinə və tutduğu xəttə təsir edəcək gücdə deyil. Lakin orda nə qədər ki, hökumət təşkil edilməyib, bu fakt kifayət qədər ciddi narahatlıq üçün əsaslar yarada bilir.
- Türkiyədə baş verən son terror hadisələri hökumətin formalaşmaması səbəbindən baş verir?
- Yox. Düşünmürəm ki, hökumətin formalaşmaması bunun üçün geniş imkanlar açır. Türkiyə oturuşmuş dövlətdir. Dövlətin rıçaqları işləyir, hər kəs öz yerindədir və nazirin olub-olmaması İŞİD üçün geniş imkanlar açmır. Çünki nazirə qədər bütün strukturlar, məmurlar iş başındadır. Türkiyə dövləti bu gün öz çalışmalarını davam etdirir, ölkəni idarə edir və s. Burada hər hansı problem yoxdur. Sadəcə olaraq bir gərginlik, siyasi boşluq var. Şübhəsiz ki, bu xoşagələn və arzuedilən hal deyil. İŞİD-in törətmiş olduğu terror aktı həmin gənclərin verdiyi bəyanatla bağlı idi. Bu gənclər Suriyanın Kobani şəhərinin bərpa ilə bağlı arzularını ifadə etmişdi. Bu da, şübhəsiz ki, İŞİD-in onlara cavab verməsi, bu kimi təşəbbüslərin qarşısını almaq üçün atdığı addım idi. Eyni zamanda da Türkiyəyə qarşı ciddi təhdid və təhlükədir. Düşünürəm ki, Türkiyə bundan ciddi nəticə çıxararaq İŞİD-ə qarşı sərt münasibət ifadə edəcək. Çünki bunun ardınca digər terror hadisələri gələ, başqa təhlükələr yarana bilər. Ancaq Türkiyə nə İraq, nə də Suriyadır. Sadəcə olaraq indiyə qədər Türkiyə İŞİD-in fəaliyyətinə qarşı olan addımlara ona görə fəal formada qoşulmurdu ki, ümumiyyətlə, müharibədən çəkinirdi. Doğru da edirdi. Əgər İŞİD Türkiyəyə qarşı bu cür yollarla müdaxilə etmək, müharibə istəyərsə, əminəm ki, Türkiyənin sərt münasibəti və addımları ilə üz-üzə qalacaq. Çünki Türkiyə Suriya deyil.
- Neçə müddətdir ki, Türkiyənin silahlı qüvvələrinin Suriya ərazisinə müdaxilə edəcəyi haqqında fikirlər səslənir. Son xəbərlər də göstərir ki, Türkiyə ordusunun müəyyən hissəsi Suriya ilə sərhəddə cəmləşdirilib. Müharibə ehtimalı, Türkiyənin Suriyaya müdaxiləsi realdırmı?
- Bu müdaxilə istisna edilməməlidir. Əgər İŞİD Türkiyəyə qarşı belə davranışlarını davam etdirərsə, fikrimcə, Ankara öz təhlükəsizliyini təmin etmək məqsədilə müharibəni Suriya ərazisində keçirmək zorunda qalacaq. Türkiyə imkan verməli deyil ki, İŞİD onun içərilərinə gəlsin və müharibə Türkiyə daxilində baş versin. Türkiyə İŞİD-i qabaqlayaraq Suriya ərazisində onunla müharibəyə girə, bu terror qruplaşmasını məhv edə və beləliklə, mümkün olan təhlükəni öz üzərindən ata bilər. Bunun başqa alternativi yoxdur.
- Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsi beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılana bilər?
- Əslində, İŞİD-ə qarşı beynəlxalq koalisiya qurulub. Bu koalisiyaya Böyük Britaniya və Amerika da qoşulub. Koalisiya havadan hücumlar vasitəsilə İŞİD-ə zərbələr endirir. İraq kürdlərinə bu mənada hər cür dəstək göstərilir ki, onlar daha ciddi mübarizə aparsınlar, İŞİD-i məhv etsinlər. Eyni zamanda İŞİD artıq Misir ərazisinə hücum edib, bu ölkəni təhdid edib. Misir də Amerikanın müttəfiqi hesab olunur. Həmçinin Səudiyyə Ərəbistanı da bu və ya digər şəkildə İŞİD-ə qarşı addımlar atır. Bəllidir ki, bütövlükdə İŞİD-in əsas niyyəti ərəb ölkələri daxil olmaqla müsəlman dövlətlərini bir imperiya halında birləşdirməkdir. Bu da, Yaxın Şərqə və dünyaya ciddi təhlükədir. Artıq bu təhlükənin nə dərəcədə ciddi olduğu nəzərə alınır. Odur ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün İŞİD-i öz sərhədlərinə buraxmadan bu müharibənin Türkiyə ərazisində getməməsi üçün qabaqlayıcı addımlar ataraq Suriya ərazisində hərbi əməliyyatlara başlaya bilər. Qardaş ölkə bu hərbi əməliyyatları gecikmədən aparmalıdır.
- Son günlər İranla-Qərb arasında anlaşmanın əldə olunması da ciddi müzakirə mövzusudur. Necə düşünürsünüz, bu anlaşma regionda və dünyada yeni situasiya yarada bilərmi?
- Bu anlaşmanın əldə olunması hər şeydən öncə gərginliyi aradan qaldırır. Xatırlayırsınızsa, anti-İran koalisiyası yaranan zaman Azərbaycana da təzyiqlər edilirdi ki, bu koalisiyaya qoşulsun, İrana qarşı ABŞ layihəsinin içərisində olsun. Lakin o zaman Ulu Öndər, daha sonra ölkə Prezidenti İlham Əliyev fərqli bir mövqe nümayiş etdirdi. Və İranla mehriban qonşuluq siyasətinə üstünlük verdilər. Beləliklə, imkan verilmədi ki, Azərbaycan ərazisindən İrana qarşı təhlükəli vəziyyət yaransın, Bakı vasitəsilə Tehrana təhdidlər olsun. Hətta bununla bağlı ölkə Prezidentinin indiyə qədər də ciddi səslənən bəyanatı oldu ki, Azərbaycan ərazisindən İrana qarşı üçüncü dövlətin istifadə etməsinə imkan verilməyəcək. Bu bəyanat hələ də öz qüvvəsindədir. Düşünürəm ki, Azərbaycan liderinin bu bəyanatı İran dövlətinin ölkəmizə qarşı münasibətində hər zaman örnək kimi diqqətdə saxlanılmalıdır. İndi əldə olunan razılaşma gərginliyi aradan qaldırırsa, bunun özünün Azərbaycana xeyri var. Nə qədər ki, regionda gərgin situasiyalar aradan qalxırsa, müharibə ocaqları söndürülürsə, həmin regionda və ölkədə inkişaf olur, insanların həyat səviyyəsi yüksək olur. Dövlətlər də mehriban şəkildə əlaqələr qurur və yaşayırlar. Bunun nümunəsi Avropadır. Baxın, Avropada insanların həyat səviyyəsi nədən yüksəkdir, niyə orada texnoloji proseslər, tərəqqi və inkişaf daha irəlidədir? Nəyə göyə Yaponiyada, Çində, Sinqapurda böyük inkişaf var? Çünki orda müharibə ocaqları, qonşulararası münasibətlərdə gərginlik yoxdur. Onlar öz imkanlarını və resurslarını inkişafa və tərəqqiyə sərf edirlər. Şərqdə isə bütün resurslar, potensial və imkanlar müharibə və insan qırğınlarına həsr edilib. Belə olanda təbii ki, inkişaf prosesi dayanır.
- Görünür, İran da bölgədə sülhə nail olmaq istəyir...
- İranla bağlı gərginlik aradan qaldırılsa, bu ölkəmizin maraqlarına uyğundur. Əgər doğrudan da, uzun müddətdir gərgin xarakter daşıyan İran-Qərb münasibətlərində qaydaya düşəcəksə, bu, Həsən Ruhaninin və Barak Obamanın diplomatik uğuru kimi tarixə yazılacaq. Həsən Ruhaninin üzərinə düşən tarixi bir borc da var. Bu da İranda yaşayan Azərbaycan türklərinin sıxışdırılmasına, soydaşlarımızın dilinin assimilyasiyasına son qoymaqdır. Əgər Ruhani türk dilini də fars dili ilə yanaşı dövlət dili kimi elan olunmasına nail olarsa, o, İran tarixinə ciddi islahatçı kimi düşə bilər. Hazırda Həsən Ruhaninin başlıca vəzifəsi İran-Qərb gərginliyini aradan qaldırdıqdan sonra daxildəki gərginliyi normal hala gətirmək, soydaşlarımızın hüquqlarının təmin etmək, azəri türkcəsinin dövlət dili səviyyəsinə qaldırmaqdır. Həsən Ruhaninin bunu edib-etməyəcəyini yaxın gələcəkdə görəcəyik.
Nemət